Ağacı kəsmə, kameraya düşürsən

Meşələrdə videokameraların qoyulması mənfi halları azaldacaq



Azərbaycanda artıq pilot layihə olaraq 5 rayonda - Şəki, Zaqatala, Oğuz, Qax, Qəbələ rayonlarında meşələrdə müşahidə kameraları quraşdırılıb. Bu iş növbəti ildə də davam etdiriləcək.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, kameraların hədəfi 1650 metrlik məsafədir və bu məsafədəki obyektləri aydın görmək mümkün olur: "Kameralar daha çox insan müdaxiləsinin olduğu ərazilərdə quraşdırılıb. 5 kamera 20 min hektar ərazini əhatə edir, əsasən giriş-çıxışı nəzarətdə saxlayır. Kameralar bizə yanğın hadisələri barədə də qısa zamanda məlumat almağa yardım edəcək. Kameralar Günəş batareyası ilə, onlayn qaydada, 24 saat ərzində fəaliyyət göstərir”.
Qanunsuz olaraq ağacların kəsilməsi, ekologiyaya ziyanların vurulması zaman-zaman rastlaşdığımız neqativ hallardandır. Maraqlıdır, kameraların quraşdırılması mövcud problemlərin həllində köməkçi olacaqmı?

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli "Şərq”ə açıqlamasında bildirib ki, meşələrə kameraların yerləşdirilməsi müəyyən mənada mənfi halların azalmasına şərait yaradacaq:

 "Lakin gərək daimi olaraq kimsə kameralara nəzarət etsin ki, meşədə qanunsuz hallar baş verən zaman müdaxilə etmək mümkün olsun. Ümumiyyətlə, son illərdə ağacların qanunsuz kəsilməsi azalıb. Çünki Azərbaycanın xeyli rayon və kəndlərinə artıq qaz xətti çəkilib. Ağaclar adətən qış vaxtı istiliyin təmin olunması üçün kəsilirdi. 

Regionların inkişafı, müəyyən qaz infrastrukturunun yaranması neqativ halların qarşısını alıb. Amma kameraların quraşdırılması bütövlükdə bu hadisələrə son qoya bilər. Bir şərtlə ki, kamera görüntülərinə mərkəzi olaraq nəzarət edilsin. Necə ki, paytaxtda müəyyən ərazilərdə kameralar quraşdırılıb və bir mərkəzdən idarə olunur. Həmçinin, bu sistemi meşələrdəki kameralara da tətbiq etmək olar”.

Yeganə Bayramova