Akif Nağını 60 illik yubileyi münasibəti ilə təbrik etdilər




Qarabağ Azadlıq Təşkilatının (QAT) İdarə Heyəti və Ağsaqqallar Şurası qurum sədri Akif Nağını 60 illik yubileyi münasibəti ilə təbrik edib !

Təbrikdə deyilir:

Çox hörmətli, Akif müəllim.

Ömrünüzün son 30 ili Azərbaycan tarixinin yeni bir dövrünə təsadüf edir. Bu tarix birbaşa Sizin də iştirakçısı olduğunuz xalq hərəkatının 1988-ci ildə başladığı mübarizə yolu uğurla nəticələndi. Xalqımız 70 illik müstəmləkə həyatına son qoydu və müstəqil Azərbaycana yenidən qovuşdu.
Bununla paralel olaraq işğalçı imperiyanın əldən vermək istəmədiyi Azərbaycanın Qarabağ torpaqlarında başladığı və hələ də sona çatmayan müharibə Sizin rəhbəri olduğunuz yeni bir hərəkatın, Qarabağ hərəkatının yaranmasına səbəb oldu.

Hörmətli, Akif müəllim

Həmin dövr Sizin pedaqoji fəaliyyətinizə, elmi uğurlarınıza, alimlik karyeranıza son qoyub, işğal olunmuş torpaqlarımızın azad olunması üçün mübarizəyə, ictimai fəaliyyətə başladığınız bir dövr oldu. Siz işğal faktı ilə barışmadınız və açıq mübarizəyə başladız. Qarabağ mitinqləri, beynəlxalq təşkilatlara qarşı etiraz aksiyaları, heç də Azərbaycanın maraqlarına cavab verməyən beynəlxalq tədbirlərə qarşı piketlər - bunların hamısnda Siz öndə oldunuz. Döyüldüz, əzildiniz, həbs edildiniz, ancaq bunların heç biri Sizi haqq yolundan çəkindirmədi. 

Əksinə, Sizi bu mübarizədə daha da sərtləşdirdi. Bu yolda Sizi sevənlər də oldu, sevməyənlər də. Hətta şübhə ilə yanaşanlarda. Zaman-zaman öz əməlinizlə haqq yolunda olduğunuzu sübut etdiniz, çox uğurlara imza atdınız. İllər öncə təməlini qoyduğunuz "Qarabağ dünən, bugün, sabah” məcmuəsi Sizin Şah əsərinizdir. Həmçinin "Qarabağ gündəliyi”, "Qarabağ müharibəsi” nəşrləri Qarabağşünaslığa olan töhfənizdir. Qarabağa dair yüzlərlə məqalənin müəllifi də Sizsiniz, xain düşmənin məkrli siyasətinə qarşı çıxan Sizsiniz, cəmiyyətimizdə xoşa gəlməyən hadisələrə münasibət bildirən Sizsiniz, gecəsini gündüzünə qatıb cavan ikən baş ağardan Sizsiniz, bir sözlə "Qarabağ” deyəndə başa düşülən Sizsiniz.

Çox hörmətli, Akif müəllim

Sizi 60 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, cansağlığı arzulayırıq. Tutduğunuz bu haqq yolunda böyük uğura imza atmağı uca tanrıdan diləyirik!
QAT İdarə Heyəti və Ağsaqqalar Şurası