Bütün meyvələri öz yetişdiyi dövrdə qəbul etmək lazımdır
Həkim: “Süni və vaxtından öncə yetişmiş meyvələrin qəbuluna meyl göstərmək lazım deyil”
Ekspert: "Mənim uşaqlıq yaş dövrlərimdə alça ən "alçaq” və əhəmiyyətsiz meyvə hesab olunurdu”
May ayı gələr-gəlməz bazarlarda alça satışını görürük. Bu meyvəni uşaqların sevdiyi, həmçinin baməzə insanların xoşladığı, ürək bulantısının "qənimi” adlandırsaq, yəqin ki, yanılmarıq. Çünki azyaşlıların və yetkin insanların alçaya xüsusi bir "simpatiyası” var. Bəlkə də bazarlarda alçanın bəzən digər meyvələrə nisbətən baha olması elə bu istəklə bağlıdır.
Azərbaycan da öz alçası ilə məşhurdur. Xüsusilə bölgələrimizdə alçanın ən böyük formasından tutmuş, ən kiçik formasınadək 30-a qədər növü mövcuddur. Ağacın meyvələri qida məhsulu olmaqla, xalq təbabətində də geniş istifadə olunur. Şərq təbabətində onu tonuslaşdırıcı və vitamin vasitəsi kimi qəbul edirdilər.
Yaşıl alça təbii antioksidantlarla zəngindir. Antioksidantlar orqanizmi cavanlaşdırır və artıq ziyanlı maddələrdən təmizləyir. Bu meyvə həmçinin C vitamini ilə olduqca zəngindir. C vitamini orqanizm üçün ən vacib olan vitaminlərdən biridir. Bu vitamin orqanizmdə gedən bir çox proseslərdə iştirak edir - immun sisteminin vəziyyətini yaxşılaşdırır, dəriyə müsbət təsir edir, orqanizmdə qocalma proseslərini ləngidir.
Alça eyni zamanda kalium və maqnezium elementləri ilə zəngindir. Bu iki element insanın ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da "Şərq”ə açıqlamasında alçanın insan orqanizminə heç bir ziyanı olmadığını dedi:
"İnsanların əksəriyyəti meyvənin kimyəvi tərkibinə fikir vermir. Çox az adam meyvənin kimyəvi tərkibini öyrənir, onun hansı vitaminlər və elementlərlə zəngin olmasını araşdırır. Digər insanlar isə meyvələri dad xüsusiyyətlərinə görə qəbul edirlər. Məsələn, elə tropik və ekzotik meyvələr var ki, onların qəbuluna heç alışmamışıq. Lakin öyrəşdiyimiz meyvələrə daha çox meyl edirik.
Alça da məhz öyrəşdiyimiz meyvələrdəndir. Dad xüsusiyyəti insanların xoşuna gəlir, ona görə də alçanı qəbul edənlər çoxdur. Təbii ki, istənilən meyvə faydalıdır. Bəzi turş meyvələr mədəsində problemi olan adamlara, çox şirin meyvələr isə şəkərli diabetdən əziyyət çəkənlərə ziyanlıdır. Amma onların da qəbul olunma qaydaları var. Bunlarla yanaşı, meyvələrin qəbulu vitamin və mikroelementlərin çatışmazlığı olan xəstəliklərdə çox önəmlidir. Meyvə-tərəvəz qəbulu xüsusilə yay fəslində faydalıdır. Ümumiyyətlə, insanlar hər meyvəni öz yetişdiyi dövrdə qəbul etsələr daha yaxşı olar. Süni və vaxtından öncə yetişmiş meyvələrin qəbuluna meyl göstərmək lazım deyil. Ökəmizdə alça yetişir, yəni genetik modifikasiya olunmuş meyvə deyil. Bu baxımdan onun qəbulu ancaq faydalıdır”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov alçaya tələbat çox olduğu üçün bazarda şişirdilmiş qiymətlərin mövcudluğunu dedi:
"Mənim uşaqlıq yaş dövrlərimdə alça ən "alçaq” və əhəmiyyətsiz meyvə hesab olunurdu. Çünki alça ağacı yeganə ağacdır ki, bütün şəraitdə və hər yerdə bitir, illər boyu qurumur, daim bar verir. Nədənsə zaman keçdikcə alçanın müxtəlif sortları əmələ gəldi və bu meyvəyə tələbat artdı. Xüsusilə qış aylarında alçanın kilosunun 500 manat olduğunu gördük. Nə etmək olar, azad bazar iqtisadiyyatıdır, liberal bazardır. Qış aylarında alçaya tələbatın olmasını hamilə qadınlar və xəstələr yaradır. Buna görə də bəzi hallarda alçanın anormal qiymətə satıldığının şahidi oluruq”.
Yeganə Bayramova