"Yeni qəbul qaydalarına görə, bir abituriyent fərqli qruplar üzrə imtahan ver biləcək”.
Bu sözləri "Sherg.az”a ali məktəblərə qəbul qaydalarına edilən dəyişikliklərdən danışarkən tanınmış təhsil eksperti Kamran Əsədov söyləyib.
O vurğulayıb ki, yeni qaydalara görə, abituriyentlər yaz və yay sessiyası olmaqla iki dəfdə qəbul imtahanlarında iştirak edəcəklər:
"Bundan sonra qəbul imtahanları mart-aprel, iyun-iyul aylarında baş tutacaq. İkinci yenilik V ixtisas qrupu üzrə edilib. Bu qrupa imtahan verən abituriyentlər qeydiyyatdan keçib, qrupu seçdikdən sonra iştirak etmək istədikləri qabiliyyət imtahanını seçirdilər. Yeni qaydalara görə, həmin şəxslər yetərli bal topladıqdan sonra qabiliyyət imtahanlarını seçirlər. Məsələn, 6 min nəfər bədən tərbiyə institutunu seçir, 1500 nəfər keçid balını toplaya bilmir. Nəticədə statistik göstəricilərdə ziddiyyət ortaya çıxır. Ona görə, bu dəyişiklik müsbətdir.
Buna qədər abituriyentlər ali məktəblərə yalnız seçdiyi qrupdan iki dəfə imtahan verirdilər. Amma bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalarda belə deyil. Bir abituriyent yaz sessiyasında III qrupdan imtahan veribsə, yay sessiyasında qrupunu dəyişə bilər. Bu əslində yaxşı haldır, amma effektiv olmayacaq. Uzun müddət bir qrupun fənləri üzrə hazırlaşan abituriyentin başqa qrupa imtahan verməsi çətin məsələdir. Məsələn, I qrupa hazırlaşan şəxs III qrupa imtahan verməz”.
K.Əsədov abituriyentlərə bu cür şərait yaradılmasının səbəblərini də izah edib:
"Son illərdə ali məktəblərə sənəd verənlərin sayında azalma baş verib. Məsələn, 2010-cu ildə sənəd verənlərin sayı 110 min idisə, 2017-ci ildə bu rəqəm 80 min oldu. Daha çox abituriyent keçid balını toplaya bilmədiyi üçün yerlər boş qalır. Çox abituriyent isə xarici universitetlərə üz tuturdu. Bütün bunların qarşısını almaq, keçid balını toplayan abituriyentlərin sayında artımla rəqabət mühitini formalaşdırmaq məqsədi güdülür”.
Qeyd edək ki, Nazirlər Kabineti Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən, 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda müəyyən dəyişikliklər edib. Qəbul qaydalarında edilmiş əsas dəyişiklik ondan ibarətdir ki, qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək və abituriyent hər sessiyada I-IV ixtisas qruplarından biri üzrə imtahanda iştirak edə biləcək.
Aysel Aslan