Almaniya həmsədr ola bilərmi? – Rəsmi Berlin Qarabağ münaqişəsinin həllində maraqlıdır




"Almaniya kansleri Angela Merkelin Azərbaycana üç günlük səfəri tarixi səfər kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidenti İlham Əliyev də kanslerin ölkəmizə gəlişini məhz bu cür qiymətləndirdi”.

Bunu "sherg.az”a millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Almaniya-Azərbaycan əlaqələrini dəyərləndirən deputat bildirib ki, kanslerin səfəri çərçivəsində Azərbaycanın Almaniya və Avropa İttifaqı ilə əlaqələri diqqət mərkəzində saxlanılıb: "Xüsusilə də regional təhlükəsizlik məsələləri və bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ətrafında ciddi müzakirələr aparılıb. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, ATƏT-in Minsk Qrupunun 1992-ci ildən üzü bəri 26 illik fəaliyyəti heç bir real nəticə verməyib. Həmsədrlik institu münaqişənin həlli ilə bağlı keyfiyyət dəyişikliyini təmin edə bilməyib. Əslində həmsədrlər arasında Avropanın lokomotivlərindən sayılan Fransa da var. Lakin bunun nəticəsi yoxdur. Almaniya da Avropanın nəhəng dövləti sayılır. Avropada alman iqtisadiyyatına bərabər ikinci iqtisadiyyat yoxdur. Qitədə ilk yeri, dünyada isə dördüncü yeri məhz bu ölkə tutur. Almaniya 3,7 trilyon dollarlıq Ümumi Daxili Məhsula malikdir. Belə olan təqdirdə münaqişənin tənzimlənməsində sadəcə Minsk Qrupunun üzvü kimi deyil, daha fəal statusda iştirak etməsi prosesə dinamizm gətirə bilər”.

E.Nəsirovun sözlərinə görə, Fransanın 1990-cı illərin ortalarından prosesdə həmsədr kimi iştirak etdiyini nəzərə alsaq, o zaman mövcud formatın dəyişdirilməsinə ciddi ehtiyac yarandığını görərik:

"Yeni formata Almaniyanın cəlb edilməsi müsbət nəticə verə bilər. Münaqişənin həllinə o dövlətlər təsir edə bilər ki, onlar problemin çözülməsində maraqlı olsunlar. Almaniyanın bir üstünlüyü də var ki, orada erməni diasporası güclü deyil. Əksinə, türk lobbisi daha güclüdür. Təsadüfi deyil ki, hələ ötən əsrin 90-cı illərində, həmsədrlik institunun yaradılması ilə bağlı müzakirələr gedəndə Azərbaycan Almaniyanın seçilməsində maraqlı idi. Lakin, Ermənistan konsensus prinsipindən istifadə edərək buna mane oldu. O zaman ümumi kompramis əsasında Rusiya, ABŞ və Fransanın həmsədrliyi təsis edildi. Hesab edirəm ki, bu ideyaya yenidən qayıtmaq pis olmazdı. Xanım Angela Merkel də bəyan etdi ki, Almaniya münaqişənin tənzimlənməsi prosesinə fəal dəstək verməyə hazırdır. Bu fəal dəstək daha yüksək statusla təmin edilər bilər”.

Qeyd edək ki, Azərbaycana səfər edən Almaniya kansleri Angela Merkel Dağlıq Qarabağ münaqişəsinin həllindən söz açıb. Merkel bildirib ki, Almaniya Qarabağ münaqişəsinin həllinə dəstək olmaq istəyir: "Biz regiona çox mane olan məsələ barədə danışacağıq. Bu da Dağlıq Qarabağ münaqişəsidir. Almaniya tərəfindən bu münaqişənin həllinə dəstək olmaq istərdik”.

İsmayıl