Almaniya kəşfiyyatının ikinci adamı türk oldu

Bu məqam göstərir ki, artıq türk icması da alman cəmiyyətinin bir hissəsi sayılır
Almaniyada türklər uzun müddət taksi sürücüsü kimi fəaliyyət göstəriblər. Lakin artıq bu tendensiya dəyişməkdədir

Almaniya daxili kəşfiyyatına cavabdeh olan Almaniya Konstitusiyasının Qorunması üzrə Federal Xidmətinin rəhbərinin müavini postuna türk əsilli Sinan Selen təyin olunub. Türkiyə KİV-lərinin məlumatına görə, Sinan Selen rəsmən səlahiyyətlərini icra etməyə başlayıb. Bununla da o, Almaniyada daxili kəşfiyyatın iki nömrəli postuna təyin olunan ilk qeyri-alman olub. Qeyd edək ki, daha əvvəl BFV rəhbəri olan Qeorq Maassen qaçqınlarla bağlı yaşanan hadisələrə yönəlik açıqlamalarına görə tutduğu vəzifədən azad edilmişdi. 

Məlumdur ki, Almaniya türklərin ən çox yaşadığı və çalışdığı mühüm Avropa ölkəsidir. Təəssüflər olsun ki, zaman-zaman Almaniyadakı türklər irqçi və şovinist siyasilərin, qruplaşmaların təzyiqlərinə məruz qalıblar, müsəlman-türk milləti kimi ikinci dərəcəli görülüblər. Ona görə də türklərin Almaniyadakı proseslərdə daha yaxından iştirak etməsi, ölkənin siyasi həyatında aktiv rol oynaması, cəmiyyətə adaptasiya olması məsələsi hər zaman gündəmdə olub. Ancaq hesab edilir ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra türklərin Avropa ölkələrindəki mövqeyi nisbətən yüksəlib. Sinan Selenin vəzifəyə təyinatı da bunun göstəricisidir.

Təyinatla bağlı "Şərq”ə danışan politoloq Əhəd Məmmədli türk əsilli Sinan Selenin Almaniya Konstitusiyasının Qorunması üzrə Federal Xidmətinin rəhbərinin müavini postuna təyin olunmasını çox təqdirəlayiq hal hesab edib:

 "Nəzərə alaq ki, alman daxili kəşfiyyatı tarixində ilk dəfə bir türk bu cür strateji vəzifəyə təyin edilib. Bu məqam göstərir ki, artıq türk icması da alman cəmiyyətinin bir hissəsi sayılır. Almaniyada türklər uzun müddət taksi sürücüsü kimi fəaliyyət göstəriblər. 

Lakin artıq bu tendensiya dəyişməkdədir. Etiraf etmək lazımdır ki, AKP iqtidarının Avropadakı türklərə müsbət təsiri çox olub. Yəni Avropa ölkələri türk vətəndaşlarının arxasında güclü və söz sahibi Türkiyənin durduğunu görüb. Ona görə də türklər siyasi proseslərdə aktivləşiblər”.

İsmayıl