Ana telefonla, bala da “od”la oynayır - Faciə

“Bəzən araşdıranda görürsən ki, uşağın başsız qalmasının səbəbi ananın telefonla oynamasıdır"
Ağdaşda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. Hadisə rayonun Nemətabad kəndində qeydə alınıb. 3yaşlı uşaq yaşadığı evin həyətindəki su quyusuna düşərək dünyasını dəyişib.
Bəzən bu cür hallarda valideyn məsuliyyətsizliyi önə çəkilir. Uşağın ölümündə xüsusilə ananı günahkar hesab edirlər. Dəfələrlə təsdiqlənib ki, bu cür bədbəxt hadisələr valideyn diqqətsizliyi səbəbindən baş verir.
Məsələni dəyərləndirən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Sherg.az” açıqlamasında deyib ki, uşaqların xəsarət alması və yaxud ölməsi ilə bağlı bütün hadisələri ananın məsuliyyətsizliyi adlandırmaq düzgün deyil:
"Əlbəttə, valideylərin məsuliyyəti çox olmalıdır. Mən də ana eyni zamanda nənəyəm. Bəzən belə hallarla bağlı yaşadığım stresslər olub. Yadıma düşəndə fikriləşirəm ki, allah qorudu.
Ümumiyyətlə, Azərbaycanda mürəkkəb ailə tipi daha çox üstünlük təşkil edir. Əgər ananın başı qarışırsa, işdə olursa və uşağa ikinci dərəcəli şəxslər nəzarət edirsə, məncə, onlar da məsuliyyətli olmalıdırlar. Belə məqamları bədbəxt hadisə kimi qiymətləndirsəm də, burada valideyn məsuliyyətinin də artırılması önəmlidir.
Bu gün uşaqların baxımsız qalmağındansa, kollektiv müəssisələrdə olmasına böyük ehtiyac var. İstər kənd, istər şəhər olsun, əgər bu gün ana məşğuldursa, yəni işləyirsə, xüsusi mərkəzlərin olması vacibdir”.
K.Ağazadə azyaşlıların ölümü ilə bağlı valideyn məsuliyyətsizliyinin də olduğunu istisna etmir:
"Bəzən araşdıranda görürsən ki, uşağın başsız qalmasının səbəbi ananın telefonla oynamasıdır. Belə hadisələr çox olur. Amma işləyən valideynlərin, xüsusilə anaların üzərinə bu qədər yükü qoymaq və kənarda durub "canı çıxaydı uşağına baxardı” demək də düzgün deyil. Əgər uşaqlar üçün xüsusi müəssisələr yaradılsa, belə hadisələrin də qarşısı alınar.
Yadınızdadırsa bir neçə il bundan öncə də böyük bir faciə baş verdi. İstirahət mərkəzlərinin birində uşaq hovuzda nasosun içinə düşdü və parça-parça oldu. 
Bəs, bu kimin məsuliyyəti idi? Orada texniki qaydalara riayət edilməmişdi deyə bədbəxt hadisə yaşandı. Bu faciələr anidən baş verə bilir. Belə hadisələrin qarşısı alınmalıdır. Uşağın əlinin altında texniki avadanlıqlar qoymaq olmaz. Valideynlər belə məqamlarda diqqətli olmalıdırlar”.
Yeganə Bayramova