ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatında keçiriləcək G20 sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşməyi planlaşdırdığını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Jurnalistlər ABŞ liderindən ilin sonunda keçiriləcək G20 sammiti çərçivəsində Meloni ilə görüşüb-görüşməyəcəyini soruşublar.
“Onunla çox yaxşı münasibətlərim var. Yəqin ki, G20 çərçivəsində görüşəcəyik”, – Tramp bildirib.
Qeyd edək ki, iyun ayında Tramp və Meloni arasında qarşılıqlı sərt açıqlamalar səsləndirilib.
ABŞ Prezidenti İtaliyanın Baş nazirini nankorluqda və G7 sammitində birlikdə çəkdirdikləri foto vasitəsilə siyasi reytinqini artırmağa çalışmaqda ittiham edib.
Meloni isə cavabında Trampa öz populyarlığı barədə düşünməyi tövsiyə edib. İtaliya hökumətinin başçısı Ağ Ev rəhbəri ilə dostluğunun onun siyasi nüfuzuna müsbət təsir göstərmədiyini də vurğulayıb.
Bundan əvvəl Meloni Roma Papası XIV Leonu müdafiə edərək Trampın onun barəsində səsləndirdiyi fikirləri qəbuledilməz adlandırıb.
Tramp isə İtaliyanı digər Avropa tərəfdaşları kimi ABŞ-nin İrana qarşı hərbi əməliyyatına dəstək vermək istəməməkdə ittiham edir.