Bunu ancaq həkimlərin üzərinə atmaq, ya da pasiyentləri günahlandırmaq olmaz
Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınan ana və körpə ölümünün ilkin səbəbləri açıqlanıb.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova "Report”a açıqlamasında bildirib ki, 38 yaşlı Sumqayıt sakini Gülnarə Əkbərova üçüncü övladını dünyaya gətirmək üçün xəstəxanaya gəlib.
Onun sözlərinə görə, G.Əkbərova Sumqayıt şəhərindəki 3 saylı Qadın Məsləhətxanasında antonatal qeydiyyatda olub: "Bu onun 18 ildən sonra 3-cü hamiləliyi olub. Bu yaş da onun üçüncü hamiləliyi üçün ciddi təhlükə yaradıb. Evdə iki övladı da olub. O, Doğum evinə müraciət edən zaman artıq doğuş olub. Körpənin ürək döyüntüləri tək-tək olduğu üçün doğuşdan qısa zaman sonra tələf olub. Anada isə uşaqlığın yığılma qabiliyyəti pozularaq qanaxma başlayıb. Qan köçürülmə olsa da, onun həyatını xilas etmək mümkün olmayıb”.
S.Məmmədova deyib ki, ana və uşaq ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Mərkəzinin yekun rəyindən sonra məlum olacaq: "Çünki ola bilsin ki, qadının hansısa xəstəliyi olub və hamiləlik zamanı aparılan müalicələr müsbət nəticə verməyib”.
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Mərkəzindən "Report”a verilən məlumata görə, meyit artıq müayinə olunub və nəticələr 10 gündən sonra məlum olacaq.
Azərbaycan Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında ana və körpə ölümlərinin səbəblərinə bir neçə tərəfdən yanaşılmasını vacib saydığını bildirdi:
- Ana və uşaq ölümlərinə birmənalı yanaşmaq mümkün deyil. Bunu ya ancaq həkimlərin üzərinə atmaq, ya da pasiyentləri günahlandırmaq olmaz. Ana və körpə ölümləri bir neçə faktorla bağlıdır. Qərb təbabətində hər şey protokola bağlıdır. Həkimə müraciət etmiş hər bir pasiyentlə bağlı kliniki protokol tərtib edilir. Hər kəs də bu şərtləri gözləyir. Kliniki protokollar üzrə iş aparmaq artıq sınaqdan çıxmış və dünya tibb məktəblərinin qəbul etdiyi üsuldur. Bizdə hamilə qadınlar bəzən heç uçota da dayanmır, vaxtlı-vaxtında həkim müayinəsindən keçmir, hamiləliyin hansı patologiya ilə müşayiət olunduğunu bilmirlər. Azərbaycanda hamiləlik 90 faiz patologiya ilə keçir.
Bura fiziki, bioloji göstəricilərlə yanaşı, müxtəlif infeksiyalar, qadının uşaq yaşlarında, gənc yaşlarında keçirdiyi xəstəliklər də təsir edir. Hamilə qadının bətninə ən müxtəlif səbəblərdən infeksiya düşə bilər. Patologiyalar da növlərə ayrılır. Çanaq ölçülərindən tutmuş, uşaqlığın quruluşu, tonus, təzyiq, uşaqlıqdaxili suyun vəziyyəti və sair şərtlərədək. Qadın hamiləliyin ilk günündən qeydiyyata alınmalı və mütəmadi yoxlamalardan keçirilməlidir. Bütün göstəricilir də kliniki protokollarda qeyd edilməlidir ki, doğuş prosesində həkimlər onlara müvafiq qərar versinlər. Kliniki protokollar tərtib olunmadığı üçün, həmçinin bəzi hallarda diaqnostikada yol verilən səhvlər ucbatından anaları və körpələri itiririk. Səhiyyə Nazirliyi səbəbləri ümumiləşdirməlidir ki, tələfatların kökündə nəyin dayandığı məlum olsun. Biz köklü səbəbləri araşdırıb tapmasaq, tələfatlar davam edəcək.
Konkret hallarda bilinməlidir ki, pasiyent harada, hansı həkimə müraciət edib, konsultasiyadan keçibmi, ona hamiləliklə əlaqəli nələr deyilib, xəbərdarlıq edilibmi, lazımi müayinələr aparılıbmı? Bunlar müəyyənləşmədən günahkarı tapmaq mümkün olmayacaq. Həkim deyəcək ki, xəbərdar etmişdim, vəfat edənin yaxınları isə həkimi qınayacaq. Amma kliniki protokollar olsa və pasiyentin sağlamlığına dair detallar qeyd edilmiş olsa, ölümün hansı səbəblərdən baş verdiyi bilinər.
Məlahət Rzayeva