Ankara Moskva ilə anlaşdı

Rusiya-Türkiyə rəsmiləri arasında baş tutan görüşlərin əsas mahiyyəti Suriya böhranı ilə bağlıdır
11 il aradan sonra Türkiyəyə səfər edən Rusiya ordusunun baş qərargah rəisi Valeri Gerasimov həmkarı Hulusi Akarla görüşüb. Qərargah rəislərinin görüşündə Suriyadakı böhranın həlli yolları və ümumi hərbi əməkdaşlıq məsələləri masaya yatırılıb. Rusiya mediasının açıqlamasına görə uzun müddət sonra reallaşan səfər Moskvanın Türkiyəyə olan inamının və Ankaranın bölgədə güclü dövlətə çevrilməsinə olan hörmətinin göstəricisidir.
Deyilənə görə, qərargah rəislərinin görüşü ilə bağlı "G-20” sammitində Rusiya Prezidenti Vladimir Putin və həmkarı Rəcəb Tayyib Ərdoğan razılığa gəliblər. Türkiyə mətbuatı da görüşə böyük diqqət ayırıb. Verilən açıqlamalara görə, müzakirələrin əsasını Türkiyə və Rusiyanın iştirakı ilə Suriyada qurulan üçlü mexanizm təşkil edib. Tərəflər Suriyada keçirilən hərbi əməliyyatlarda birgə koordinasiyanın hazırlanmasını vacib hesab ediblər. Dünyanın diqqət mərkəzində olan görüşlə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Rusiya-Türkiyə rəsmiləri arasında baş tutan görüşlərin əsas mahiyyəti Suriya böhranı ilə bağlıdır. Çünki hər iki ölkənin hərbi gücləri Suriyada fəal mübarizə aparır: "Bölgədə yeni insidentlərin yaşanmaması üçün Rusiya-Türkiyə dövlətlərinin biri-biri ilə dil tapması, mümkün olduğu qədər sıx əlaqə qurması zəruridir. Artıq Rusiya-Türkiyə arasında bu istiqamətdə işgüzar platforma yaradılıb. Gerasimovun Türkiyəyə səfəri işgüzar çərçivədədir. Yəni görüşdə bir çox mühüm məsələlər müzakirə olunsa da, hansısa rəsmi sənəd imzalanmayıb. Ancaq səfər gələcəkdə əhəmiyyətli dövlət sənədlərinin, hərbi anlaşmaların imzalanmasına şərait yaradacaq”. İ.Vəlizadə bildirib ki, iki ölkə arasında hərbi əməkdaşlıq məsələsi çox mühümdür. Ancaq nəzərə almaq lazımdır ki, Türkiyə NATO ölkəsi, Rusiya isə KTMT-nin aparıcı gücüdür: "Bu səbəbdən tərəflər arasında hərbi əməkdaşlıq müəyyən çərçivələrlə məhdudlaşır. Lakin hər iki ölkə hərbi sənaye kompleksi ilə bağlı birgə çalışa bilərlər. Türkiyə xüsusi olaraq bu əməkdaşlıqda maraqlıdır və qarşısına
məqsəd qoyub ki, 2023-cü ilə qədər öz hərbi təyyarəsini istehsal etsin. Rusiya hərbi texnika istehsalı ilə bağlı böyük təcrübəyə malikdir. Eyni zamanda mümkündür ki, Rusiya silahlı gücləri türk ordusu ilə bərabər Suriyadakı anti-terror əməliyyatlarına da qoşulsun. Ən azından Moskva əməliyyatlara təşkilati dəstək verəcək. Bunun müqabilində isə Rusiya Yaxın Şərqin digər bölgələrində rəsmi Ankaradan tam dəstək alacaq”.
İsmayıl