ABŞ silah yardımını kəsərsə, Türkiyə terrorun kökünü kəsə bilər
Xəbər verdiyimiz kimi, Türkiyənin Batman bölgəsində terrorçu PKK-nın yol kənarında yerləşdirilmiş partladıcını işə salması nəticəsində ərazidən keçən hərbi maşındakı 7 türk əsgəri şəhid olub. Baş verən terror hadisəsindən danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhidlərin və qazilərin qanının yerdə qalmayacağını deyib: "Batmanda şəhid olan 7 hərbçimizi mütləq anmalıyam. Bu hadisələr düşmənə nifrətimizi daha da artırır. Terrora qarşı mübarizəmizi güclü şəkildə davam etdirəcəyik və onların qanını əsla yerdə buraxmayacağıq”. PKK-nın türk əsgərlərinə hücum etməsi Türkiyənin müttəfiqləri tərəfindən pislənilib. ABŞ-ın Türkiyədəki səfirliyindən yayılan informasiyada deyilib ki, Vaşinqton Batmanda baş verən hücumu şiddətlə qınayır, dünyasını dəyişənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir: "PKK terrorçuları hücumlara son verməlidir. Terrorla mübarizədə müttəfiqimiz Türkiyənin yanındayıq”.
Qardaş ölkədə baş vermiş terror hadisəsini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ABŞ-ın terrorla bağlı mesajı Türkiyə böhranı fonunda Vaşinqtonun Ankara ilə əlaqələrinin bərpa edilməsi istiqamətində atılan addımdır. Lakin ekspertin sözlərinə görə, Vaşinqton PKK-nı terror təşkilatı kimi tanısa da, onun Suriya qolu olan YPG-ni terrorçu kimi qəbul etmir. Hətta bu terror təşkilatına tonlarla silah-sursat göndərir, siyasi dəstək verir.
Rəsmi Ankara, məhz bu kimi amillərə görə, ABŞ-a iradlarını bildirir, müttəfiq əlaqələrə zərbə vuran YPG-ni dəstəkləməməsini tələb edir. Amerika isə Türkiyənin siyasi iradəsinə zidd olaraq, bu terror təşkilatına bütün spektrlər üzrə dəstək verir. Ağ Evin bu planı Suriyada yeni kürd muxtariyyəti yaratmaq və gələcək perspektivdə Şimali İraq Kürd Muxtariyyəti ilə birləşdirərək yeni "Kürd Dövləti” yaratmaqdır. Ona görə də Türkiyənin təzyiqlərinə rəğmən, Suriyada YPG-ni silahlandırır. Demək olar ki, ABŞ-la Türkiyə müttəfiq əlaqələri zədələnib, tərəflər yalnız NATO çərçivəsində kağız üzərində müttəfiqdir. Bir terror təşkilatı Türkiyəyə hücum edirsə, ABŞ müttəfiq olaraq həmin terror təşkilatını silahlandırırsa, hansı tərəfdaşlıqdan söhbət gedə bilər?!”
Analitik bildirib ki, hazırda PKK-nın əlində ABŞ-ın YPG-yə verdiyi müasir tankvuran raketlər, havadan müdafiə sistemləri və 120 mm. artilleriya silahları ilə yanaşı, müxtəlif çaplı atıcı silahlar var: "Deməli, Vaşinqton hazırkı mərhələdə PKK terror təşkilatını YPG vasitəsi ilə silahlandırmaqla NATO müttəfiqini zəiflətməyə çalışır. Əvvəllər, ABŞ PKK-ya qarşı mübarizədə Türkiyəyə kəşfiyyat məlumatları ötürürdü. Hazırda isə, bu kəşfiyyat məlumatları verilmir. Çünki, Suriyada YPG və PKK koordinasiyalı fəaliyyət göstərir. Kəşfiyyat məlumatlarının ötürülməsi isə, YPG-nin deşifrəsi deməkdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada Fəratın Şərqində hərbi əməliyyatlar keçirəcəyi anonsunu verib. Bu ərazilər YPG-nin nəzarətindədir. ABŞ çalışacaq ki, dəstəklədiyi kürd terrorçularını bu ərazilərdən çıxarmaqla,Türkiyənin hücumundan qorusun. Türkiyə PKK və YPG-yə qarşı həm daxildə, həm də İraq və Suriyada anti-terror əməliyyatları həyata keçirir. Türkiyəni bu anti-terror əməliyyatlarında NATO müttəfiqləri dəstəkləmir. Göründüyü kimi, Ankara uğurlu hərbi əməliyyatlarla İraqda, Suriyada terrorçuları ciddi şəkildə zəiflədir. ABŞ silah yardımını kəsərsə, Türkiyə terrorun kökünü kəsə bilər”.
İsmayıl