Moskvada keçiriləcək Türkiyə, Rusiya, İran danışıqlarının nəticəsi uğurlu alına bilərMoskvada keçiriləcək Türkiyə, Rusiya, İran danışıqlarının nəticəsi uğurlu alına bilər
Türkiyə, Rusiya və İran Suriya münaqişəsinin həlli yollarını müzakirə etmək üçün dekabrın 27-də Moskvada bir araya gələcəklər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib. Nazir bildirib ki, məqsəd bütün Suriya ərazisində atəşkəsə nail olmaq və münaqişənin siyasi yolla həlli üçün danışıqlara başlamaqdır. Rus telekanalına açıqlama verən Bəşər Əsəd isə Rusiya və İranla birgə plan hazırlandığını deyib.
Əsəd vurğulayıb ki, Hələb təhlükəsiz vəziyyətə gətirildikdən sonra yeni plan açıqlanacaq. Suriya "prezidenti” Qərb dövlətlərini kəskin şəkildə tənqid edərək onları terrorçulara dəstək verməkdə ittiham edib. Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Təhlükəsizlik Şurasının iclasını çağırıb. Şurada İraq və Suriyadakı mövcud vəziyyət müzakirə olunacaq. Ərdoğanın Putinlə telefon danışığından sonra nazirləri toplaması İraq və Suriyadakı vəziyyətin ciddiliyindən xəbər verir.
Bölgədə cərəyan edən proseslərlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri deyib ki, Suriyada müxtəlif ölkələrin geosiyasi maraqlarını təmin edən radikal terrorçu qüvvələr var. Amma buna paralel olaraq Əsəd rejiminə müxalifət edən vətənpərvər suriyalı oğullar da az deyil:
"Suriya müxalifləri ölkələrinin xoşbəxt gələcəyi uğrunda ciddi mübarizə aparırlar. Türkiyənin həmin qüvvələrlə danışıb anlaşması rahatdır. Ancaq regionda sırf dağıdıcı və tormozlayıcı məqsədlə fəaliyyət göstərən xeyli sayda qruplaşmalar mövcuddur. Hələb hadisəsində Rusiya və Türkiyə anlaşması əldə olunsa da, ortada İran fitnə-fəsadının olduğu danılmazdır. İran şiə milislərinin təxribatçı hərəkətləri nəticəsində günahsız sivillərin Hələbdən təhlükəsiz çıxması mümkün olmur. İki gün ərzində iranlı qaniçənlər onlarla suriyalını öldürüblər. Bu da onu göstərir ki, İran Yaxın Şərqdə dağıdıcı missiya daşıyır. Rəsmi Tehran bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün dəridən-qabıqdan çıxır”.
Siyasi şərhçi bildirib ki, ABŞ Suriyada atəşkəsin təmin olunması üçün əlini daşın altına qoymur:
"Bir tərəfdən atəşkəsdən danışırlar, digər yandan isə kürd terrorçuları silahlandırırlar. Bu isə o deməkdir ki, regionda müharibə hələ davam edəcək. Əslində ABŞ-ın bu cür davranışı Rusiya-Türkiyə yaxınlaşmasına qarşı atılmış bir addım kimi dəyərləndirilməlidir. Çünki Rusiya artıq anlayır ki, Suriya məsələsində Türkiyə ilə anlaşmaq ABŞ-la dil tapmaqdan daha asandır. Türkiyənin Əsəd rejiminə qarşı döyüşən müxalif güclər üzərində təsiri çox böyükdür. Bu mənada Moskvada baş tutacaq Türkiyə, Rusiya və İran üçlü danışıqları müsbət nəticələrə gətirib çıxara bilər. Görünən odur ki, artıq nəinki bölgədə, ümumiyyətlə dünyada heç bir münaqişəni Türkiyəsiz həll etmək mümkün olmayacaq. Hətta ABŞ bu prosesə öz ağırlığını qoysa belə, Ankaranı kənarda saxlamaq imkansız olacaq. Düşünürəm ki, Moskvada üçlü görüşün reallaşması və əldə olunan hansısa razılaşmadan sonra ABŞ-la anlaşmaq daha məqsədəuyğun olacaq. Donald Tramp özü də bəyan edib ki, o, Suriya məsələsində əməkdaşlıq siyasətinə üstünlük verəcək”.
İsmayıl