Ermənistana keçən azərbaycanlı hərbçiyə qarşı ittihamlar ağırlaşdırıla bilər - Erməni hüquqşünas

Ermənistanın Sünik vilayətində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayevə qarşı irəli sürülən ittihamlar hüquqi qiymətləndirmənin nəticələrinə əsasən genişləndirilə və ya yenidən tövsif edilə bilər.

Sherg.az xəbər verir ki, bunu hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent David Tumasyan açıqlamasında bildirib.

Məlumata görə, Musayevə qarşı Ermənistan Cinayət Məcəlləsinin beş maddəsi üzrə cinayət təqibi başlanıb. Bunlara dövlət sərhədini qanunsuz keçmə, odlu silahın qanunsuz dövriyyəsi və daşınması, mənzil toxunulmazlığının pozulması, habelə ağırlaşdırıcı hallarda insan həyatı, sağlamlığı və azadlığı əleyhinə cinayətlər daxildir.

Hüquqşünas hesab edir ki, araşdırma zamanı qadınla yanaşı, uşaqlara atəş açılması ilə bağlı hallar da araşdırılmalıdır. Onun sözlərinə görə, uşaqları öldürmək məqsədilə atəş açıldığı sübuta yetirilərsə, əməl ağırlaşdırıcı hallarda adam öldürməyə cəhd kimi qiymətləndirilə bilər.

Tumasyanın fikrincə, hərbçinin evdə yemək yeməsi və ev sahiblərinə məxsus əşyalardan istifadə etməsi də hüquqi baxımdan oğurluq kimi qiymətləndirilə bilər.

Hüquqşünas həmçinin Musayevin sərhədi, məsələn, əlverişsiz hava şəraiti səbəbindən bilmədən keçmiş ola biləcəyini istisna etməyib. Lakin onun sözlərinə görə, sərhədi keçdikdən sonra hərbçinin başqa dövlətin ərazisində olduğunu anlayıb-anlamadığı və sonrakı hərəkətləri istintaq tərəfindən müəyyənləşdirilməlidir.

Qeyd edək ki, oktyabrın 1-də azərbaycanlı hərbçinin Ermənistanın Sünik vilayətinin Şaki kəndinə daxil olduğu bildirilib. Məlumata görə, o, evlərdən birində gecələyib və daha sonra ev sahibi 39 yaşlı Ani Avetisyana atəş açıb. Hadisə zamanı qadın və onun 15 yaşlı oğlu yaralanıb.

Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Azərbaycanda isə hərbçi barəsində fərarilik ittihamı ilə cinayət işi başlanıb.