Antirusiya dalğası Paşinyanı bitirəcək
Küçə hakimiyyətinin formalaşmasından sonra Moskva-İrəvan əlaqələri ciddi şəkildə zədələnib
Rusiyalı jurnalist Sergey Dorenko ilə Ermənistanın Rusiyadakı səfirliyi arasında gərginlik davam etməkdədir. Məlumdur ki, rus jurnalist Ermənistanın baş naziri Nikol Paşinyan barədə haqlı olaraq tənqidi fikirlər səsləndirib. Dorenko Paşinyanı səriştəsiz və qeyri-müəyyən siyasət yeritməkdə, cinsi azlıqları dəstəkləməkdə günahlandırıb. Ermənistanın Rusiyadakı səfirliyi isə jurnalisti Paşinyan haqqında "heç bir əxlaq çərçivəsinə sığmayan” ifadələr işlətməkdə ittiham edib. Tərəflərin qarşılıqlı söz atışması son günlərdə onsuz da gərginləşən münasibətləri bir qədər də mürəkkəbləşdirib. Ümumiyyətlə, Paşinyanın hakimiyyətə gəlişindən sonra Moskva-İrəvan əlaqələri ciddi şəkildə zədələnib. Ekspertlərə görə, vəziyyət bu cür davam edərsə, yaxın müddətdə Kreml Paşinyan hökumətinə sərt xəbərdarlıq edəcək və mümkün təzyiqləri işə salacaq.
Məsələni "Şərq”ə dəyərləndirən millət vəkili Aydın Mirzəzadə deyib ki, Dorenkonun dedikləri sadəcə ştrixdir. Son dövrlərdə nəinki Rusiya elitasında, eyni zamanda hökumət orqanlarında da Ermənistanla bağlı obyektiv mövqelər səslənir:
"Ermənistan rəhbərliyi və elitası uzun müddət Rusiyaya loyallığını, sevgisini süni surətdə göstərməyə çalışıb. Bu səbəbdən Rusiya erməni cəmiyyətini özünün yaxın müttəfiqi, heç vaxt onu satmayacaq bir toplum kimi görüb. Məsələ ondadır ki, Ermənistan cəmiyyətində hər zaman daha varlı ağa axtarışı olub. Çar dövründə, sovet zamanında və 1991-ci ildən sonra Rusiya Ermənistana xüsusi qayğı göstərib. Amma bu amil Ermənistan üçün çox azdır. Ermənistan bu gün Rusiyadan daha varlı və güclü olan ABŞ-ı, Avropanı özünə yeni ağa etməyə çalışır. İrəvan üçün əhəmiyyəti yoxdur ki, uzun dövr Rusiya buna böyük yardımlar edib. Halbuki, bu toplum məhz Rusiyanın sayəsində Qafqaza yerləşdirilib. Moskva ermənilər üçün süni dövlət yaradıb, hakim dairələrdə onlara daim yer verib. Ancaq ermənilər bu qədər yaxşılığı anidən unutmağa hazırdırlar”.
A.Mirzəzadənin fikrincə, Paşinyan siyasətinin ABŞ-a yönəlməsi avtomatik olaraq onların ermənilərə maddi yardım göstərməsi anlamına gəlmir:
"İrəvan hökuməti yanlış düşüncə içindədir. Aydın məsələdir ki, Ermənistanda gedən anti-Rusiya prosesinə ciddi reaksiya olmalıdır. Axır ki, Moskvada ermənilərin əsl simasını görməyə başladılar. Artıq rus cəmiyyətinin ermənilərlə bağlı gözü açılıb. Kreml indi bilir ki, erməni millətində sədaqət yoxdur. Onlar istənilən vaxt dost dedikləri adamı dəyişməyə hazırdırlar”.
Deputatın sözlərinə görə, indiki Rusiya cəmiyyəti iki yüz əvvəlki toplum deyil, onlar fərqli düşünürlər: "Anlayırlar ki, ermənilər Cənubi Qafqazda olduğu müddətcə, regionun problemləri bitməyəcək. Ermənistan daim Rusiyanın digər ölkələrlə münasibətinə əngəl törədib. Artıq "cin şüşədən çıxıb”. Bu dəfə ermənilər özlərini "sadiq millət” kimi göstərə bilməyəcək. Çünki erməni cəmiyyəti Qərbə yönəlmək haqqında fikirləşir. Onlarda elə bir xülya formalaşıb ki, ancaq Qərbin forpostu olarlarsa, daha yaxşı yaşaya bilərlər”.
Vəhdət Partiyasının rəhbəri, politoloq Vasif Əfəndiyev də deyib ki, Antirusiya dalğası üzərində hakimiyyətə gələn Paşinyan və onun tərəfdarları Rusiyaya qarşı ciddi əks-təbliğat kampaniyasını uğurla davam etdirirlər. Düşmən ölkədəki acınacaqlı durumu və Rusiya-Ermənistan münasibətlərini şərh edən analitik bildirib ki, Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca, siyasi ölkədə siyasi təlatümlər daha da aktivləşir:
"Ölkənin siyasi mənzərəsinə baxdıqda artıq Rusiyapərəst qüvvələrin tam məğlub durumda olduğunu və onların heç bir müqavimət qüvvəsinin qalmadığının şahidi oluruq. Rusiya tərəfindən maliyyələşdirilən bir-iki ictimai təşkilat saxta sosial sorğu keçirərək, guya, Ermənistan-Rusiya münasibətlərinin keçmişdəki səviyyəsində olmasını istəyənlərin sayının əhalinin 70 faiz təşkil etməsi barədə bəyanatları çox zəif və təsirsiz görünür. Hazırda Ermənistan əhalisinin böyük qismi Paşinyan komandasının liderliyi təsiri altında Avropaya inteqrasiya eyforiyasını yaşamaqdadır. Paşinyan hakimiyyətə yeni gəldikdə Rusiya və Avropa arasında balanslaşdırılmış siyasət barədə düşünsə də, hər iki tərəf ondan konkret mövqe tələb etdi. Həm Rusiya, həm də Avropa Ermənistanın birmənalı olaraq onların tərəfində dayanmasını tələb etdi. Ötən gün "Danışır Moskva” radiosunun aparıcısı Sergey Dorenkonun Paşinyanı və Ermənistanın siyasi elitasını təhqiramiz şəkildə aşağılaması və onların ünvanına söyüş tərzində ifadələr işlətməsi Ermənistanda böyük etirazlara səbəb olub. Dorenko Paşinyanı və onun siyasətini cinsi azlıqlarla müqayisə edərək siyasi manevrlərini "ortalıqda rəqs etmək” kimi qiymətləndirib. Avropanı cinsi azlıqlara bənzədən Dorenko Paşinyana sinəsini və ayaqlarını qırxaraq onların yanına getməsini deyib”.
Politoloqun sözlərinə görə, hadisələrin bu dərəcədə kəskin xarakter alması erməni siyasətinin böhran dönəmi yaşadığını göstərir:
"Ermənistan krizisdən çıxış yolunda Rusiyasız hərəkət etmək istəyir. Rusiya Cənubi Qafqazda nüfuzunu saxlamaq və regionda maraqlarını təmin etmək istəyirsə, ilk növbədə Azərbaycanın maraqlarını nəzərə almalıdır. Bunun üçün tarixi şərait yetişib. Azərbaycan elə bir məkanda yerləşir ki, regionda baş verən bütün proseslərdə iştirakı mütləqdir. İşğal siyasəti səbəbindən regionla nəhəng proyektlərdən məhrum olan ölkənin gələcəyi yoxdur. Hesab edirəm ki, həm Ermənistan, həm də Rusiya yaxşı düşünməlidir. Yetişmiş tarixi fürsəti qaçırmaq olmaz. Təcili olaraq Dağlıq Qarabağla bağlı danışıqları bərpa etmək, işğal olunmuş əraziləri sahibinə təhvil vermək lazımdır”.
İsmayıl