"Aprelin 1-nə qədər sosial sığorta borcları tam məbləğdə silinəcək"

""Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsi qəbul olunarsa, sosial sığortaların ödənilməsindəki mövcud problemlər aradan qalxacaq”.
Bu barədə "Sherg.az”a sözügedən qanun layihəsinin mahiyyətini izah edərkən iqtisadçı, deputat Vahid Əhmədov bildirib. 
O qeyd edib ki, bu sahədə olan borcların həcmi təqribən 362 milyon manatdır:
"Həmin məbləğin təxminən 280 milyon manatı sığorta ödənişidir. Qalan hissəsi isə cərimələrin miqdarıdır. 2006-ci il yanvarın 1-dən pensiya haqqında yeni qanun qəbul edilib. Qanuna görə, keçən 12 il müddətində pensiyaların təminatı üçün sığorta hissəsi baza hissəsindən ayrılıb və pensiya təmin edilib. Amma 2006-cı ilə qədər olan müddətdə işəgötürənlər sığorta hissəsini ödəməkdə çətinlik çəkir. Bunu nəzərə alaraq, ölkə başçısı yeni qanunu Milli Məclisə göndərib.
Qanuna görə, 2006-cı ilin yanvarın 1-dən yaranmış, 2018-ci il aprelin 1-nə qədər ödənilməyən sosial sığorta borcları tam məbləğdə silinir. 2015-ci il yanvarın 1-nə qədər yaranmış sanksiya borcları varsa, onlar da silinir.
Ölkə başçısı qanuna əlavə edib ki, borcu olanlar sığorta edənlər tərəfindən 2018-ci ilin aprel-may aylarında 10 faiz ödəniş olarsa, bunların hamısının maliyyə sanksiyaları 90 faiz silinəcək. Aprel-iyun aylarında 30 faiz ödəniş olarsa, 70 faiz borc silinəcək. Sentyabr ayına qədər 50 faiz ödəniş olacaqsa, 50 faizi silinəcək. Bu, çox ciddi məsələdir. Qanun 2018-ci ilin 1 aprel tarixindən qüvvəyə minir”.
Qeyd edək ki, qanun layihəsi ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilib.
Aysel Aslan