Şəmsiyyə Namazlı:"Əslində isə bütün dünyada qəbul olunmuş şəkildə, həkim resepti əsasında dərmanlar satılmalıdır"
"Tibbi narahatlığı olan şəxslər müayinə, müalicə olunursa, mütləq həkim resepti əsasında dərman almalıdır”.
Bunu "Sherg.az”a apteklərdə reseptsiz dərmanların satılmasına münasibət bildirərkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib.
O bildirib ki, bəzən xəstələr telefon vasitəsilə həkimləri ilə məsləhətləşib, yaxud aptekçilərin özünün köməyi ilə dərmanları əldə etmək istəyirlər:
"Olur ki, xəstə aptekə gedir, ağrısının, nasazlığının olduğunu deyir. Aptek satıcıları isə müayinə etmədən, xəstəliyin klinik gedişatını bilmədən, məsləhət görür və dərmanı satır. Belə hallar tez-tez olur. Əslində isə bütün dünyada qəbul olunmuş şəkildə, həkim resepti əsasında dərmanlar satılmalıdır.
Nevroloji dərmanlar isə həkimin, müəssisənin möhürü olmadan həmin dərmanlar satılmır. Digər sadə nevro-dərmanlar da var ki, əhali əvvəllər onları rahat əldə edə bilirdi. Məsələn, əvvəllər adi dimedrolu reseptsiz almaq olurdu, amma indi resept, həkimin şəxsi möhürü olmadan mümkün deyil.
Adi dərmanlar, ağrıkəsicilər, müxtəlif tabletkalar reseptsiz alına bilər. Ciddi əks təsiri olmayan, fəsad törətməyəcək dərmanların reseptsiz alınmasında qorxu yoxdur”.
Ş.Namazlının sözlərinə görə, istənilən halda, narahatlığı olan şəxs müayinə olunmayıbsa, daxilindəki problemdən xəbəri yoxdursa, dərmanı rahatlıqla qəbul etməməlidir:"Məsələn, mədə və on iki barmaq bağırsaqda problem var. Həmin yara heç vaxt xəstəni onu narahat etməyib. Başqa bir narahatlığına görə, aptekdən bir dərman alıb qəbul edir. Həmin dərmanlardan istifadə "lal yaralar” adlandırdığımız o problemi daha da şiddətləndirə bilər. Öz təcrübəmdə belə hallara rast gəlmişəm. Ona görə, ümumiyyətlə müayinə olunmadan dərmanların satılması və alınması düzgün deyil.
Yenə deyirəm, ola bilər ani narahatlıqlar, ağrılar baş qaldırsın və təcili xəstənin istifadə etdiyi dərman alınmalı olsun. O zaman apteklərə müraciət edib, dərmanı əldə edə bilərlər. Amma mütləq diqqət etməliyik. Kimyəvi dərmanlarla zarafat etmək olmaz. Çünki hər bir orqanizmdə bilinməyən narahatlıq olar və xəstəliyin gedişatına dərmanın əks göstərişi baş verər, fəsad yarana bilər”.
Aysel Aslan