Lakin mövcud halın kütləviləşməsi Türkiyənin nüfuzuna zərbə vura bilər
Terrora dəstək olan siyasətçilərin həbsi düzgün addımdır.
Bu barədə Sherg.az-a Türkiyədə HDP liderləri və bu partiyadan seçilmiş 11 deputatın həbsinə münasibət bildirərkən millət vəkili Aqil Abbas söyləyib. Deputatın sözlərinə görə, PKK yönümlü təşkilat həmsədrlər və deputatlar kürdyönümlü adlandırılmamalıdır:
"Faktiki olaraq, PKK-ya dəstək verən şəxslər həmin terrorçularla bir müstəviyə qoyulur. O deputatların tutulması isə Türkiyənin düzgün addımıdır. Lakin mövcud yanaşma kütləvi hal alarsa, bu, Türkiyənin beynəlxalq və daxili nüfuzuna ciddi zərbə vura bilər. Həbslərin artıb-artmayacağı müəmmalıdır. Hətta Rusiya və Türkiyə arasında anlaşılmazlıq yaşandıqda mən Türkiyənin üzr istəməsinin daha uyğun olduğunu demişdim. O zaman da məni çox qınayan oldu, sonradan Ankara, Moskvadan üzr istədi”.
Qeyd edək ki, Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş, Figen Yüksəkdağ və Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Deputatlar arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
Aysel Aslan