Aqressiya uşaq kimi yavaş-yavaş böyüyür

-Baxırıq ki, hər yerdə zorakılıq mərkəzə gətirilir
“Əksər verilişlərə evindən çıxarılan, mal-dövləti əlindən alınmış, uçuruma atılmış qadınlar dəvət edilir”

"İnsanın qanını donduran talelərdən danışılır. Amma biz insanı o hala salmış adamın və ya adamların cəzalandığını bilmirik, görmürük”


Səhiyyə Nazirliyinin baş psixiatrı, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli cəmiyyətdə zorakılıq hallarının artmasından danışıb və səbəblərdən biri kimi də aqressiv davranışların təbliğ olunmasını göstərib. 

APA-ya müsahibəsində baş psixiatr deyib ki, son vaxtlar cavanlar arasında aqressiv davranışlar nəinki pislənmir, əksinə, təbliğ olunur. G.Gəraybəyli cizgi filmlərində gücə, zora üstünlük verilməsinin uşaqların təlim-tərbiyəsinə mənfi təsir etdiyini, zorakılığa meyilliyi artırdığını bildirir. Baş psixiatr hesab edir ki, aqressiv davranışlara qarşı cəza mexanizmləri gücləndirilərsə, bu, insanları zorakılığa meyillilikdən uzaqlaşdırar.

Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə isə bu fikirdədir ki, aqressiya birdən-birə baş vermir, cəmiyyətdə yavaş-yavaş böyüyür, özünə yer eləyir:

- Belə vəziyyətdə insanlardan istənilən hərəkəti gözləmək olar. Sosial aqressiyanı doğuran səbəblərsə biri-birimizi dinləməməyimiz, cəmiyyətdə dialoq mədəniyyətinin olmamasıdır. Bir-birimizi eşitmək istəmirik. Yığılıb qalan problemlər də bəzən aqressiyanın üzə çıxmasına səbəb olur. Zorakılıq hallarını azaltmaq üçün tərbiyəvi, maarifləndirici işlərin aparılmasına ehtiyac var. İnsanın mayası mərhəmətlə yoğrulub. Amma o, qəddarlaşırsa, deməli, işlər əvvəldən düzgün aparılmayıb. Biz dəfələrlə bu mövzuya toxunmuşuq ki, uşaqların tərbiyə işi düzgün qurulmalıdır. Mənəvi dəyərlər onlara aşılanmalıdır. 10-15 il əvvəl dünyaya gəlmiş uşaq bu gün artıq yeniyetmədir. Əgər evdə, ailədə zorakılıq görürsə, atasının anası ilə necə qəddar davrandığının şahidi olursa, sabah eyni hərəkətləri o da təkrarlayacaq. Biz öz əlimizlə özümüzü ölümə, fəlakətə sürükləyirik. İnsanlarda mərhəmət, şəfqət, ata-anaya, doğmalara qarşı xoş, ülvi hisslər tərbiyə etmirik. Valideynlər övladları ilə məşğul olmur. Uşaqlara nəyin pis, nəyin yaxşı olduğunu öyrətmirlər. Ata-ananın buna vaxtı yoxdu. Uşaq da nəzarətsiz böyüyür. Gördüyünü götürür. Küçədə, həyətdə gördükləri vərdiş halına gəlir. Pedaqoqlar həmişə deyir ki, uşağı sıxışdırmaq olmaz. Uşağa "olmaz” kəlməsi deyilməməlidir. Sadəcə, səbəbi izah edilməlidir ki, niyə olmaz. Yeniyetmənin formalaşmasında da, ümumiyyətlə, insanın aqressiyaya meyilliyində televiziya verilişlərinin, nümayiş olunan filmlərin böyük əhəmiyyəti var. Baxaq, görək hazırda televiziyada hansı proqramlar efirə gedir, necə filmlər göstərilir. 90 faiz zorakılıq, qəddarlıq, ölüm, cinayət, narkomaniya, mafiya... Əksər verilişlərə evindən çıxarılan, mal-dövləti əlindən alınmış, uçuruma atılmış qadınlar dəvət edilir. İnsanın qanını donduran talelərdən danışılır. Amma biz insanı o hala salmış adamın və ya adamların cəzalandığını bilmirik, görmürük.

 Problemin həll edilib-edilmədiyindən də xəbərimiz olmur. Yaddaqalan ancaq bu olur ki, qoca bir insan küçəyə atılıb, kiməsə təcavüz edilib, kiməsə qarış zorakılıq olub. Xəbərin yalnız bu tərəfi - məhz zorakılıq mərkəzə gətirilir. Yadda qalan da bu olur. Belə informasiyalar psixikası zəif insanları təsirləndirmək gücündədir. Zorakılığa meyilli olanlar yanlış bir yola düşə bilər; kimsə belə edib, mən də edim. Mən də edə bilərəm. Cəmiyyətdəki sosial gərginlik də zorakılığı, aqressiyanı şərtləndirir. İnsanlar o qədər sosial qayğılar içindədir ki, artıq əsəbidirlər, kobuddurlar. Belə vəziyyətdə hamımız kiməsə qarşı aqressiv davrana bilərik. Problemləri olan insandan xoş rəftar, qayğıkeşlik gözləmək o qədər də düzgün deyil.

Məlahət Rzayeva