"Azərbaycanda həm arıçılara subsidiya verilməsi, həm də arı ailələrinin pasportlaşdırılması bu sahənin inkişafına müsbət təsir göstərəcək”.
Bu sözləri "Sherg.az”a Azərbaycanda ilk dəfə olaraq arıçılara subsidiya verilməsi və arı ailələrinin pasportlaşdırılması haqqında danışarkən kənd təsərrütı eksperti Qadir Bayramlı bildirib.
Onun sözlərinə görə, bu tendensiya arı ailələri və arıçılar üçün önəmli addımdır:
"Həqiqətən də ölkəmizdə arıçıların subsidyaya ehtiyacı var. Onların da ehtiyaclarının qarşılanması Azərbaycanda bal istehsalını artıra bilər. Amma subsidyaların bölgələrdə şəffaf şəkildə paylanılması vacibdir. Bu tədbirdən yalnız peşakar arıçılar yararlanmalıdır. Çünki bu sahədə xeyli qeyri-peşəkar insanlar çalışır. Bu da bəzi arı ailələrinin uzunmüddətli olmasına mane olur.

Düşünürəm ki, arıların pasportlaşdırılması ortaya dəqiq statistika çıxaracaq ki, bununla da subsidyaların verilməsi asanlaşacaq. Hər iki amil ölkədə keyfiyyətli balın istehsal edilməsinə kömək edəcək. Çünki ölkədə bal istehsal edənlər çoxdu, lakin ortada təmiz bal azdı. Ona görə də, subsidyaların verilməsi arıçıların bəzi lazımi dərmanlar alınmasına kömək edəcək. Bir sözlə hər iki amil arçılığın inkişafında müsbət addım kimi qiymətləndirilə bilər”.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə arıçılıra subsidiya veriləcək, arı ailələri pasportlaşdırılacaq. Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya veriləcək. Əgər arıçının təsərrüfatında 100 arı ailəsi identifikasiya kodu ilə qeydiyyata götürülübsə, onda ona illik 1000 manat subsidiya veriləcək. Arıçıların təsərrüfatlarındakı arı ailələrinin sayı dəqiqləşəndən sonra Dövlət Aqrar İnkişaf Mərkəzi nazirliyin komissiyası ilə birlikdə şəxsə arayış verəcək. Arayış nazirliyin subsidiya komissiyasına təqdim ediləcək və vəsait arıçının hesabına köçürüləcək”. Nazirlik rəsmisi əlavə edib ki, subsidiyalar bu ildən başlayaraq, 5 il ərzində veriləcək. Bu müddət daha sonra artırıla da bilər.
Kənan Eynuroğlu