Atatürkün və Ərdoğanın fotolarının hədəf seçilməsi təsadüfi deyil

Bu hadisənin arxasında NATO rəhbərliyində FETÖ-yə simpatiyası olanlar dayanır




Qərb dövlətlərinin və strukturlarının qardaş Türkiyəyə qarşı ənənəvi çirkin siyasəti davam edir. Son olaraq Norveçdə keçirilən NATO-nun hərbi təlimi zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Prezident Rəcəb Tayyib Ərdoğanın adının yer alması rəsmi Ankara ilə Qərbi üz-üzə qoydu.

Norveç və NATO-nun Türkiyədən bir neçə dəfə rəsmi şəkildə üzr istəməsinə baxmayaraq, Ankara hökuməti tərəfindən cinayət işinin başladılması və NATO təlimlərində iştirak edən türk hərbiçilərin geri çağırılması gərginliyi pik həddə çatdırdı. Xüsusilə, təxribatın günlər öncə Ərdoğanın Rusiya səfərindən sonraya təsadüf etməsi hərbi alyansın timsalında xristian dünyasının Türkiyəyə qarşı nə qədər xain mövqedə olduğunu çılpaqlığı ilə ifşa etdi. Məsələyə münasibət bildirən ictimaiyyət nümayəndələri də birmənalı şəkildə Türkiyə liderlərinin aşağılanmasını qətiyyən doğru saymır və Qərbin qərəzli mövqeyini sərt şəkildə tənqid edirlər.

Politoloq Elçin Mirzəbəyli bildirib ki, Türkiyənin son dövrlərdə atdığı bütün addımlar ölkənin ərazi bütövlüyünün qorunmasına, bir dövlət kimi öz nüfuzu və mövqelərinin qorunub-saxlanılmasına xidmət edir: 

"İndi elə bir mərhələ formalaşıb ki, müasir dövrdə hər bir dövlət ilk növbədə öz təhlükəsizliyi barədə düşünür. NATO ilə Türkiyə arasındakı gərginlik son dövrlərdə Türkiyə-Rusiya arasındakı əməkdaşlıq müstəvisində yaranıb. Türkiyənin Rusiyadan "S-400” raketlərini alması NATO tərəfindən narahatlıqla qarşılanıb. Əlbəttə, Türkiyənin öz silah arsenalını genişləndirməsi bir ölkə kimi onun səlahiyyətlərinə aid olan məsələdir. Ankaranın NATO qarşısında bu və ya digər dövlətdən silah almaması ilə bağlı hər hansı bir öhdəliyi yoxdur. Türkiyə indiki vaxtda, xüsusilə, regionda proseslərin getdikcə gərinləşdiyi bir dövrdə öz silah arsenalını genişləndirirsə, bu, onun üçün vacib şərtlərdən biridir. NATO təlimləri zamanı Atatürk və Ərdoğanın şəkillərindən hədəf kimi istifadə olunması qənaətimə görə, çox yanlış bir addımdır. Burada təxribat xarakterli məqamlar daha çox nəzərə çarpır. Ola bilsin ki, bu təxribat xarakterli məqamlarda Türkiyə-NATO münasibətlərinin gərginləşməsini istəyən üçüncü tərəfin əli var. Türkiyə artıq öz hərbiçilərini geri çağırıb, NATO siyasi rəhbərliyi də üzr istəyib. Belə bir halın baş verməsi çox təəssüfedicidir. Bu, Türkiyənin bir dövlət kimi aşağılanması xarakteri daşıyır”.

Politoloq Natiq Miri isə bildirib ki, NATO təlimində Atatürk və Ərdoğanın fotolarının hədəf taxtasına yerləşdirilməsi təsadüfi hadisə deyil. Onun sözlərinə görə, məqsəd Türkiyəyə mesaj verməkdir: 

"Hadisəyə görə işdən azad olunan iki şəxsdən biri texniki əməkdaşdır, digəri isə Türkiyədən olan kürd əsilli zabitdir. Bu təlimlər virtual aləmdə keçirilirdi və hadisədən sonra dayandırıldı. Çünki Türkiyə təlimdə iştirak edən 40 zabitini geri çağırdı. Türkiyənin bu addımı da göstərir ki, hadisə zabitlərin şəxsi yanaşmasından qaynaqlanmır. Əslində, bu hadisənin arxasında NATO rəhbərliyində FETÖ-yə simpatiyası olanlar dayanır. Türkiyənin reaksiyasından sonra NATO gərginliyi azaltmaq üçün üzr istədi. Lakin məsələ bu qədər sadə deyil”. Ekspertin fikrincə, NATO Türkiyəyə qarşı münasibətdə təzyiq mexanizmlərinə üstünlük verir: "Hərbi alyans hələ də anlamır ki, bu cür təzyiqlərlə Türkiyəni yolundan döndərmək mümkün deyil. Digər tərəfdən, onlar Türkiyə lideri Ərdoğanın prinsipial xarakterini nəzərə almırlar. 

Türkiyə-NATO münasibətlərində Şimal Alyansı doğru siyasət aparmır. Onlar Türkiyəni təzyiqlərlə geri ram etmək istəyirlər, Türkiyə isə müstəqil şəkildə alternativ addımlar atır. Rusiyadan S-400 sistemlərinin alınması da buna bariz nümunədir. Suriya və İraqdan gələn təhdidlərlə qarşı Türkiyə S-400 almağa məcbur idi. Halbuki, NATO ölkələri belə sistemləri ona satmaq istəmirdi”. N.Miri NATO-nun öz səhvlərini düzəltmək əvəzinə, yeni səhvlər etməsinə diqqət çəkib: "Türkiyənin NATO silahları almasına məhdudiyyətlər qoyurlar. Hətta müəyyən hissəsi Türkiyədə istehsal edilən 5-ci nəsil "F-35”lərə də məhdudiyyət qoyacaqları ilə hədələyirlər.

 Türkiyənin gələcəkdə NATO-dan uzaqlaşdırılacağını deyirlər. Lakin Türkiyə əvvəlki ölkə deyil. Bu gün qardaş dövlət özünə lazım olan silahların 80 faizini özü istehsal edir. Türkiyənin "müttəfiqləri”ni narahat edən əsas məsələ məhz budur. Türkiyənin digər cəbhələrlə yaxınlaşması NATO-nun strateji planına zərbədir”.

İsmayıl