Putinin başı daxili problemlərə qarışıb, iqtisadi sanksiyalar da Kremlin “əl-qolunu” bağlayıb
Rusiyanın, daha doğrusu, Putinin layihələri kimi dəyərləndirilən Avrasiya Birliyi və Gömrük İttifaqı ətrafında müəyyən dövr ərzində xeyli müzakirələr aparıldı. Moskva uzun zaman region dövlətlərini hər iki quruma cəlb etmək üçün ciddi-cəhdlə çalışdı.
Amma son dönəmlər Putinin məlum ittifaqları ilə bağlı müzakirələr səngiyib. Hətta son aylar ümumiyyətlə, bu qurumlarla bağlı şərhlər gözə dəymir. Putinin illik mətbuat konfransında da bu istiqamətdə sual verən olmadı. Kreml rəhbəri də məsələyə toxunmadı.
Bəzi ekspertlər hazırda bu layihələrin bir qədər arxa plana keçdiyini iddia edirlər. Bəs bunun səbəbi nədir?
Prosesi "Şərq”ə dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Rusiyanın imperiya xəyallarının məhsulları olan Avrasiya Birliyi və Gömrük İttifaqı Ukrayna və Azərbaycanın iştirakı olmadan real qüvvəyə çevrilə bilməz.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında hegemonluğunu və təsir gücünü saxlamaq məqsədilə ilk mərhələdə 3 dövlətin iştirakı ilə MDB-ni yaratdı. Bu qurum bir müddət sonra Baltikyanı ölkələr istisna olmaqla keçmiş SSRİ respublikalarının mühüm Birliyinə çevrildi:
"Ancaq zaman keçdikcə, Rusiyanın yenidən imperialist siyasətinə qayıtmaq cəhdi bu Birliyi dağılmaq həddinə gətirdi. Proseslər Ukrayna və Gürcüstanı birmənalı olaraq bu təşkilatdan aralanmağa məcbur etdi. Qazaxıstan, Özbəkistan və Türkmənistan şərti olaraq Birlikdə qaldılar. Hadisələrin nəzarətdən çıxdığını görən Rusiya hakimiyyəti Avrasiya Birliyi və ardınca Gömrük İttifaqı yaratmaqla zaman udmaq və itirilmiş mövqeləri möhkəmləndirmək istədi.
Lakin Ukrayna və Azərbaycanın bu birliklərə qatılmaması Putini yenidən çətin vəziyyətə saldı. Putinin müttəfiq olduğu dövlətlərə qarşı yanlış siyasəti daxili proseslərə də öz təsirini göstərdi. Rusiya Federasiyasının tərkibində olan respublikalarda mərkəzdənqaçma meyilləri gücləndi. Tatarıstan və Çeçenistan faktiki olaraq müstəqil siyasət yeritməyə başladı. Hətta Rusiya-Türkiyə qarşıdurması zamanı Tatarıstan Prezidenti Ərdoğana dəstək verdi”.
Ekspert bildirib ki, hazırda Putin daxili problemləri ilə məşğul olmağa başlayıb:
"Tatarıstan respublikasında tatar dilinin məhdudlaşdırılması ilə bağlı addımlar atılmaqdadır. Buna qarşılıq olaraq tatarlar bu dilin bütün Rusiya ərazisində ikinci dövlət dili olmasını tələb edirlər. Avropa Birliyi və ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar da öz təsirini göstərməkdədir. Gömrük İttifaqının bu təsiri önləməyə gücü yetmir. Çünki müasir texnologiyalara sahib olmayan MDB ölkələri biri-birləri ilə dünya bazarlarına çıxara bilmədikləri köhnə avadanlıqları, sənaye və ərzaq məhsullarını mübadilə edirlər. Bu əlaqələr onsuz da MDB ölkələri arasında ikitərəfli razılaşmalar əsasında aparılırdı.
Nəticə isə göstərdi ki, Gömrük İttifaqı daha çox siyasi motiv üzərində yaranmışdı. Hesab edirəm ki, Azərbaycan bu ittifaqlara qoşulmamaqla doğru siyasi qərar qəbul edib. Bu sərbəstlik bizə Avropa Birliyi və Qərb ölkələri ilə geniş əməkdaşlıq imkanı yaradır. Bundan sonra da Azərbaycan tutduğu müstəqil yolu davam etdirməli və dünya iqtisadiyyatına inteqrasiya yolunu tutmalıdır. Bunun üçün siyasi sabitlik, iqtisadi islahatlar, təhsilə dəyər və elmi inkişaf lazımdır”.
İsmayıl