“Avropa fikirləşsin, Türkiyəsiz nələri itirəcəklər”

Fikrət Sadıqov: “Ərdoğan real geosiyasi vəziyyətdən irəli gələn məqamları nəzərə alaraq addım atır”
“Çevriliş cəhdindən sonra Ankara Qərblə münasibəti radikal şəkildə dəyişdi”

"Yaxınlaşma o anlama gəlmir ki, bundan sonra Ankara ilə Moskva qardaş və müttəfiq
tərəflərə çevriləcək”


Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin müvəqqəti
dondurulması barədə qərar qəbul edib. Səsvermədə 479 deputat qərarın lehinə, 37 nəfər isə
əleyhinə səs verib. Sənəddə Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra atılan addımlar
tənqid olunub. Məlumat üçün bildirək ki, Avropa Parlamentinin qərarı tövsiyə xarakterlidir.
Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər. Buna baxmayaraq, Türkiyə nümayəndələri verilən qərarı tənqid ediblər. Rəsmilər Avropanın qərəzli davrandığını və bu addımın Türkiyə üçün əhəmiyyət kəsb etmədiyini söyləyiblər. Prezident Ərdoğan da Avropa Parlamentinin qərarını sərt şəkildə tənqid edib və Qərb qarşısında şərt qoyub: 

"Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. 3 milyon köçkünü ölkəmizdə bəsləyən
bizik. Daha da irəli getsəniz, sərhəd qapıları açılacaq”. Baş nazir Binəli Yıldırım da qərarın
mənasız olduğunu deyib: "Avropa İttifaqı ilə Türkiyənin münasibətləri onsuz da qaydasında
deyil. Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir”.
Türkiyə-Avropa münasibətləri ilə bağlı "Şərq”in suallarını cavablandıran Qərb Universitetinin
professoru, politoloq Fikrət Sadıqov tərəflər arasındakı gərginliyin bir müddət davam edəcəyini
deyib...

- Türkiyə rəhbərliyi Avropa Parlamentinin qərarını əhəmiyyətsız sayır. Sizcə, münasibətlərin
kəskinləşməsindən hansı tərəf itirəcək?

- Türkiyə xeyli müddət Avropa İttifaqının üzvü olmaq üçün səy göstərdi. Hətta Türkiyəyə xüsusi
qonaq statusu verildi. Ankara Avropa İttifaqının demək olar ki, bütün şərtlərinə əməl etdi. Amma
vaxt ötdükcə aydın oldu ki, Aİ Türkiyəni öz tərkibində görmək istəmir. Müxtəlif bəhanələrlə bu
məsələni dondurur, uzadır, yeni şərtlər irəli sürür. Nəhayət, Türkiyə anladı ki, Avropa İttifaqının
niyyəti xoş deyil. Ona görə də sözünü açıq şəkildə dedi. İndi Avropa özü fikirləşsin ki, onlar
Türkiyəsiz nələri itirəcəklər.

- Ərdoğanın miqrant məsələsi ilə bağlı Avropanı təhdid etməsinə münasibətiniz necədir? Kütləvi
miqrant axını Avropa ölkələri üçün ciddi təhlükə yaradarmı?

- Türkiyədə Yaxın Şərq ölkələrindən gəlmiş 3 milyona yaxın miqrant müvəqqəti məskunlaşıb.
Avropa İttifaqı indiyə qədər Türkiyəyə yalvarırdı ki, miqrant axınının qarşısını alsın və mümkünqədər onları öz ərazisində tutsun. Ən azı bu məsələdə Avropa Birliyinin Türkiyəyə ehtiyacı var.
Əgər Avropa miqrant axınını özünə təhlükə görmürsə, onda istədiyi qərarı versin, ya da ciddi
düşünsün. Əks halda Qərb ölkələri miqrantlardan çox əziyyət çəkəcək. Türkiyə kifayət qədər
aparıcı, regional dövlətdir. Hesab edirəm ki, bölgədə nüfuzu olan güclü bir dövlətin uzun illər
Avropa üzvlüyünə can atması lazımsız idi. Nəhayət, rəsmi Ankara bunun mənasız olduğunu
qəbul etdi.

- Baş nazir Binəli Yıldırım vurğuladı ki, PKK və FETÖ-çülər Avropa Birliyini Türkiyəyə qarşı
qaldırır, Qərb ölkələrində türklər əleyhinə təbliğat aparırlar. Bu iddia nə qədər doğrudur?

- Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Ankaranın Avropaya, ABŞ-a, ümumiyyətlə
Qərbə münasibəti radikal şəkildə dəyişdi. Bunun da səbəbləri var. Əldə edilən faktlara əsasən
məlum oldu ki, qardaş ölkədə baş verən çevriliş cəhdinin arxasında Qərb dövlətləri dayanıb.
ABŞ və bəzi Avropa dövlətləri FETÖ-çüləri həm maliyyə, həm də siyasi baxımdan
dəstəkləyiblər. Bu dəstək indi də davam edir. Əslində Fətullah Gülənin Türkiyəyə təhvil
verilməməsi də Qərbin terrorçulara dəstəyinin bir təzahürüdür. Avropanın terrorçu PKK-ya
dəstəyi isə daha açıq-aşkardır. Avropa hesab edir ki, Türkiyə hökuməti PKK ilə dil tapmalı,
onlara mülayim davranmalıdır. Yəni Türkiyənin dövlət maraqlarına təhlükə törədən qrupların
hamısı Avropa tərəfindən himayə edilir. Türkiyə isə biganə qala bilmədiyi üçün Qərbə qarşı sərt
mövqe sərgiləyir.

- İddia edilir ki, Avropadan soyuyan Türkiyə Rusiya ilə münasibətləri daha da sıxlaşdıracaq.
Bunun reallaşması nə qədər mümkün görünür?

- Türkiyə artıq Rusiya ilə yaxınlaşıb. Amma yaxınlaşma o anlama gəlmir ki, bundan sonra
Ankara ilə Moskva qardaş və müttəfiq tərəflərə çevriləcək. Türkiyənin praqmatik yanaşmaları
var. Ərdoğan real geosiyasi vəziyyətdən irəli gələn məqamları nəzərə alaraq addım atır. Yaxın
Şərqlə bağlı ziddiyyətlərə baxmayaraq, hazırda Rusiya və Türkiyənin xarici siyasətində bir sıra
məqamlar üst-üstə düşür. Həmin məqamlar iki ölkəni müəyyən müddətədək bir istiqamətdə
irəliləməyə vadar edir. Amma ayrılıqda hər dövlətin öz maraqları, prioritetləri var. Hər halda
Türkiyənin Avropa ilə düşmənçilik edəcəyini gözləmirəm.
- Türkiyənin Aİ əvəzinə "Şanxay Beşliyi”nə girəcəyini iddia edənlər var. Ancaq Binəli Yıldırım
iki qurumu biri-birinə alternativ görmür. "Şanxay Beşliyi” Türkiyəyə dividend verəcəkmi?

- "Şanxay Beşliyi” iri Şərq dövlətlərinin təmsil olunduğu beynəlxalq istisadi təşkilatdır. Bu
qurumun dünya iqtisadiyyatına və siyasətinə bir sıra məqamlarda ciddi təsir imkanları var. Çünki
həmin təşkilatda Rusiya, Çin, Hindistan kimi güclü dövlətlər yer alıb. Amma "Şanxay Beşliyi”
həqiqətən Avropa Birliyinə, NATO-ya alternativ qurum deyil. Türkiyə də bunu bilir. Hər bir
qurumun öz rolu, çəkisi var. Düşünürəm ki, Türkiyənin Qərblə münasibətləri gərginləşməyə
doğru gedərsə, Türkiyə "Şanxay Beşliyi”nə girə bilər.

İsmayıl