“Avropa Parlamenti ilə gərginlikdə Azərbaycanın günahı yoxdur”
İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşdə bir sıra həqiqətləri sadalayıb
"Emin Hüseynov məndən onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşü zamanı deyib. Prezident bildirib ki, Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamə münasibətlərimizdə ciddi geriləmə yaradıb: "Bu, çox böyük təəccüb doğurdu. Biz Azərbaycanda qətnaməni düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdi kimi qəbul edirik”.
Dövlət başçısı bildirib ki, buna aydınlıq gətirmədən irəliləmək və gələcək işlərimizi planlaşdırmaq çətin olacaq: "Məndə bununla bağlı sənəd var. Bilmirəm, sizin hamınız bu barədə məlumatlısınız, yoxsa yox. Lakin mən bəzi məsələləri qeyd etmək istərdim. Burada çox məsələ var, düşünürəm ki, bəzilərini qeyd etməyə dəyər. Burada deyilir ki, son bir neçə ildə ümumilikdə Azərbaycanda insan haqları ilə bağlı vəziyyət pisləşib. Bu, doğru deyil. Azərbaycanda insan haqları ilə bağlı vəziyyət yaxşılaşır. Ölkəmiz demokratik inkişafa və insan haqlarının qorunması işinə sadiqdir. Düşünürəm ki, burada insan haqlarının qorunması ilə bağlı vəziyyət daha müsbət qiymətləndirmə tələb edir”.
"Emin Millinin ölümlə hədələnməsi barədə deyilənlər yalandır”
Dövlət başçısı qeyd edib ki, qətnamədə qəsdən və ya yanlışlıqla səhv informasiyaya əsaslanan bir neçə məsələ var: "Onlardan biri odur ki, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri davamlı hədə və təqiblərə məruz qalırlar. Onların arasında Meydan TV-nin direktoru Emin Milli ölümlə hədələnib. Bu, səhvdir və yalandır. O, heç vaxt ölümlə hədələnməyib. Bilmirəm, niyə burada belə yazılıb. Ola bilsin ki, bu, yenə də Azərbaycan əleyhinə kampaniyanın bir hissəsidir. Hüquq müdafiəçisi Emin Hüseynov saxta ittihamlarla üzləşəndən sonra İsveçrədən sığınacaq istəyib və Azərbaycan vətəndaşlığından məhrum edilib. Bu da səhv informasiyaya əsaslanır. O şəxs mənə məktub yazaraq, onu vətəndaşlıqdan məhrum etməyi xahiş edib. Bu, Azərbaycan qanunvericiliyinə əsasən edilib. Onu bir neçə ay səfirliyində gizləndiyi İsveçrənin xarici işlər naziri buraya gələrək öz təyyarəsi ilə İsveçrəyə aparıb. Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi və İsveçrə Xarici İşlər Nazirliyi arasında razılıq əldə olunub. Sənədlər var, cənab Hüseynovun məktubu var. Heç kim onu vətəndaşlıqdan çıxarmayıb”. Prezident Azərbaycanda "azad mitinqlərə icazə verilməməsi” yalanına da münasibət bildirib: "Deyirlər ki, guya 2006-cı ildən bu yana dinc nümayişçilərə Bakının mərkəzində nümayişlər keçirmək qadağan olunub. Yalandır, nümayişlər qadağan olunmayıb. Sərbəst toplaşma azadlığı ölkəmizdə tam şəkildə təmin olunur. 2006-cı ildən bu yana, ondan əvvəl və indi Bakının mərkəzində müxalifət azad şəkildə mitinqlər keçirib. Onlar bir neçə yüz adam toplayıblar. İnsanların niyə bu nümayişlərə getməməsi ayrı məsələdir. Lakin onlar dinc, azad olub və hər kəs, o cümlədən səfirlik bunu sübut edə bilər. Beləliklə, daha bir yalan ortaya çıxdı”.
"Jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib”
Ölkə rəhbəri vurğulayıb ki, jurnalist Rasim Əliyevin ölümü haqqında da böhtan xarakterli məlumatlar yayılıb: "Guya jurnalist Rasim Əliyev sosial şəbəkələr vasitəsilə prezident Əliyevi tənqid etdiyinə görə, davamlı hədə və təhdidlər alandan sonra amansızcasına döyülərək, xəstəxanada dünyasını dəyişib. Bu, məni cinayət törətməkdə birbaşa ittiham etməkdir. Mən bunu yazanları məhkəməyə verə bilərəm. Təəssüf ki, idman xəbərlərindən yazan jurnalist Rasim Əliyev faciə nəticəsində dünyasını dəyişib. O, bəzi hərəkətlərinə görə, tənqid etdiyi bir futbolçunun qohumları və fanatları tərəfindən döyülüb. Onlar onu döyüblər və bu bədbəxt hadisə baş verib. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. O, heç vaxt tənqidlə məşğul olmayıb, heç kim o şəxsi tanımırdı. Bu, manipulyasiyadır”.
"Freedom House” ermənipərəst mövqe tutur”
Prezident İlham Əliyev "Freedom House” təşkilatının ermənipərəst mövqe tutduğunu bildirib: "Bu təşkilat Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi yoxdur. Uzun illər təşkilatın rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulan və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilən Kramer olub. Əlbəttə, qurumun hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın Avropa Parlamentinin qətnaməsində qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir”. "Freedom House” Azərbaycanın azad olmadığını, internetin qismən azad olduğunu, son 10 ildə bütün Avrasiyada demokratik idarəetmədə ən çox geridə Azərbaycanın qaldığını hesab edir. Təsəvvür edirsiniz? Bu, tamamilə gülüncdür və yəqin ki, şərh etməyə dəyməz”.
"ABŞ-ın ATƏT-dəki nümayəndəsi mənimlə şəkil çəkdirməyi cinayət sayırsa, biz nədən danışa bilərik?!”
Prezident İlham Əliyev deyib ki, Şahtaxtinskinin işdən azad olunacağı təqdirdə, Bakı ofisinin bağlanacağını əvvəlcədən deyib: "Mən onlara xəbərdarlıq etdim, qulaq asmadılar və biz də bunu etdik. İndi onlar ofisin fəaliyyətini bərpa etmək istəyirlər. Mən şərt qoydum ki, Şahtaxtinskini geri qaytarın. Ədaləti, onun karyerasını bərpa edin və o zaman biz ofisi yenidən açarıq. Bütün bunların arxasında duran məsələ bundan ibarətdir”. ATƏT-in Bakıdakı ofisinin bağlanması məsələsinə toxunan dövlət başçısı onun səbəblərindən də danışıb: "Ofis Azərbaycan hökumətinin qərarı ilə 2015-ci ilin iyulunda bağlanıb. Bəli, buna xitam verilib, lakin məlumat üçün deyim ki, bunun konkret səbəbi olub. ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu ailəyə Azərbaycanda çox hörmətlə yanaşılır. O şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə, ABŞ-ın ATƏT-dəki səfiri Baerin tərəfindən günahlandırılıb və ciddi müdaxilə ilə işdən azad olunub. Məndə olan məlumata görə, onlar Fransa hökumətinə təzyiq göstəriblər. Qurumun buradakı nümayəndəsi Şahtaxtinskiyə heç bir izahat verilmədən o, işdən azad olunub. Onun karyerasına son qoyulub və Fransa Xarici İşlər Nazirliyindən çıxarılıb. Sadəcə mənimlə fotosu olduğuna görə. Əgər ABŞ-ın ATƏT-dəki nümayəndəsinin fikrincə, mənimlə şəkil çəkdirmək cinayətdirsə, biz nədən danışa bilərik?!
"Azərbaycanla bağlı qətnamə Avropa Parlamentinin prosedurlarına zidd qəbul edilib”
Dövlət başçısı deyib ki, Avropa Parlamentinin 2015-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmək üçün missiya göndərməkdən imtina etməsi heç nəyi dəyişməyib, nəticələrə və müsbət rəyə təsir etməyib: "Faktiki olaraq bir ildir ki, heç bir əlaqəmiz yoxdur. Bu, bizim ucbatımızdan baş verməyib. Biz digər Avropa təsisatları - Avropa İttifaqı, Avropa Şurası, ATƏT-lə işləməyə davam edirik. Lakin Avropa Parlamenti Azərbaycanla bağlı qərəzli mövqe tutmağı qərara alıb. Bizdə olan məlumata görə, bu sənəd qurumun rəhbərləri, xüsusilə də bilmirəm hansı səbəbdən Azərbaycana nifrət edən və hər dəfə bizim nüfuzumuza xələl gətirməyə çalışan Şults və Lunaçek tərəfindən təşkil olunub”. Prezident deyib ki, müvafiq qətnamə Avropa Parlamentinin prosedurlarına zidd olaraq qəbul edilib: "Avropa Parlamentinin bəzi üzvləri bunu etməməklə bağlı xəbərdarlıq ediblər. Mən onlardan birinin "Biz Azərbaycanı itirəcəyik” dediyini eşitmişəm, yəqin ki, o, haqlı idi. Avropa Komissiyasının komissarı da danışıb, xəbərdarlıq edib, lakin onları dinləməyiblər. Heç bir münasibət, əlaqə yoxdur. Biz parlamentimizdə işçi qrupu yaratmadıq. Avronestdəki fəaliyyətimizə xitam verdik. Heç nə olmamış kimi davrana bilmərik”.
"Respublikamızda ictimai-siyasi sabitlik hökm sürür”
Prezident vurğulayıb ki, Avropa Parlamenti ilə münasibətlərdə böhran vəziyyətinin əmələ gəlməsinə baxmayaraq, Avropa İttifaqı ilə əlaqələr qarşılıqlı maraq əsasında uğurla inkişaf edir: "Əlaqələr təhlükəsizlik, energetika, nəqliyyat, elm, təhsil və digər sahələri əhatə edir. Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq barədə bəyannamə imzalanıb. Zəngin tarixə və milli dəyərlərə sadiq olan Azərbaycan müstəqil siyasət həyata keçirir və öz inkişaf yolunu seçir. Ölkəmiz siyasi, iqtisadi, sosial və bütün digər sahələrdə sürətli inkişafa nail olub. Respublikamızda ictimai-siyasi sabitlik hökm sürür, söz, mətbuat, həmçinin sərbəst toplaşma və digər azadlıqlar təmin edilir. Azad internet var, demokratik inkişaf yolunda mühüm addımlar atırıq. Dövlət başçısının sözlərinə görə, Avropa Parlamentinin ötənilki qətnaməsində Azərbaycanda demokratiya ilə bağlı heç bir əsası olmayan və qərəzli mövqe nümayiş etdirildiyi halda Avropa Parlamenti Ermənistandakı demokratiyanın bərbad vəziyyəti və boğulması ilə bağlı hər hansı bir reaksiya verməyib: "Azərbaycan Avropa ölkələrinin inkişafına mühüm töhfə verə bilər. Bəzi Avropa ölkələrində genişlənən islamofobiya hallarına qarşı mübarizə aparılması vacibdir. Avropada yüksək səviyyəli rəsmi şəxslərin bu məsələlərlə bağlı yolverilməz ifadələrinə Avropa strukturlarında hər hansı bir reaksiya verilmir. Bu məsələlər bir müsəlman xalqı kimi Azərbaycan xalqını da narahat edir”. Dövlət başçısı Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Ermənistanın təcavüzkar və qeyri-konstruktiv siyasətinin bu münaqişənin həllinə mane olduğunu diqqətə çatdırıb: "Ermənistanın təcavüzkar siyasəti Qarabağ münaqişəsinin həllinə maneədir”.
İsmayıl