Avtobus şirkətləri 10 sürücünün işini 5 nəfərə yükləyirsə...- Ağır qəzalar

"Yorğun, yuxusuz sürücü təhlükə mənbəyidir. İctimai nəqliyyatda sərnişinlərlə kobudluq özünü göstərəcək. Həmin sürücünün vaxtı olmadığına görə, yeməyini çayını belə sükan arxasında içəcək"
"Avtobus sürücülərinin istirahəti arxa plana keçirilməməlidir”.
Bunu "Sherg.az”a son vaxtlar kart sisteminə keçiddən sonra marşrut xətlərinə buraxılan avtobusların sayının azaldılmasına münasibət bildirərkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı söyləyib.
Onun sözlərinə görə, avtobus şirkətləri daha çox pul qazanmaq üçün sürücüləri artıq işlətməməlidir:
"Avtobus sürücüləri insanların həyatına cavabdehdir. Sürücülərin azaldılması, işdə saxlananların yükünü daha da artırır. Lakin bu qədər məsuliyyətli işdə çalışan sürücülərin təminatı daha yüksək olmalıdır. Hansısa şirkət məsuliyyətsizlik edib, belə hallara yol verirsə, aidiyyəti orqanlar ciddi araşdırmalı, müvafiq tədbirlər görməlidir.
Avtobus şirkətləri sürücüləri ixtisar edib, 10 nəfərin işinə 5 nəfərə yükləyirsə, gələcəkdə böyük problemlər ortaya çıxacaq. Yorğun, yuxusuz sürücü təhlükə mənbəyidir. İctimai nəqliyyatda sərnişinlərlə kobudluq özünü göstərəcək. Həmin sürücünün vaxtı olmadığına görə, yeməyini çayını belə sükan arxasında içəcək. Belə hallara yol vermək olmaz.
Belə işləyən şirkətlərin müflis olması da gec olmayacaq. Çünki sürücülərin çox işlədilməsi nəticəsində yol nəqliyyat hadisələri artacaq, hər dəfə bir şirkət rəhbərinə cinayət işi açılacaq. Nəticədə "pul qazanım” deyə, insan əməyini istismar edən şəxslər azadlığından məhrum oluna bilər”.
Aysel Aslan