"AXC-nin 100 illiyi ilə əlaqədar qızıl və gümüşdən xatirə sikkələri buraxılsın!" - Təklif və gözlənti

Vüqar Bayramov: "“Təklif edilən sikkələr tədavülə buraxılacağı halda onlara marağın yüksək olacağı gözlənilir"Ruslan Rəhimov:"Mərkəzi Bankdan Cümhuriyyət, Azərbaycan ordusunun 100 illiyi və Qafqaz İslam Ordusu haqqında xatirə sikkələri buraxmalarını gözləyirəm”
"Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar qızıl və gümüş sikkələrin buraxılması, suvenir kimi istifadə edilməsi məqsədəuyğundur”.
Bunu "Sherg.az”a "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlının "Cümhuriyyət ili” ilə əlaqədar qızıl və gümüş xatirə sikkələrinin tədavülə buraxılması təklifinə münasibət bildirərkən  iqtisadçı -ekspert Vüqar Bayramov deyib. O vurğulayıb ki, qızıldan olduğu üçün kolleksiya məqsədilə də həmin sikkələr yığılıb saxlana bilər:
"Təklif edilən sikkələr tədavülə buraxılacağı halda onlara marağın yüksək olacağı gözlənilir. Çünki bütün hallarda qızıl və gümüş olduğu üçün satılması, yığılması da daha çox marağa səbəb olur”.
Kolleksioner Ruslan Rəhimov isə Azərbaycan Mərkəzi Bankının (AMB) müxtəlif vaxtlarda müxtəlif mövzularda gümüş və qızıl xatirə sikkələri buraxdığını xatırladıb. O qeyd edib ki, nümunə olaraq mərhum prezident Heydər Əliyevin 80,85 və 90 illiyinə həsr olunmuş sikkələri, Kitab-i Dədə Qorqud, Üzeyir Hacıbəyov, Nizami Gəncəvi, Məhəmməd Füzuliyə həsr edilən sikkələri göstərilə bilər:
"AMB eyni zamanda "Əsrin müqaviləsi-20 il", TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərspace-1 mövzularında da sikkələr buraxıb. Bu il isə ölkəmizin tarixi üçün əhəmiyyətli bir ildir. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm Azərbaycan ordusunun qurulmasının həm də Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin 100 illiyini qeyd edəcəyik. Həmçinin ölkə başçısı bu ili "Cümhuriyyət ili” elan edib. Mən həm jurnalist, həm tarixçi həm də bir kolleksioner kimi. AMB-dən Cümhuriyyət, Azərbaycan ordusunun 100 illiyi və Qafqaz İslam Ordusu haqqında xatirə sikkələri buraxmalarını gözləyirəm”.
Aysel Aslan