AZAL baqaj üçün ödənişləri bahalaşdırıb - 11 kilonu 38 manata

Natiq Cəfərli:"Təyyarələrdə baqaj üçün əlavə pul alınırsa, onda biletin qiyməti çox ucuz olmalıdır"


"Hava sərnişindaşıması bazarında təbii ki, AZAL inhisarçı rol oynayır”.

Bunu Sherg.az-a hava nəqliyyatında yükdaşımaların bahalaşması ilə bağlı danışarkən iqtisadçı ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, ötən il nəticələrinə görə, hava nəqliyyatında sərnişin daşımaların 98 faizi AZAL tərəfindən həyata keçirilir:

"Ona görə, bu şirkət istədiyi kimi qiymətləri müəyyən etmək imkanına malikdir. Bazarda rəqabətli mühit olsaydı, onlarla şirkətin Azərbaycanda fəaliyyət göstərməsinə şərait yaradılsaydı, qiymətlərə və xidmətin keyfiyyətinə müsbət təsir göstərərdi.

Təəssüf ki, uzun zamandır AZAL-la bağlı problem davam edir. Şirkət özünün inhisarçı mövqeyindən istifadə edərək sərnişindaşımalarda öz qiymətlərini və xidmətin standartlarını diktə edir. Bu qiymət artımı isə heç də xoş deyil. Dünyada qəbul olunmuş müəyyən standartlar var. Təyyarələrdə baqaj üçün əlavə pul alınırsa, onda biletin qiyməti çox ucuz olmalıdır. Məsələn, Parisdən Madridə uçuş biletinin qiyməti cəmi 15 avro idi, lakin əl baqajından əlavə yükə vəsait tələb edirdilər. Bu daha məntiqlidir. Sərnişin yalnız əl baqajı ilə səyahət edirsə, 15-20 avroya yüzlərlə kilometr məsafədə olan şəhərlərə rahat səyahət etmək olar. Azərbaycanda isə bəlli standartlar müəyyənləşdirilməyib”.

N.Cəfərli təyyarələrdə baqaj üçün üstəlik vəsait tələb olunmasının səfər etmək istəyən insanların həvəsinə təsir göstərdiyini vurğulayıb:

"Ölkədə turizmi inkişaf etdirmək kimi hədəfimiz varsa, təyyarələrlə uçuş edən sərnişinlərin sayının artırılmasına səy göstərilməlidir. Səyahət edən sərnişinlərin artmasına isə həm bilet qiymətinin ucuzluğu, həm də keyfiyyətli xidmət müsbət təsir göstərə bilər. Təəssüf ki, biz bunu görmürük. Rəqabətsizlik mühiti əlverişli şəraitin yaradılmasını əngəlləyir. Sərnişindaşıma bazarında bir neçə iri şirkətin fəaliyyəti üçün şərait yaradılmalıdır ki, qiymətlər bir qədər tənzimlənsin”.

Qeyd edək ki, AZAL hər sərnişinin özü ilə daşıya biləcəyi yükün çəkisini 20 kilodan10 kiloya endirib.
Və bundan başqa hər sərnişin baqajı üçün ödənişləri əvvəlki illərə nisbətən bahalaşdırıb. Yəni hər hansı bir sərnişin özü ilə götürdüyü yük 11 kilo olarsa, sərnişin 38 manat ödəməlidir 

Aysel Aslan