Nəriman Əbdülrəhmanlı: "KİV, qəzet və jurnallar Azərbaycan yazıçılarının əsərlərini təbliğ etməli, onlara diqqəti artırmalıdırlar. Müntəzəm təbliğat aparılmalıdır ki, Azərbaycan oxucusu öz yazıçılarını sevsin"
"Ölkəmizdə xarici dilli əsərlərlə müqayisədə Azərbaycan dilli əsərlərin, ədəbiyyatların az satılmasının başlıca səbəbi oxucu kütləsinin azlığıdır”.
Bunu "Sherg.az”a yazıçı, tərcüməçi Nəriman Əbdülrəhmanlı deyib. O bildirib ki, kitablar çox satılarsa, nəşriyyatlar da Azərbaycan dilində ədəbiyyatın çap olunmasına, tərcümələrin çoxalmasına çalışacaqlar:
"Azərbaycan müəlliflərinin əsərlərinə diqqəti artırmaq lazımdır. Oxucunun diqqətini Azərbaycan ədəbiyyatına yönəltsək daha yaxşı olar. Çünki Azərbaycan dilində olan kitabları alanların əksəriyyəti tərcümə ədəbiyyatı ilə maraqlanır.
Azərbaycan yazıçılarının əsərləri, kitabları digər dillərdə olan ədəbiyyat və tərcümə ədəbiyyatı ilə müqayisədə az satılır. Bu, narahatlıq doğuran haldır. Çünki Azərbaycan yazıçılarının buraxılan kitabları arasında kifayət qədər ədəbi səviyyəsi yüksək kitablar da var.
Kütləvi informasiya vasitələri, qəzet və jurnallar Azərbaycan yazıçılarının əsərlərini təbliğ etməli, onlara diqqəti artırmalıdırlar. Müntəzəm təbliğat aparılmalıdır ki, Azərbaycan oxucusu öz yazıçılarını sevsin, əsərlərini oxusun”.
N.Əbdürrəhmanlının sözlərinə görə, çap olunan kitablarda əlavə dəyər vergisi də yüksək olduğundan nəşriyyatlar kitabları baha satmağa məcbur olur:
"Oxucu kütləsinin əsas hissəsi tələbələr, gənclər olduğuna görə, maddi imkanları hər kitabı almağa çatmır. Əlavə dəyər vergisini minimum həddə çatdırmaq lazımdır. Həmçinin Azərbaycan kitabını daim və məqsədyönlü şəkildə təbliğ edib, oxuculara çatdırmalıyıq. Belə olan təqdirdə satılan Azərbaycan dilli ədəbiyyatın çəkisi kitab dükanlarındakı ümumi satışın çəkisi içərisində xeyli artar. Heç olmasa, satılan ədəbiyyatın yarısı Azərbaycan ədəbiyyatı nümunələri olar”.
Qeyd edək ki, son zamanlar paytaxtdakı kitab mağazalarından Azərbaycan dilli ədəbiyyatlara, əsərlərə marağın azaldığı bildirilir. İddialara görə, ölkəmizdə xarici dilli əsərlərə meyl güclənib.
Aysel Aslan