Azərbaycan Gözdən Əlillər Cəmiyyəti İctimai Birliyi bəyanat yaydı
"Sherg.az" Moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının əlil vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində qəbul etdiyi 25 fevral, 15 aprel və 3 May 2019-cu il tarixli sərəncamlarına Azərbaycan Gözdən Əlillər Cəmiyyəti üzvlərinin münasibətini əks etdirən mətbuat konfransı keçirib və bəyanat yayıb. Bəyanatda deyilir:
"Az.GƏC-in ziyalı üzvləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cənablarının əlil vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində qəbul etdiyi 25 fevral, 15 aprel və 3 May 2019-cu il tarixli sərəncamları dəstəklədiyini və ölkə başçısı tərəfindən son zamanlar qəbul edilmiş bu silsilə fərman və sərəncamların ölkədə yaşayan əlil kontingentin həyat səviyyəsinin yüksəlişinə onların sosial rifahının və gələcək prespektivlərinin günü-gündən artacağına səbəb olacağını bildirir.
Az.GƏC-in üzvləri bu sərəncamlara görə ölkə başçısına xüsusi minnətdarlığını ərz etməklə yanaşı həm də son zamanlar müxalif siyasi qüvvələrin təsirində olan və ölkədə yalan və böhtan kampaniyaları ilə məşğul olan mətbuat nümayəndələrinin əlil vətəndaşlar adından saxta məlumatlar yayaraq sosial gərginliyə səbəb olacaq bəyanatlar verənləri də qınayaraq bu tip əsassız və heç bir hüquqi qüvvəsi olmayan xəbərlərin bu gün ölkəmizdə baş verən sosial islahatlara və dinamik inkişafa kölgə salmayacağını və gözdən əlil vətəndaşların təbii ki, bu yalanlara inanmadığını da bildirir. Az.GƏC-in ziyalı üzvləri son zamanlar sadəlöv gözdən əlil vətəndaşları da öz yalan kampaniyalarına alət etmək istəyən radikal qüvvələrə xidmət edən mediya nümayəndələrini isə bu çirkin niyyətlərindən çəkinməyə çağırır.
Belə ki Cəmiyyət üzvlərindən bir və ya bir neçə gözdən əlilin müraciətləri və ya narazılığı ümumilikdə gözdən əlil vətəndaşların narazılığı kimi qiymətləndirilə bilməz. Hər bir vətəndaşın öz mövqeyi və konstitusion hüquqları vardır. Ona görə də bir neçə gözdən əlil vətəndaşın müraciətini yüzlərlə gözdən əlil vətəndaşın adından qəbul etmək və bundan istifadə edərək öz çirkin niyyətlərini gözdən əlilləri alət etmək doğru yol deyil və biz bunu qəti surətdə qınayırıq.
Biz ölkə başçısının qəbul etdiyi sərəncamları dəstəkləyir və bu istiqamətdə qəbul edilən hər bir hüquqi normanın bizim sosial rifahımıza şamil olacağını bilir və bunu rəğbətlə qarşılayırıq. Hər bir cəmiyyət üzvü son zamanlar aparılan islahat və qəbul edilmiş sərəncamların əlil vətəndaşların nəinki özlərini həm də ailələrinin sosial səviyyəsinin yüksəlişinə səbəb olacağı üçün ölkə başçısına xüsusilə təşəkkürünü bildirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı Sərəncam və Fərmanların bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edərək ölkədə sosial rifahın bərqərar olacağına zəmin yaranmışdır.
Ölkə başçısının "Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncamı da əlil vətəndaşların sevincinə səbəb olmuşdur. Belə ki, sərəncama əsasən 2019-cu il martın 1-dən minimum əmək haqqının heç bir zaman artırılmayan rəqəmdə artırılmış bununla da əlil vətəndaşların pensiyalarında xüsusi artıma yol açmışdır. Bu da təbidir ki, ölkəmizdə yaşayan əhalinin xüsusilə də əlil kontingentin böyük sevincinə səbəb olmuşdur.
Xüsusilə minnətdarlığımızı ölkə başçısının qəbul etdiyi 3 May 2019-cu il tarixli sərəncamına görə bildiririk. Bu sərəncamı gözdən əlil ailələr xüsusi ilə sevinclə qarşıladı. Belə ki bu sərəncamla I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri dövlət tərəfindən ödənilməsi nəzərə alınmışdır. Bu isə gözdən əlil ailələrin iki qat sevincinə səbəb olmuşdur. Belə ki hər bir gözdən əlil ailədə əlilliyin ağır kateqoriyası olduğu üçün övladlar da gözdən əlil ola bilir. Beləliklə də valideyn əlil olduğu üçün övladının təhsil haqqını ödəmək imkanı olmur. Qəbul edilmiş sərəncamla gözdən əlil ailələrin xərc yükü xeyli miqdarda azalmaqla ailədə sosial rifahın təmin olunması gözlənilir.
Qəbul edilmiş sərəncamlar ümumilikdə ölkədə yaşayan 650 minə yaxın əlil kateqoriyalı vətəndaşları sevindirmiş və ölkə başçısının da verdiyi mesaja görə gələcəkdə də bu tip qərarların verilməsi ilə ölkədə ümumən sosial rifahın yüksəldilməsi gözlənir.
Bundan başqa "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 23 aprel tarixli 1568-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı isə yaxın 3 ay ərzində əmək pensiyalarına ediləcək müsbət dəyişiklikləri vəd edir.
Az.GƏC-in üzvləri bu sərəncamlara görə ölkə başçısına təşəkkür edir. Bu yolda ona daim müvəffəqiyyətlər arzu edir və bu konfransa təşrif buyuran sağlam media nümayəndələri vasitəsi ilə bütün ictimaiyyətə bəyan edir ki, gözdən əlil cəmiyyət üzvləri ölkə başçısının onlara olan xüsusi qayğısını hiss edir dəstəkləyir və onlara göstərilən bu ehtirama görə ona öz minnətdarlığını bildirirlər".