1870 tələbə sonradan dövlət hesabına keçdi - Ekspertlər DİM-in mexanizmini müzakirə edir

  • “Abituriyentin ixtisasları hansı ardıcıllıqla qeyd etməsi mühüm əhəmiyyət daşıyır”
  • “Burada söhbət kiminsə yerinin əlindən alınmasından getmir”
  • “Boş yerlər yalnız qeydiyyatdan sonra dəqiqləşir”

Dövlət İmtahan Mərkəzi (DİM) universitetlərə ödənişli əsaslarla qəbul olunan 1870 tələbənin əlavə müsabiqənin nəticələrinə əsasən dövlət hesabına təhsil almaq hüququ qazandığını açıqlayıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş tələbələr arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. Əlavə müsabiqənin nəticələrinə əsasən bakalavriat səviyyəsi üzrə 1870 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Məsələ ətrafında ekspertlərin fikirləri haçalanıb. Bir tərəf DİM-in tətbiq etdiyi mexanizmi normal və mövcud qaydalara uyğun hesab edir, digər tərəf isə dövlət sifarişli yerlərin ilk mərhələdə tam bölüşdürülməməsini ciddi problem kimi qiymətləndirir. Xüsusilə artıq təhsil haqqı ödəmiş tələbələrin vəsaitinin necə tənzimlənəcəyi əsas müzakirə mövzularından biridir.

Sherg.az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli hesab edir ki, burada əsas sual 1870 tələbənin niyə ilk müsabiqə zamanı dövlət sifarişi əsasında yerləşdirilməməsidir:

“DİM-in öz açıqlamasına görə, müəyyən sayda dövlət sifarişli yer boş qalıb. Sonradan həmin boş yerlər üçün ödənişli qəbul olunan tələbələr arasında əlavə müsabiqə keçirilib. Bəs bu tələbələr həmin vaxta qədər nə edib? Universitetə qeydiyyatdan keçib, təhsil haqqı ödəyib, ailəsinin büdcəsindən pul çıxarıb, bəlkə də borca girib. İndi isə məlum olur ki, onların arasında dövlət hesabına oxumaq hüququ qazanan 1870 nəfər var”.

Məzahir Məmmədli hesab edir ki, burada DİM-in qəbul sistemi ilə bağlı ciddi suallar ortaya çıxır: “Əgər dövlət sifarişli yerlər boş qalacaqdısa, niyə həmin yerlər ilk müsabiqədə balları uyğun gələn abituriyentlər arasında bölüşdürülmədi? Əgər sistem bunu ilk mərhələdə texniki və ya təşkilati səbəbdən edə bilmirdisə, bunun məsuliyyəti kimdədir?”

Ekspert, həmçinin artıq təhsil haqqı ödəmiş tələbələrin vəsaitinin taleyinin də açıqlanmasını vacib sayıb: “Vətəndaşdan ödənişi vaxtında tələb etməyi bacaran sistem, vətəndaşın haqqını vaxtında müəyyənləşdirməyi də bacarmalıdır. Bu, sadəcə 1870 tələbənin məsələsi deyil. Bu, qəbul sisteminə və DİM-in qərarlarına olan etimad məsələsidir”. Məzahir Məmmədli DİM-in bir sıra məsələlərə açıq və konkret cavab verməli olduğunu bildirib: “Niyə bu tələbələr əvvəlcədən dövlət hesabına yerləşdirilmədi? Neçə nəfər artıq təhsil haqqı ödəyib? Ödənilmiş vəsait geri qaytarılacaqmı? Bu gecikmənin məsuliyyəti kimdədir?” Ekspertin fikrincə, dövlət hesabına təhsil almaq hüququ sonradan “hədiyyə” kimi təqdim edilməməlidir: “Əgər bu hüquq tələbənin balı ilə qazanılıbsa, o hüquq vaxtında və düzgün tətbiq edilməli idi”.

Təhsil eksperti Ramin Nurəliyev isə bildirib ki, bəzi ixtisaslar üzrə boş qalan dövlət sifarişli yerlərin hər il istifadə olunmadan qalmasının qarşısını almaq məqsədilə DİM həmin yerləri eyni ixtisas üzrə ödənişli əsaslarla qəbul olunan, lakin daha yüksək bal toplayan tələbələr arasında bölüşdürür: “Yəni tələbə eyni ixtisas üzrə ödənişli əsaslarla qəbul olunubsa və həmin ixtisasda dövlət sifarişli yer boş qalıbsa, yüksək bal toplayan və ödənişli əsaslarla qəbul olunan tələbəyə həmin dövlət sifarişli yer verilir. Beləliklə, tələbə təhsilini dövlət hesabına davam etdirir. Qeydiyyat zamanı ödədiyi təhsil haqqı da geri qaytarılır. Bu, dövlətin tələbələrə göstərdiyi diqqətin və humanist yanaşmanın nümunəsidir”.

Təhsil eksperti Rizvan Fikrətoğlu Sherg.az-a məsələnin hər il tətbiq olunan müəyyən mexanizm əsasında tənzimləndiyini bildirib. Onun sözlərinə görə, ödənişli əsaslarla qəbul olunan, lakin sonradan dövlət sifarişi üzrə əlavə yerləşdirilən tələbələrin əvvəlcədən ödədikləri təhsil haqqı universitet tərəfindən geri qaytarılır. Ekspert yerləşdirmə prosesində əsas meyarlardan birinin abituriyentin ixtisas seçimində göstərdiyi ardıcıllıq olduğunu qeyd edib:

“Abituriyent, məsələn, 15 ixtisas seçibsə, həmin ixtisasları hansı ardıcıllıqla qeyd etməsi mühüm əhəmiyyət daşıyır. DİM-in qaydalarına əsasən, yerləşdirmə də bu ardıcıllıq nəzərə alınmaqla aparılır və abituriyent müsabiqədən keçdiyi ixtisasların ilkində yerləşdirilir. Əlavə yerləşdirmə zamanı isə ilkin mərhələdə tutulmayan və ya qəbul olunduğu halda qeydiyyatdan keçməyən şəxslər səbəbindən boş qalan dövlət sifarişli yerlər nəzərə alınır. Həmin yerlər üzrə müvafiq ixtisası seçmiş və müsabiqə şərtlərinə cavab verən abituriyentlər arasında bal göstəricilərinə uyğun olaraq əlavə yerləşdirmə həyata keçirilir. Burada əsas məqam ondan ibarətdir ki, ilkin yerləşdirmə zamanı DİM hansı abituriyentin sonradan qeydiyyatdan keçməyəcəyini və ya qəbuldan imtina edəcəyini əvvəlcədən müəyyən edə bilməz. Buna görə də boş qalan dövlət sifarişli yerlərin sayı yalnız qeydiyyat mərhələsindən sonra dəqiqləşir və həmin yerlər üzrə əlavə yerləşdirmə aparılır. Yəni burada söhbət kiminsə dövlət sifarişli yerinin sonradan əlindən alınmasından getmir. Söhbət ilkin mərhələdə boş qalan və ya qeydiyyatdan keçməyənlər səbəbindən sonradan yaranan dövlət sifarişli yerlərin yenidən müsabiqəyə çıxarılmasından gedir”.