Birləşmiş Millətlər Təşkilatı (BMT) ötən il Avropaya çatan miqrant uşaqların əksəriyyətinin valideynləri və ya qəyyumları olmadan səyahət etdiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, BMT-nin uşaqlar, miqrasiya və qaçqınlarla bağlı qurumlarının birgə hazırladığı araşdırmaya əsasən, ötən il miqrasiya marşrutları ilə Avropaya çatan 31 100 uşaqdan 20 mindən çoxu valideynləri və ya qəyyumları olmadan gəlib.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) rəhbəri Emi Poup bildirib ki, təhlükəsiz keçid yollarının məhdud olması və uşaqların insan alverçilərinə güvənmək məcburiyyətində qalması onları zorakılıq və istismara daha çox məruz qoyur.
Araşdırmaya görə, Bolqarıstan, Kipr, Yunanıstan, İtaliya, Malta və İspaniyaya dəniz və quru yolu ilə gələn uşaqların ümumi sayı 2024-cü illə müqayisədə 25 faiz azalıb. Buna baxmayaraq, müşayiətsiz uşaqların payı 51 faizdən 67 faizə yüksəlib.
İtaliyaya 12 mindən çox müşayiətsiz uşaq gəlib. Onların əsasən Misir, Eritreya, Banqladeş, Somali və Sudandan olduğu bildirilib. İspaniyaya isə əsasən Əlcəzair, Mərakeş, Mali və Seneqaldan olmaqla 4 700-dən çox müşayiətsiz uşaq çatıb.
BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, 15-24 yaş arası miqrantların demək olar ki, yarısı səfərləri zamanı, xüsusilə Liviyada fiziki zorakılığa məruz qaldığını bildirib.
Təşkilat Avropa İttifaqına üzv dövlətləri bütün qərarlarda uşaqların üstün maraqlarını əsas götürməyə, onların xidmətlərə vaxtında çıxışını təmin etməyə və miqrasiya məqsədilə uşaqları heç vaxt həbsdə saxlamamağa çağırıb.