Azərbaycan-Gürcüstan-Türkiyə formatı çox uğurlu modeldir
Xəbər verdiyimiz kimi, dünən Bakıda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin rəhbəri Vladimer Çaçibaia ilə görüş keçirib. Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Müdafiə naziri Zakir Həsənov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir. Nazir bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir: "Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Hazırda üçtərəfli komanda qərargah təlimləri Türkiyə ərazisində keçirilir, bu ildən etibarən təlimlərdə hərbi gücdən istifadə olunur”.
Generalların üçtərəfli görüşünü "Şərq”ə dəyərləndirən analitik Ehtiram Aşırlı deyib ki, hazırkı mərhələdə Azərbaycan regional müstəvidə bir neçə üçtərəfli formatların təşəbbüskarı və ya iştirakçısıdır:
"Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Rusiya-İran formatları regional məsələlərin müzakirəsi, əməkdaşlıq əlaqələrinin inkişafı, birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətli təşəbbüslərdir. Bu yeni trend, eyni zamanda Azərbaycanın təcavüzkar Ermənistanı çıxmaq şərtilə bütün qonşuları ilə qarşılıqlı faydalı münasibətlərə verdiyi əhəmiyyətin göstəricisi hesab edilir. Buna sübut kimi bu yaxınlarda Xəzəryanı dövlətlərin su sərhədlərinin razılaşdırılması haqqında imzalanan müqaviləni də göstərmək olar. Azərbaycanın təşəbbüskarı olduğu üçtərəfli əməkdaşlıq formatlarından birincisi, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığıdır. Bu üçlük Cənubi Qafqazdan əlavə Xəzər-Qara-Aralıq dənizi hövzələrini birləşdirən strateji bölgəni də əhatə edir. Bu üçbucağın formalaşmasının əsasında tarixi və mədəni əlaqələr, coğrafi qonşuluq, vahid tranzit dəhlizinin tərkib hissələri olmaq, birgə iqtisadi əməkdaşlıq üçün əlverişli şərait və siyasi iradə dayanır. Hər üç ölkə bir-biri ilə strateji tərəfdaşdır”.
Ekspert bildirib ki, regional hərbi məsələlərə gəldikdə isə qeyd etməliyik ki, Türkiyə NATO üzvüdür. Gürcüstan Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıb və NATO-ya real namizəddir: "Azərbaycan isə heç bir hərbi-siyasi blokda iştirak etmir və bütün tərəflərlə qarşılıqlı, faydalı, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu fərqli yanaşmalara baxmayaraq, hər üç ölkə müxtəlif sahələr üzrə, xüsusilə hərbi sahədə birgə əməkdaşlıq imkanlarını getdikcə daha da inkişaf etdirir. Digər tərəfdən Türkiyənin Qafqazda keçirilən hərbi təlimlərdə iştirak etməsi, onun regionda möhkəmlənməsi və nüfuzunun artması deməkdir. Bu isə istənilən halda həm Türkiyənin, həm Azərbaycanın, həm də Gürcüstanın strateji maraqlarına uyğundur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlıq artıq mövcuddur və Bakıda baş tutmuş görüşün yekununda növbəti sənədin imzalanması hər ölkənin bu regionda sülh və sabitliyin təmin olunması məsələsinin nə qədər önəmli olduğunu bir daha vurğulamış oldular. Təbii ki, imzalanan sənəddə regionda sabitliyin möhkəmlənməsi, təhlükəsizliyin qorunması nəzərdə tutulur . Eyni zamanda radikal qruplarla fəal mübarizə, kəşfiyyat məlumatlarının və digər məlumatların mübadiləsinin həyata keçirilməsi sənəddə öz əksini tapıb. Düşünürəm ki, region dövlətlərindən hər biri mümkün risk və təhdidlərin aradan qaldırılması üçün səyləri birləşdirməlidir. Memorandumun qəbul edilməsi region üçün vacib əhəmiyyət kəsb etməklə işğalçılıq siyasəti yenidən dövlətlərə qarşı ciddi bir siqnal hesab edilə bilər. Regionda uzun müddət davam edən təhdidlərin qarşısının alınması üçün hər üç tərəfdaş ölkə səylərini birləşdirərək aktiv şəkildə müştərək təlimlərə qoşulmağa qərar verdi”.
Politoloq xatırladıb ki, birgə hərbi təlimlərin təşkili barədə razılaşma daha əvvəl keçirilən üçtərəfli görüşlər nəticəsində əldə olunub və onlar mütəmadi olaraq növbə ilə tərəfdaş ölkələrdən birinin ərazisində həyata keçirilir:
"Bəziləri bu qərara əvvəllər şübhə ilə yanaşsalar da, 2017-ci il iyun ayının 4-dən 14-nə qədər Azərbaycan-Gürcüstan-Türkiyə xüsusi təyinatlı qüvvələrinin ilk dəfə iştirakı ilə Tiflisdə "Qafqaz Qartalı” adlı birgə səhra təlimləri, həmin ilin sentyabrında isə qərargah təlimləri keçirildi. Bu təlimlər ekspertlər tərəfindən üçtərəfli əməkdaşlığın yüksək zirvəsi kimi dəyərləndirilir. Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti üçtərəfli görüşü 2019-cu ildə Türkiyədə keçiriləcək. Görüş tarixini ev sahibi olacaq Türkiyə tərəfi müəyyənləşdirəcək”.
Ekspertə görə, zaman keçdikcə hər üç ölkə arasında bütün istiqamətlər üzrə daha da sıx münasibətlər yaranır: "Azərbaycan-Gürcüstan-Türkiyə arasında əməkdaşlıq regionda sülhün və sabitliyin qorunmasına, rifah səviyyəsinin artırılmasına xidmət edir. Ermənistan isə regionda sülh və təhlükəsizliyə ən böyük təhdiddir. Hazırda regionda maraqlı bir mənzərə yaranıb: bir tərəfdə regionda bütün istiqamətlər üzrə problemlər yaradan Ermənistan, digər tərəfdə isə regional inkişafa müsbət təkan verən üçlü əməkdaşlıq nümunəsi mövcuddur. Buna görə də Qafqazda davamlı sülh və tərəqqi üçün yaradılan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatını uğurlu əməkdaşlıq modeli adlandırmaq daha doğru olardı”.
İsmayıl