“Azərbaycan jurnalistikasının da problemləri var”

“Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü media olsun. Heç bir qurumdan, iqtisadi mərkəzdən asılı olmayan media olaraq reklam və digər gəlirlərdən özünün iqtisadi siyasəti düzgün qura bilsin”



"Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir”

"Sherg.az”ın xəbərinə görə, bu barədə Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ rəhbəri vurğulayıb ki, Azərbaycanda elə bir insan yoxdur ki, öz fikirlərini bölüşərkən hansısa maneə ilə üzləşsin:

"Azərbaycanda 1998-ci ildə ulu öndər Heydər Əliyevin siyasi iradəsinin nəticəsi olaraq mətbuat üzərindən senzura götürülüb. Azərbaycan MDB dövlətləri arasında senzuranı ləğv edən ilk ölkədir. Bu gün Azərbaycan mətbuatı hərtərəfli tələblərə cavab verən qanunvericilik bazasına malikdir. Bütün bunlar hamısı ulu öndərin şəxsi təşəbbüsü ilə həyata keçirilib”.

Əflatun Amaşov bildirib ki, Azərbaycan mediası dünya mediasının tərkib hissəsidir: "1991-cildə Afrika jurnalistləri üçün təşkil olunan tədbirdən sonra UNESKO BMT qarşısında məsələ qaldırdı ki, 3 May Beynəlxalq Mətbuat Azadlığı Günü kimi qeyd olunsun. Elə o vaxtdan Asiya ölkələri üçün Almatıda, Amerika ölkələri üçün Torontoda və s. tədbirlər keçirildi və müxtəlif bəyannamələr qəbul olundu. Həmin sənədlərdə göstərilirdi ki, jurnalistlər öz fəaliyyətini azad şəkildə qurmalıdır, medianın əsas vəzifəsi baş verən hadisələrlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Həmin sənədlərdə senzuranın ləğv edilməsi məsələsi də gündəmə gəlib”.

Şura sədri deyib ki, bu gün Azərbaycan mediası kifayət qədər inkişaf edən müstəqil mediadır: 

"1993-cü ildən belə tədbirlər mütəmadi olaraq ölkəmizdə keçirilir. Biz Azərbaycan mediasına nəzər yetiririk. Azərbaycanda baş verən hər cür hadisə ictimaiyyətə çatdırılır. Azərbaycanda istənilən şəxs fikir və ideyalarını KİV və sosial şəbəkələr vasitəsilə cəmiyyətdə yaya bilir. 

Bu gün ölkəmizdə 3 milyon insan sosial şəbəkələrdən istifadə edir. Bu gün Azərbaycan mediası ölkəmizlə bağlı hadisələrə ümummilli maraqlardan baxmağı bacaran jurnalistikadır. Azərbaycan mediası dünyanın inkişaf etmiş mediasının tərkib hissəsidir. 

Bu gün dünya, tələblər dəyişir. Azərbaycan jurnalistikasının da problemləri var. Vaxt keçdikcə bu problemləri həll edirik. Çalışırıq ki, Azərbaycan mediası iqtisadi baxımdan da güclü media olsun. Heç bir qurumdan, iqtisadi mərkəzdən asılı olmayan media olaraq reklam və digər gəlirlərdən özünün iqtisadi siyasəti düzgün qura bilsin. Bizim indiki şəraitdə qarşıya qoyduğumuz əsas vəzifə məhz bunlardan ibarətdir”.

İsmayıl