Yadigar Məmmədli: “Media aləmində heç kim deyə bilməz ki, Əflatun Amaşov tərəf tutub”
Azərbaycan jurnalistləri növbəti qurultaya hazırlaşır
Azər Həsrət: “Qurum ötən müddətdə üzərinə düşəni layiqincə yerinə yetirib”
Yadigar Məmmədli: “Media aləmində heç kim deyə bilməz ki, Əflatun Amaşov tərəf tutub”
Yadigar Məmmədli: “Media aləmində heç kim deyə bilməz ki, Əflatun Amaşov tərəf tutub”
(Əvvəli ötən sayımızda)
Mart ayının 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurası haqqında nizamnamənin tələbinə uyğun olaraq sədr və idarə heyətinin yeni üzvləri seçiləcək. Qurultaya hazırlıq prosesi barədə məlumat verən Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli nizamnamədən irəli gələn bütün proseduralara əməl olunduğunu, hazırlıq işlərinin vaxtında başa çatacağını deyib:
"Mətbuat Şurasına üzv təşkilatlara anketlər göndərilir, onlar istədikləri namizədlərin adını təqdim edirlər. Eyni zamanda qurultayda iştirak edəcək nümayəndələrini seçirlər. Anketlərin toplanmasından sonra növbəti müzakirələr keçiriləcək və qurultayla bağlı digər təşkilati işlər görüləcək”. M.Ələsgərlinin sözlərinə görə, qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsi fevralın 25-də yekunlaşacaq.
15 illik fəaliyyət...
15 ildir fəaliyyət göstərən Mətbuat Şurasının ilk qurultayı 2003-cü ilin 15 mart ayında keçirilib. Şura 180 aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsindən ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyə qədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir.
Şuranın başlıca missiyası şikayətləri araşdırmaqdır
Medianın özünütənzimləməsini həyata keçirən Mətbuat Şurasına hazırda Əflatun Amaşov rəhbərlik edir. Şura sədrinin 2 müavini var. Onlardan biri jurnalistləri, digəri ictimaiyyət nümayəndələrini təmsil edir. Qurumun qərarları İdarə Heyətinin iclaslarında kollegial şəkildə qəbul olunur. İdarə Heyəti 17 əsas və 5 ehtiyat üzvdən ibarətdir. Mətbuat Şurasının işlərinin icrası Katiblik tərəfindən həyata keçirilir. Katiblik Şuraya daxil olan şikayətlərin araşdırılmasını həyata keçirir və monitorinq qrupunun fəaliyyətinə nəzarət edir. Monitorinq qrupu ayda bir dəfə KİV-lərdə apardığı araşdırmalara əsasən nəzərəçarpan tendensiyaları, peşə prinsiplərinin pozulmasındakı bariz təzahür formalarını müəyyənləşdirir, bununla bağlı yekun hesabat hazırlayaraq icraçı katibə təqdim edir. Şuranın başlıca missiyası şikayətlərin araşdırılmasıdır. Şikayətlər üzrə Komissiya konkret məsələ ilə əlaqədar yalnız zəruri hallar meydana çıxdığı təqdirdə "Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasından araşdırma tələb edir. Bu isə o deməkdir ki, qurum hər hansı KİV-in "reket” elan olunmasına və "qara siyahı”ya salınmasına dair MŞ İdarə Heyətinə birbaşa rəy vermək səlahiyyətinə malikdir.
Qurumun reallaşdırdığı mühüm layihələr...
Şuranın qərarlarında nəzərdə tutulan ən ciddi cəza tədbiri "qara siyahı”ya daxil etmədir. Bu ictimai qınaq növü peşə prinsiplərinə tam laqeyd yanaşan, yazılarında tənqid obyektinin şərəf və ləyaqətini ləkələyən, işgüzar nüfuzuna bilərəkdən ziyan vuran KİV-lər haqqında seçilir. "Qara siyahı” mütəmadi olaraq yenilənir və ölkənin aparıcı kütləvi informasiya vasitələrində yayımlanır. Mətbuat Şurasının tərkibində ümumilikdə yeddi komissiya fəaliyyət göstərir. Qurum həmçinin, regionlarda mətbuatın inkişafına yönələn layihələrin müəyyənləşdirilməsini həyata keçirir, ölkənin müxtəlif şəhər və rayonlarında tematik tədbirlərin təşkili məsələlərini həll edir. Şura indiyədək jurnalistlərin təhsil, səhiyyə, vergi, məhkəmə orqanları ilə qarşılıqlı əlaqələrinə dair çoxsaylı layihələr reallaşdırıb. Şuranın layihələri həmçinin media sahəsindəki mühüm problemlərin həllinə dəstəyi də nəzərdə tutur. Bu baxımdan jurnalistlərin ilk mənbədən informasiya almaları, estremal vəziyyətlərin işıqlandırılması, mediada siyasiləşmə, iqtisadi asılılıq və digər məsələlər qeyd edilə bilər.
MŞ-nin beynəlxalq əlaqələri...
Mətbuat Şurası 2005-ci ildən Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının və Avropa Mətbuat Şuraları Alyansının üzvüdür. Şura sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının İdarə Heyətində təmsil olunur. Şura üzvləri bu qurumların hər il dünyanın müxtəlif bölgələrində baş tutan illik toplantılarına qatılır, məruzə ilə çıxış edirlər. Mətbuat Şurası postsovet məkanının və Türkiyənin nüfuzlu media qurumları ilə sıx əlaqədədir. Bundan başqa qurum Avstriyanın, Böyük Britaniyanın və Hindistanın mətbuat şuraları ilə əməkdaşlıq edir. Şura ilə Türkiyə Qəzetəcilər Cəmiyyəti və Türkiyə Mətbuat Şurası arasında anlaşma memorandumu mövcuddur. Qurumun başlıca maliyyə mənbəyi MŞ-yə üzv təşkilatların ödədikləri illik üzvlük haqlarıdır. Bu məbləğ gündəlik qəzetlər, informasiya agentlikləri və jurnalist təşkilatları üçün 148 manat 50 qəpik, həftəlik qəzetlər və jurnallar üçün 99 manat məbləğindədir. Bununla yanaşı, MŞ müxtəlif xarici fondların, səfirliklərin, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin, həmçinin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə layihələr həyata keçirir.
"Mətbuat Şurası nəinki üzərinə düşəni, hətta əlavə vəzifələri də layiqincə icra edib”
Mövzu ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət deyib ki, 15 il yetərincə uzun müddətdir və belə bir gündə geri dönüb nələri etdiyimizə baxmağa dəyər: "MŞ-nin qurucularından və hazırda İdarə Heyətinin üzvlərindən biri olaraq bu qənaətdəyəm ki, qurum ötən müddətdə üzərinə düşəni layiqincə yerinə yetirib. Nəinki üzərinə düşəni, hətta əlavə vəzifələri də layiqincə icra edib. Belə vəzifələr sırasında jurnalistlərin hüquq və mənafelərinin qorunması, sosial təminat məsələlərinin gündəmdə tutulması, eyni zamanda medianın təchizat məsələlərində konkret addımların atılmasını qeyd edərdim. Ümumi fikrim budur ki, MŞ ötən 15 ili Əflatun Amaşovun başçılığı altında layiqincə yola salır və yeni mərhələyə hazırlaşır”.
"Mətbuat Şurası mətbuatı doğru istiqamətə yönəldir”
Mətbuat Şurasının İdarə Heyətinin digər üzvü, Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədli də "Şərq”ə deyib ki, qurum yarandığı dövrdə Azərbaycanda tamam başqa ab-hava mövcud idi. Həmin dövrlə indini müqayisə edəndə, 15 il ərzində qurumun çox uğurlu yol keçdiyini söyləmək mümkündür: "Əgər kimlərsə, struktur əleyhinə tənqidi fikirlər səsləndirirsə, bunun özü qurumun ciddi fəaliyyətini göstərir. İş olmayan yerdə tənqid də olmaz. Lakin düşünürəm ki, Mətbuat Şurasından xoşu gəlməyənlər, qurumu hədəf götürənlər jurnalistika adına iddia edən, neqativ işlərlə məşğul olan, medianın peşə-davranış qaydalarına əməl etməyən şəxslərdir. MŞ onlarla mübarizə apardığı üçün tənqidə tuş gəlir. Amma gəlin, real olaraq Mətbuat Şurasının 15 illik fəaliyyətinə nəzər salaq. Bəlkə də 15 il çox uzun dövr sayılmır. Ancaq qurumun keçdiyi yol baxımından çox möhtəşəm bir dövrdür. Mətbuat Şurası Azərbaycanda yaradılanda MDB dövlətləri içində hələ heç bir ölkədə belə bir qurum yox idi. Mərhum prezident Heydər Əliyev mətbuat üzərindəki senzuranı ləğv etdikdən və medianın bir çox problemlərini aradan qaldırdıqdan sonra, xüsusən də Mətbuat İnformasiya Nazirliyinin yoxluğundan sonra media aləmində boşluq yaranmışdı. Həmin boşluğu Mətbuat Şurası doldurdu. Ancaq fərq ondadır idi ki, bizim birgə yaratdığımız Mətbuat Şurası dövlət qurumu kimi medianın işinə nəzarət etmir, hansısa məhdudiyyətlər qoymur. Sadəcə mətbuatı doğru istiqamətə yönəldir. Mətbuat Şurası dövlət qurumları və ictimaiyyətlə media arasında əlaqələrin tənzimlənməsinə yardım edir. Ancaq Qərb ölkələrində vəziyyət fərqlidir, məsələn, Avropa dövlətlərində yaradılan mətbuat şuraları medianın təsir və təzyiqlərindən ictimaiyyəti qorumaq üçün fəaliyyət göstərir. Azərbaycan Mətbuat Şurası isə jurnalistikanın inkişafı ilə yanaşı, həm medianın, həm də cəmiyyətin maraqlarını əsas götürür”.
"Əflatun müəllim müstəsna xidmətlərə imza atıb”
Y.Məmmədli bildirib ki, Mətbuat Şurasının bugünə gəlib çatmasında, uğurlu işləməsində qurumun sədri, hörmətli Əflatun Amaşovun xidmətləri böyükdür: "Əflatun müəllimin xarizmatik hərəkətləri quruma olan etimadın yüksəlməsinə gətirib çıxarıb. MŞ sədri cəmiyyət və dövlət qurumları ilə mətbuat arasında orta mövqe tutmaq, jurnalistləri qorumaq baxımından müstəsna xidmətlərə imza atıb. Media aləmində heç kim deyə bilməz ki, Əflatun Amaşov tərəf tutub, haqsızlıq edib. Əflatun müəllim hər zaman ədalətli olub. Dəfələrlə şahidi olmuşuq ki, qurum sədri mətbuat aləmindəki hər bir fərdin problemi ilə şəxsən maraqlanıb. O baxımdan bu gün qurumun uğurlarından danışarkən, İdarə Heyətinin üzvləri ilə yanaşı, Şuranın sədri Əflatun Amaşovun da əməyi xüsusi vurğulanmalıdır. Ümid edirik ki, bu ənənə belə də davam edəcək”.
İsmayıl Qocayev
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb