Azərbaycan pambıqdan böyük məbləğdə gəlir əldə etmək potensialına malikdir

Oqtay Haqverdiyev: “Biz pambığı son məhsula gətirib çıxartsaq, yəni ondan geyim əşyaları hazırlansa, daha yaxşı gəlir götürərik”
Vüqar Bayramov: “Ölkədə yüngül sənaye və geyim məhsullarına olan tələbatı nəzərə alsaq, biz emal haqqında da düşünməliyik”

Dövlət başçısı İlham Əliyev Sabirabad rayonunda keçirdiyi müşavirədə pambıqçılığın inkişafına dair çıxış edib. Prezident qeyd edib ki, dünyada neftin qiymətinin düşməsi ilə bağlı Azərbaycanın gəlirləri də 3-4 dəfə azalıb. İ.Əliyev vurğulayıb ki, ölkəyə valyuta axınını təmin etməkdən ötrü ixrac imkanlarını gücləndirmək lazımdır: "Ona görə, ixrac yönümlü məhsulların istehsalı xüsusi əhəmiyyət daşıyır, pambıq da ixrac yönümlü məhsuldur. Təsadüfi deyil ki, pambığa "ağ qızıl” deyirlər”. Dövlət başçısı 2016-cı ili pambıqçılığın bərpasının ilk ili adlandırıb. O, pambıqçılıq sahəsindəki mövcud durumu acınacaqlı adlandırıb. Keçən il cəmi 35 min ton pambıq istehsal edildiyini qeyd edib. İ.Əliyev 2015-ci ildə cəmi 18 min hektar sahədə pambıq əkilməsini və cəmi 35 min ton məhsul yığılmasını pambıqçılığın məhvi kimi dəyərləndirib.

Dövlət başçısı 2016-cı ilin də göstəricilərinə toxunub: "Bu il bütövlükdə 51 min hektar sahədə pambıq əkilib. Keçən illə müqayisədə bu, təxminən üç dəfə çoxdur. Bu il ən azı 100 min ton pambıq yığılmalıdır”. Ölkə başçısı deyib ki, 2017-ci ildə pambıqçılıqla bağlı dövlətin daha böyük planları var. Prezident vurğulayıb ki, pambıqçılığın inkişafı sosial məsələlərin həllinə də təkan verəcək: "Mənə verilən məlumata görə, bu il 24 rayonda pambıq tarlalarında 70 minə yaxın insan işləyəcək və bu, məşğulluğun artırılması deməkdir”. Prezident deyib ki, son 13 ildə ölkədə 1 milyon 300 min iş yeri yaradılıb. Bu, tarixi nailiyyət və işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımdır: "Biz bu il pambığın alış qiymətini də 20 faiz qaldırdıq. Ancaq yenə də baxmalıyıq, bəlkə yenə də qaldırmaq lazımdır”.

Ekspertlər də hesab edir ki, mövcud imkanlardan istifadə edib pambığı qızıla çevirə bilərik. Onların sözlərinə görə, əgər sovet vaxtı Azərbaycan yalnız xam məhsulun dəyərini qazanırdısa, indi ölkəmizdə emal etmək üçün də kifayət qədər imkanlar var.

İqtisadçı-ekspert Oqtay Haqverdiyev "Şərq”ə açıqlamasında indiki şəraitdə Azərbaycanın pambıqdan böyük məbləğdə gəlir əldə etmək potensialının olduğunu deyib: "Pambıqçılıq bizim üçün yeni bir fəaliyyət sahəsi deyil ki. Vaxtı ilə ölkəmizdə pambıq istehsalı olub. Ölkə başçısının bu sahəyə diqqət ayırması və pambıqçılığın inkişafı ilə bağlı öz töhfələrini verməsi təqdirəlayiq haldır. Amma məni daha çox narahat edən bir məsələ var ki, sözügedən müşavirədə o sahəyə toxunulmadı. Biz pambığı son məhsula gətirib çatdırmırıq. O vaxtları Azərbaycan pambığı xammal formasında Moskvanın göstərişi ilə müxtəlif ölkələrə göndərilirdi. Amma indi sovet dövrü deyil. Biz pambığı son məhsula gətirib çıxartsaq, yəni ondan geyim əşyaları hazırlansa, daha yaxşı gəlir götürərik. Pambığı sadəcə xammal kimi satacağıqsa, bunun heç bir effekti, xeyri olmayacaq. Təsəvvür edin, Azərbaycanda yetişdirilən pambıq xammal formasında Türkiyəyə satılacaq. Onlar da xam pambıqdan sap düzəldəcəklər, geyim tikəcəklər və həmin geyimləri bizə satacaqlar. Əlimizdə xammal olandan sonra özümüz niyə emal etməyək ki? Bu zaman həm iş yerləri olar, həm də gəlirlərimiz artar. Xammal bir o qədər də baha qiymətə satılmadığı üçün əksər ölkələr istehsal etdikləri məhsulu emaldan sonra satmağa üstünlük verirlər”.

Ölkəmizdə pambığın becərilməsi üçün münbit torpaq, işçi qüvvəsi və su olduğunu vurğulayan iqtisadçı SSRİ-nin vaxtında Azərbaycanda 600 min tondan artıq pampıq istehsalı olduğunu deyib: "Bunu vaxtilə etmişdik. Təbii ki, indi ona gəlib çatmaq üçün illər lazımdır. Həm investisiya, həm də torpaq islahatları aparılmalıdır. Amma yetişdirdiyimiz pambıqdan son məshula qədər istifadə edilsə, yaxşı qazanc əldə etmək mümkündür. Pambığı son məhsula çatdırmaq birinci şərtdir. Ancaq o zaman pambıq neftə alternativ kimi çıxış edə bilər. Yox əgər pambıq yenə də əvvəlki kimi xammal kimi satılacaqsa, qəpik-quruş qazanacağıq. Xammalın dünya bazarında qiyməti gah düşür, gah da qalxır. Ancaq fabrik-zavodlar tikib, o xammaldan geyim əşyaları üçün istifadə olunsa, daha yaxşı gəlir əldə oluna bilər. Bu zaman yalnız kənd təsərrüfatı ilə məşğul olan insanlar deyil, fabrik və zavodlar da gəlir əldə edəcəklər. Həmdəki məhsulu xam formada satdıqda yaranan iş yerlərinin sayı elə də çox olmur. Amma əgər emal edilib satılırsa, çox sayda yeni iş yeri yaradılacaq”.

İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov da pambıqçılığın Azərbaycan üçün prioritet sektorlardan olduğunu deyib və qeyd edib ki, ölkəyə valyuta daxil olmasını stimullaşdıran bir istiqamətdir: "Təəssüf ki, son dövrlər bu sektorun zəif inkişaf etməsi, bir sıra pambıq sahələrinin ləğv edilməsi, eyni zamanda pambıqçılıq zavodlarının, pambıq istehsal edən fermerlərlə anlaşa bilməməsi, əksər hallarda onların təkliflərinin fermerlər üçün məqbul olmaması pambıq becərilməsinə marağın azalmasına gətirib çıxardı. Beləliklə pambıq sahələrinin sayı kəskin şəkildə azaldı”. Pambıqçılığın inkişaf etdirilməsinə və bu sektorun dəstəklənməsinə ehtiyac olduğunu vurğulayan V.Bayramov da pambığın emalı haqqında daha çox düşünməli olduğumuzu deyib: "Gəlir əldə etmək üçün bir istiqamət istehsal

olunan məhsulun xammal kimi xaricə ixrac edilməsidir. Digər tərəfdən, ölkədə yüngül sənaye və geyim məhsullarına olan tələbatı nəzərə alsaq, biz emal haqqında da düşünməliyik. Pambığı emal edib məhsullarını da xaricə ixrac edə bilərik. Azərbaycanda yüngül sənaye məhsullarına tələbat kifayət qədər yüksəkdir. Biz xaricdən, xüsusilə geyim və yüngül sənaye məhsullarını idxal edirik. Pambıqçılığın həm də emaledici istiqamətdə formalaşması idxalın azalmasına gətirib çıxaracaq. Bunun üçün yeni istehsal sahələrinin yaradılmasına ehtiyac var. Xüsusilə geyim məhsulları hazırlayan istehsal sahələrinin və fabriklərin formalaşması lazımdır. Bununla bir sıra tələb olan məhsulları yerli istehsal hesabına ödəmək mümkün olacaq. Azərbaycan vətəndaşları böyük məbləğdə vəsaitləri geyimləri üçün sərf edir. Nəticədə valyuta ölkədən xaricə gedir. Amma pambıqçılıqla bağlı emaledici sektorun inkişaf etdirilməsi həm idxaldan asılılığın aradan qaldırılmasına, həm yeni iş yerləri açılmasına, həm də valyutanın ölkə daxilində qalmasına şərait yaradacaq. Bu baxımdan, daha məqsədəuyğundur ki, pambıq yalnız xammal formasında deyil, eyni zamanda daxildə yeni istehsal sektorlarını inkişaf etdirməklə, həm də emal edilib məhsul formasında istifadə edilsin. Emal prosesinin bərpa olunması həm pambıqçılığın inkişaf etdirilməsinə, həm də yerli istehsalın artırılması hesabına idxaldan asılılığın minimumlaşdırılmasına səbəb olacaq”.

İqtisadçının qənaətincə, pambığın ölkədə emalı zamanı həm köhnə emal müəssisələrini yenidən qurmaq, həm də sahibkarları stimullaşdırıb, yeni zavod-fabriklərin də açılmasına şərait yaratmaq olar. "Bu gün geyim məhsullarının istehsalı ilə məşğul olmaq istəyən kifayət qədər sahibkar var. Dövlət o sahibkarları stimullaşdırmalı, güzəştli kreditlər almalarına şərait yaratmalıdır. Pambıqçılıq üzrə ixtisaslaşmış rayonların, istehsal sahələrinin olduğunu nəzərə alsaq, daha məqsədəuyğundur ki, dövlət əvvəllər işləmiş, hazırda fəaliyyəti dayanmış, yaxud zəifləmiş istehsal sahələrinin yenidən qurulmasına yardım etsin. Eyni zamanda, sahibkarlara güzəştli kreditlərin verilməsi mümkündür. Onlar bu kreditlərdən istifadə etməklə yeni istehsal sahələri qura bilərlər”.

Şəymən