"...Azərbaycan radikal addımlar ata bilər" - Deputatdan ismarıc






"Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi prinsipial mövqeyin arxasında Azərbaycanın iqtisadi, hərbi və siyasi qüdrəti dayanır”.

Bunu "Sherg.az”a Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında səsləndirdiyi fikirlərə münasibət bildirərkən "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, millət vəkili Hikmət Babaoğlu deyib. 

O vurğulayıb ki, Azərbaycanın mövqeyi beynəlxalq münasibətlərdə dəstəklənir:

"Dövlətimiz bu beynəlxalq mövqeyə çatmaq, nüfuzu qazanmaq üçün çoxsaylı və hərtərəfli siyasət həyata keçirib. Ona görə, bu gün Azərbaycan beynəlxalq münasibətlərin ən nüfuzlu aktorlarından birinə çevrilib. Şübhəsiz ki, burada Azərbaycanın müstəqil iqtisadi siyasəti mühüm rol oynayır. Çünki iqtisadiyyat müstəqil olmasa, siyasətdə müstəqillik olmur.

Ötən illər ərzində Azərbaycanda çox güclü hərbi sənaye yaradılıb. Bu gün Azərbaycanın həm regionda, həm də bütünlükdə dünyada nüfuzu yüksəlib. Ölkə başçısı vurğuladı ki, Ermənistanı bütün regional layihələrdən kənarda qoymuşuq. Düşmən işğalçı siyasətinə son qoyana qədər eyni vəziyyət davam edəcək. Düşünürəm ki, 2016-cı il aprel döyüşlərinin Ali Baş Komandan kimi müəllifi olan Prezident İlham Əliyevin dilindən belə fikirlər səsləndirilməsi ondan xəbər verir ki, lazım gələrsə, Azərbaycan radikal addımlar ata bilər.

2017-ci il intensiv danışıqlar ili kimi yadda qaldı. 2018-də də danışıqlar aparılacaq. Nəticənin əldə olunması üçün qətiyyətli addımlar atılır. Azərbaycan beynəlxalq təşkilatlardan və tərəfdarlarından haqlı mənafeyini müdafiə etməyi tələb edir. Çünki ölkə başçısı bəyan etdi ki, Azərbaycanın mövqeyinin müdafiə edilməsi, əslində haqqın, ədalətin dəstəklənməsidir”.

Qeyd edək ki, ölkə başçısı çıxışında beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin uğurla davam etdiriləcəyinə diqqət çəkib. Prezidentin qeyd edib ki, bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir:
"BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün bu aparıcı təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul edib. Beləliklə, münaqişənin həlli üçün siyasi əsaslar da qoyulub. Hüquqi əsaslar onsuz da var".

Aysel Aslan