NATO üzvü olan Türkiyənin formalaşmamış yeni birlikdə təmsil olunmaq həvəsi olmayacaq
"Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü gələn il Tehranda keçirilə
bilər”. Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib. XİN rəsmisi bildirib
ki, üçtərəfli zirvə görüşü ölkələr arasında münasibətlərin daha da inkişafına xidmət edir:
"Düşünürəm ki, bu görüşün tərkibi dəyişərək bir neçə ölkə prezidentinin iştirakı ilə təşkil oluna
bilər”.Qasımi əlavə edib ki, Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşünün vaxtı
və gündəliyi haqqında indidən danışmaq tezdir.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli deyib ki, İranın bütün niyyəti NATO əleyhinə hansısa format, təşkilat yaratmaqdır.Amma mövcud reallıqda bu, mümkün görünmür: "Konkret Azərbaycan, İran və Rusiya üçtərəfli görüşündə söhbət Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tikintisində razılığın əldə olunmasından və hər üç dövlət arasında ticarət əlaqələrinin genişlənməsindən gedəcək”.
Ekspertə görə, görüşün əvvəlki vaxtının təxirə salınması və gələn ilə keçirilməsi müəyyən
məqsədlərə xidmət edir:
"Nəzərdə tutulan üçtərəfli görüş Şimal-Cənub dəhlizinin tikintisinin başa çatacağı, xüsusilə Astara çayı üzərindəki körpünun və Məşhədə qədər olan dəmiryol xəttinin çəkilməsinin bitəcəyi dövrə təsadüf edir. Həmin vaxt tərəflər artıq tamamlanmış ŞimalCənub dəhlizinin açılışını elan edəcəklər. Ona görə də görüşün vaxtı dəqiq açıqlanmır. Hər şeytikintinin başa çatmasından asılıdır”. Q.Hüseynli bildirib ki, əgər iqtisadi xarakterli görüşlər siyasi məqsədlər güdəcəksə, müəyyən problemlərin, ziddiyyətlərin ortaya çıxmasına şərait yaradacaq: "İran və Rusiya həmişə xarici düşmən obrazı yaratmaq və bununla da daxili ictimai rəyi öz ətrafında səfərbər etmək məqsədi güdən addımlar atırlar. Belə bir ideologiya ilə geniş tərkibli beynəlxalq təşkilatlar yaratmaq asan deyil, hətta mümkünsüzdür. Üstəlik, RusiyaErmənistan birləşmiş hərbi kontingentinin yaradılması, Xəzər dənizinin statusu məsələsində
razılığın olmaması münasibətləri daha mürəkkəbləşdirir. Ən əsası isə İranın işğalçı Ermənistana
münasibəti tam aydın deyil. Fikrimcə, digər dövlətlərin sözügedən formata qoşulması da
inandırıcı görünmür. Xüsusən, NATO üzvü olan Türkiyənin formalaşmamış yeni birlikdə təmsil
olunmaq həvəsi olmayacaq. Orta Asiya ölkələrindən isə Türkmənistan bu formata meyl etmir və
müstəqil siyasət yeritməyə üstünlük verir. Özbəkistanın da başı prezident seçkilərinə qarışıb”.
İsmayıl