Alimləri heyrətləndirən kəşf: Çernobılda 40 il sonra təhlükəli qalıqlar aşkarlandı

Çernobıl faciəsindən təxminən 40 il keçməsinə baxmayaraq, ətrafa yayılan radioaktiv yanacaq hissəcikləri təhlükəli xüsusiyyətlərini qoruyub saxlayır.

Sherg.az xəbər verir ki, bu barədə Almaniyanın Hannover Leibniz Universiteti və Helmholtz-Zentrum Dresden-Rossendorf tədqiqatçılarının apardığı araşdırmada bildirilib.

Alimlər 1986-cı ildə baş verən nüvə qəzasından sonra ətrafa yayılan, ölçüləri 8–50 mikrometr arasında dəyişən altı radioaktiv hissəciyi araşdırıblar. Nəticələr bu hissəciklərin gözləniləndən daha davamlı olduğunu və daxili quruluşlarının onilliklər ərzində cüzi dəyişdiyini göstərib.

Tədqiqatçılar qeyd ediblər ki, bu qalıqlar radioaktiv maddələri uzun müddət ətraf mühitdə saxlaya bilər. Bununla belə, araşdırma onların yaratdığı sağlamlıq riskləri barədə qəti nəticə çıxarmağa imkan vermir. Alimlər təhlükənin miqyasını müəyyənləşdirmək üçün daha geniş tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.