Azərbaycan silah ixracatçısına çevrilib - Hərbi sənayenin inkişafı iqtisadi potensialımızın yüksək olmasından xəbər verir




Ölkəmizdə strateji əhəmiyyət kəsb edən müdafiə sənayesi məhsulları istehsal edən zavodların fəaliyyətə başlaması respublikamızın kompleks inkişaf yolunda qazandığı böyük nailiyyətdir. Demək olar ki, Azərbaycanda müdafiə sənayesinin inkişafı nəticədində Silahlı Qüvvələrimizin modernləşdirilməsi, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər naliyyətlər əldə edilib. Konkret olaraq ordumuz yeni texniki imkanlar əldə etməklə yanaşı, həm də müasir, dünyada təcrübədən çıxmış müharibə və döyüş taktikalarını da mənimsəyib. Bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü orduya malik ölkə statusunu daşıyır.

Ordumuzun güclənməsində təbii ki, Azərbaycanın ən müasir silahların istehsalını həyata keçirməsi də böyük rol oynayır. Bu gün 3-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi - ADEX-2018 öz işinə başlaması da silah sənayemizin inkişafının göstəricisidir.

Qeyd edək ki, ildən ilə ADEX sərgisinə marağın artması və yeni dövlətlırin, şirkətlərin qoşulması müşahidə olunur. Bu dəfə də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan silahların xarici ölkələrə satışı artırılıb. Sərgidə MSN-nin 260-dan artıq hərbi məmulatı nümayiş olunur. Bunula da Azərbaycanın müasir silah və texnikasının, eləcə də milli müdafiə kompleksinin imkanları nümayiş olunur. Müdafiə Sənayesi Nazirliyinin pavilyonunda yerli istehsal olan ən son silah və hərbi texnika nümayiş olunur. Burada, sərgini ziyarət edənlər ölkənin müdafiə sənayesinin yenilikləri, habelə Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan potensialı ilə yaxından tanış ola biləcəklər. Bundan başqa, bu il Azərbaycandan "Vitta" Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) və Hərbi Hava Qüvvələrinin Silah və zirehli texnikaya texniki baxış üzrə servis mərkəzi sərgidə ilk dəfə çıxış edirlər.

Həmçinin bu il "ADEX-2018" sərgisi dünyanın 29 ölkəsini təmsil edən 224 şirkəti bir araya gətirib və Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edib. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya, Türkiyə, Ukrayna və digər ölkələr ADEX 2018 sərgisində öz milli qrupları ilə çıxış edirlər. Bu il bir çox ölkə öz milli ekspozisiyasının sahəsini daha da genişləndirib. Belə ki, 2016-cı il ilə müqayisədə, Türkiyənin bron etdiyi ekspozisiya sahəsi 30 faiz daha böyükdür. Həmçinin iştirakçılar arasında Bolqarıstan, Çin, İtaliya, Litva, Niderland Krallığı və digər ölkələrin müdafiə sektorunu təmsil edən aparıcı şirkətlər yer alır. Sərgidə digər sektorlar ilə yanaşı, hərbi-aviasiya sənayesi sektoru da geniş təqdim olunur və bu sektorda MİQ, "Leonardo", ОАК, "Motor Siç", "Rusiya Vertolyotları" və "Aeronautics Group" kimi dünyaca məşhur korporasiya və şirkətlər iştirak edirlər. Bu isə o deməkdir ki, ölkəmizdə ordu quruculuğu ilə yanaşı, müdafiə sənayesinin inkişafı da diqqət mərkəzindədir.

Ekspertlər də Bakıda gerçəkləşən sərginin əhəmiyyətli olduğunu vurğulayırlar.
Ehtiyyatda olan polkovnik Şair Ramaldanov "Şərq”ə deyib ki, Azərbaycanın hərbi sənayesi cənab prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Polkovnik vurğulayıb ki, Azərbaycan hərbi sənaye baxımından böyük inkişaf yolu keçib: "Atıcı silahlar, optik cihazlar istehsal edirik. Hərbi sənayemiz bütün beynəlxalq sərgilər dəvət alır və bu sərgilərdə iştirak edir. Təsəvvür edin ki, artıq Azərbaycan bir sıra ölkələrə silah-sursat ixrac edir. Hərbi sənayenin inkişafı dövlətin iqtisadi potensialının yüksək olmasından xəbər verir. Hansı ölkələrdə ki, hərbi sənaye inkişaf edib, orada iqtisadiyyat və elm də inkişaf edib. Bu göstəricilər ölkəmizdə də mövcuddur”.

Ş.Ramaldanov qeyd edib ki, hərbi sənaye çoxşaxəli bir sahədir: "Bu, yüksək elmi potensial tələb edir. Hansı ki, bu gün bizdə bu potensial mövcuddur. Ölkəmizdə elekton cihazlardan tutmuş pilotsuz uçan aparatlara qədər istehsal olunur, artilleriya üçün mərmilər istehsal edilir. Bunlar çox vacib amillərdir. Unutmayaq ki, biz müharibə şəraitində olan bir ölkəyik. Bu baxımdan hərbi sənayenin inkişafı olduqca vacibdir. Hesab edirəm ki, Bakıda keçirilən sərgi Azərbaycanın hərbi sənayesinin inkişafı üçün əhəmiyyətlidir”.

Anar