Azərbaycan silkələndi...
İrandakı zəlzələnin bizdəki təkanlarla əlaqəsi yoxdur
Noyabrın 15-i gecə saatlarında Azərbaycan ərazisində zəlzələ baş verib. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ saat 23.48-də Ağdam rayonu ərazisində qeydə alınıb. 10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub. 25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.
Azərbaycanda baş verən zəlzələ Gürcüstanda hiss olunub. Gürcüstan-Azərbaycan sərhədində 4,9 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin gücü 5,9 bal olub. Zəlzələ Gürcüstan sərhədindən 171 kilometr aralıda, 10 km dərinlikdə qeydə alınıb. Yeraltı təkanlar Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Marneuli rayonunda da hiss olunub.
Bərdədə 3,2 bal gücündə zəlzələ baş verib
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 02:02:27-də Bərdə rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 3 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.
Bərdə Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, zəlzələ 100-ə yaxın evə ziyan vurub. Məcburi köçkünlərin məskunlaşdığı "Meşəçilik” massivində yaşayış evlərinə dəyən ziyanın aradan qaldırılması üçün iş aparılır. Həmin massivin ərazisində Laçından olan məcburi köçkünə məxsus bir ev tamamilə dağılıb.
Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb
Azərbaycanda qeydə alınan zəlzələ zamanı dəymiş ziyanın müəyyən olunması üçün xüsusi komissiya yaradılıb. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz Şabanovun verdiyi məlumata görə, baş verən zəlzələ nəticəsində Tərtər rayonunda 3 ev uçub: "Zəlzələ rayonun İsmayılbəyli və Evoğlu kəndlərinə daha çox ziyan vurub. Rayon ərazisində 9 evə ziyan dəyib, 3 ev isə dağılıb. Bundan başqa, bir tövlə tamamilə dağılıb və zəlzələ zamanı tövlədə heyvanları yemləyən kənd sakini dağıntılar altında qalaraq xəsarət alıb. Hələlik araşdırmalar davam edir. Böyük ehtimalla ziyan dəyən evlərin sayında artım olacaq”.
Tərtər rayon Fövqəladə Hallar Komissiyasının üzvü İlqar Musayev isə komissiya üzvlərinin rayonda araşdırmalara başladığını deyib: "İndiyədək 40-dan çox yaşayış evinə baxış keçirilib. Qazyan və Evoğlu kəndlərində 3 ev tamamilə qəzalı vəziyyətə düşdüyündən ev sakinləri mənzillərindən çıxarılıb”.
Ağdamda da 130-dan artıq evə ziyan dəyib
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov zəlzələ nəticəsində 130-dan artıq evə ziyan dəydiyini deyib: "İlkin məlumata görə, 132 ev, 1 məktəb binasında çatlar əmələ gəlib. Çəmənli kəndində 36, Əfətti kəndində 3, Zənguşalıda 1, Xındırıstanda 10, Quzanlıda 5, Üçoğlanda 4, Şərvənddə 5, 1-ci Dördyol qəsəbəsində 44 , Təzəkənd qəsəbəsində 1, Yeni Quzanlı qəsəbəsində 10, Baharlı qəsəbəsində 10, Təzəkənd kəndində 3 ev, 1 orta məktəbdə çatlar əmələ gəlib”.
Mingəçevirdə isə 77 yaşlı qadın həyəcandan infarkt keçirib, 15 yaşlı qızın ayaqları tutulub
Ölkə ərazisində baş verən zəlzələ nəticəsində Mingəçevir şəhərində 20 nəfər xəstəxanaya yerləşdirilib, yeniyetmə qızın qorxudan ayaqları tutulub. Baş verən zəlzələdən sonra Mingəçevir Şəhər Təcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib. Proses zəlzələ baş verən andan səhərə qədər davam edib. 71 nəfər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Stansiyanın növbətçi həkimi Rəhim Quliyev bu gün (dünən) saat 09:00-a qədər çağırışların sayının ikiqat artdığını deyib: "Müraciət edənlər arasında xəstəxanaya yerləşdirilənlər də var. İnsanlar zəlzələnin yaratdığı qorxu və şokdan narahatlıq keçiriblər. Bizə əsasən şəkər, təzyiq problemi olan xəstələr müraciət edib” . Zəlzələdən sonra Təcili Tibbi Yardım maşınları ilə 20-dən çox yerli sakin xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilənlər həyəcan və qorxudan şok keçirənlər olub. Zəlzələ zamanı şəhərin 20 Yanvar küçəsi, 35 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Zeynəb Məmmədova həyəcandan infarkt keçirib. Bir nəfər zəlzələ zamanı hündürmərtəbəli binanın 2-ci mərtəbəsindən özünü atıb və ağır bədən xəsarətləri alıb. Zəlzələ zamanı şəhərin 20 Yanvar küçəsi, 6 ünvanında yaşayan 15 yaşlı qızın ayaqları tutulub. Xəstəxanaya çatdırılanlara ilkin tibbi yardım göstərilib.
Hadisə ilə bağlı məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib ki, zəlzələnin proqnozunu əvvəlcədən vermək olmur: "Əvvəlcədən bir şey bilinir ki, Azərbaycanın ərazisi seysmik ərazidir və zəlzələ daim ola bilər”. O bildirib ki, noyabrın 15-də yerli vaxtla saat 23:48-də Ağdam ərazisində qeydə alınan 6 bal gücündə zəlzələnin avtoşokları hələ davam edir: "Avtoşoklar davam etdiyinə görə hələ onların sayını deyə bilmərik. Avtoşokların çoxu hiss olunmur, yəni 3 bala yaxın olur” (ölkə.az).
Mərkəz sözçüsü qeyd edib ki, zəlzələnin avtoşokları bir neçə gün, hətta bir ay da davam edə bilər: "Dünən olan zəlzələ güclü zəlzələdir. Amma dağıdıcı xarakterli zəlzələ deyildi. Tikinti qaydalarına riayət olunmayan tikililərdə dağıntı olması təbiidir. Azərbaycan seysmik zonada yerləşir, daim ölkə ərazisində təkanların olması normaldır”.
Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli isə zəlzələ baş verən ərazilərdə yeraltı təkanların hələ də davam etdiyini deyib. Mərkəz direktorunun sözlərinə görə, zəlzələdən sonra həmin ərazidə enerji boşalmaları gedir, ona görə yeraltı təkanların olması normaldır: "Episentrdə 30-dan çox avterşok qeydə alınıb. İlk dəfə baş verən güclü zəlzələdən sonra gecə saatlarında bir dəfə 3 bal gücündə zəlzələ hiss olunub. Digər yeraltı təkanlar zəif olub. Episentrin əvvəlki sakit vəziyyətinə qayıtması üçün enerji boşalmaları davam edəcək. Ancaq həmin ərazidə yenidən güclü zəlzələ təhlükəsi yoxdur”.
Q.Yetirmişli deyib ki, zəlzələ episentrində Seysmoloji Mərkəzin bölməsi yerləşir və ərazidə yoxlamalar həyata keçirilib: "Dağıntılar olmayıb. Ola bilsin, keyfiyyətsiz materiallardan tikilmiş evlərdə çatlar yaranıb, amma ciddi dağıntı yoxdur”. Bu yaxınlarda İranda baş verən zəlzələ ilə dünən Azərbaycan ərazisində baş verən zəlzələ arasında əlaqənin olub-olmadığı barədə suala cavabında Q.Yetirmişli bildirib ki, İranda baş verən güclü zəlzələnin dünənki zəlzələnin baş verməsinə heç bir təsiri olmayıb: "İrandakı zəlzələ Azərbaycandakı zəlzələ ilə geoloji quruluş və tektonik qırılmalar baxımından əlaqəli deyil”.
Qeyd edək ki, baş verən təbii fəlakət nəticəsində rayonlara dəyən ziyanın hesablanması üçün araşdırmalar aparılır.
Şəymən