Azərbaycan, Türkiyə və Gürcüstan hərbi əməkdaşlığı...





Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığa dair sənəd imzalanacaq. Bu məsələ İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Türkiyə və Gürcüstan müdafiə nazirləri arasındakı görüşdə müzakirə olunub.

Gürcü nazir L.İzorya bəyan edib ki, mayın sonunda 3 ölkənin müdafiə nazirlərinin Batumidə keçiriləcək görüşündə memorandum imzalanacaq. Sənəd müdafiə sahəsində regional əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcək: "Türkiyə müdafiə naziri ilə çox məhsuldar görüşümüz oldu. On gün sonra Batumidə nazirlərin görüşünü keçirməyi planlaşdırırıq. Azərbaycanın müdafiə naziri də həmin görüşə qatılacaq. Orada üçtərəfli əməkdaşlığımızın formatını geniş müzakirə edəcəyik və birgə sənəd imzalayacağıq”. 

Birgə əməkdaşlıqla bağlı "Şərq”ə açıqlama verən hərbi-ekspert Azad İsazadə deyib ki, vaxtı ilə Türkiyə, Gürcüstan və Azərbaycan neft-qaz borularını qorumaq üçün birgə hərbi təlimlər keçirirdi. Həmin təlimlər həm silahlı ordu birləşmələri, həm də təhlükəsizlik qüvvələrinin fəaliyyətini əhatə edirdi: 

"Hər üç ölkə arasında terrorçuluğa qarşı mübarizə ilə bağlı sıx əməkdaşlıq var. İmzalanması nəzərdə tutulan növbəti saziş həmin əməkdaşlığı daha da dərinləşdirəcək. Bu baxımdan, qeyri-sabit regionda üç ölkənin hərbi əməkdaşlığı olduqca mühümdür. Ölkələrin təhlükəsizliyini birgə təmin etmək üçün bu cür sazişlər böyük əhəmiyyət kəsb edir. Türkiyə NATO-nun ən güclü ordularındandır. Qardaş ölkənin istər terrorçuluqla mübarizədə, istərsə də regionda ümumi təhlükəsizlik baxımından böyük təcrübəsi var. Azərbaycan və Gürcüstan isə eyni problemlərlə, separatizmlə rastlaşıblar. Ona görə də üçtərəfli əməkdaşlıq müsbətdir”. 

Ekspertin fikrincə, bizə düşmən olan Ermənistan artıq hansısa hərbi bloka daxil olub. Deməli, Azərbaycan da özü üçün hərbi müttəfiq axtarmalıdır: "Ən yaxşı müttəfiqimiz Türkiyədir. Qardaş ölkə hər zaman bizim arxamızda dayanıb. Bu baxımdan, Türkiyə ilə Gürcüstanın da daxil olduğu hərbi əməkdaşlıq formalaşdırmaq faydalıdır”.

İsmayıl