"Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə 216 ilkə imza atıb" - Taleh Cəfərov

"Bu ilklərin hər biri barədə həm ölkədə, həm beynəlxalq aləmdə möhtəşəm tədbir keçirmək olar”





"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yaxşı bir filmin çəkilməsi vacibdir”.

Bunu "Sherg.az”a AXC-nin 100 illiyi ilə bağlı təkliflərini səsləndirərkən ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib. 

O vurğulayıb ki, Cümhuriyyət qurucularının məzarlarının ölkəyə gətirilməsinin tərəfdarıdır:

"Cümhuriyyətimizin 100 illiyini Ermənistan və Gürcüstandakı 100 illiklərdən daha möhtəşəm keçirməliyik. Bu il Azərbaycan parlamentinin yaranmasının da 100 illiyi qeyd ediləcək. Bununla bağlı Milli Məclisdə böyük bir tədbir keçirilə bilər. Avropa Parlament Assambleyasının üzvlərinin də bu tədbirdə iştirakı zəruridir.

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının da 100 illiyidir. 1918-ci il sentyabr ayının 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz-İslam ordusu Bakını azad edib. Sentyabrın 16-da Bakıda hərbi parad keçirilib. AXC-nin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürülüb. Bu baxımdan Ordu Günü bu il 16 sentyabrda keçirilsin, hərbi parad təşkil edilsin.

Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə 216 ilkə imza atıb. Bu ilklərin hər biri barədə həm ölkədə, həm beynəlxalq aləmdə mötəbər tədbir keçirmək olar. Bunbdan başqa Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması, Bakı Dövlət Universitetinə M.Ə.Rəsulzadənin adının qaytarılması, Kukla teatrı ilə üzbəüz parkda Rəsulzadənin heykəlinin ucaldılması daha yaxşı olardı".

Aysel Aslan