Azərbaycana ən təhlükəli təhdid hansı ölkədən gəlir? - AÇIQLAMA

Sülhəddin Əkbər: "Azərbaycan bu təhdidə qarşı lazımı səviyyədə qoruna bilsəydi, torpaqlarının 20 faizi 20 ildən artıq işğal altında qalmazdı"


"Azərbaycana qarşı xarici hərbi təhdidlərdən ən təhlükəlisi Rusiyadan gəlir”.

Bunu Sherg.az-a Azərbaycana qarşı xarici təhdidləri şərh edərkən MTN-nin keçmiş zabiti Sülhəddin Əkbər deyib. 

O bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi adlandırılan münaqişə Rusiyanın Ermənistanın vasitəsilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir:

"Bunun adını dəqiq qoymaq lazımdır, cəmiyyəti də aldatmaq düzgün deyil. Bu neoimperiyalist Rusiyanın oyuncaq, qondarma Ermənistan vasitəsilə Azərbaycan qarşı apardığı vəkalət müharibəsidir. Azərbaycana qarşı hərbi təhdid ilk növbədə Rusiyadan qaynaqlanır. Ermənistan burada yalnız vəkillik rolunu oynayır”.

Ölkəmizin xaricdən gələn təhdidlərə qarşı qorunmasına münasibət bildirən S.Əkbər deyib ki, Azərbaycan bu təhdidə qarşı lazımı səviyyədə qoruna bilsəydi, torpaqlarının 20 faizi 20 ildən artıq işğal altında qalmazdı:

"Azərbaycanın bu təhdidlərdən lazımı səviyyədə qorunmamağının ən ciddi sübutu torpaqlarımızın bu gün də işğal altında olmasıdır”.

Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən casus şəbəkəsinin ifşası ilə bağlı bəyanat verilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Mədət Quliyev bildirib ki, Azərbaycan çox təhlükəli bir məkanda, Qərbə Şərqin qovşağında yerləşdiyindən kənardan Azərbaycana qarşı hər cür təhdidlər var.

Aysel Aslan