Azərbaycanda 230 məhkum elektron qolbaq daşıyır

Onlar cəzalarını yaxınlarının yanında, ailə üzvləri ilə birgə keçirəcəklər



Məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi təcrübəsini öyrənmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərinin Baş Polis İdarəsinin təşəbbüsü ilə bu ölkənin məsul nümayəndəsi ölkəmizə səfər edib. O, Ədliyyə Nazirliyi Probasiya xidmətinin Elektron monitorinq mərkəzinin fəaliyyəti ilə tanış olub.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tanışlıq zamanı qonağa elektron nəzarət vasitələrinin texniki xüsusiyyətləri, monitorinq sistemi vasitəsilə əlaqə yaradılmaqla məhkumların izlənilməsi prosesi, onların üzərinə qoyulmuş məhdudiyyətlərin sistemdə əks olunması, mərkəzdə növbətçiliyin təşkili ilə bağlı ətraflı məlumat verilib, elektron nəzarət qurğuları, o cümlədən elektron qolbaqlar əyani nümayiş etdirilib, təqdimat keçirilib.

Qeyd olunub ki, ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. Həmçinin Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Elektron monitorinq mərkəzi fəaliyyət göstərir.

Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş, məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum olunmuş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə elektron qolbaqların tətbiq olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Artıq 230-dan çox məhkum elektron qolbaq daşıyır ki, onlar müvafiq cəzalarını çəkirlər və Elektron monitorinq mərkəzi tərəfindən onlara fasiləsiz təsirli nəzarət həyata keçirilir.
Dövlət başçısının qəti siyasi iradəsi sayəsində qısa müddətdə ölkəmizdə probasiya institutunun tətbiqinə nail olunub və artıq bu sahədə Azərbaycanın təcrübəsinə digər dövlətlər tərəfindən maraq göstərilir.

Probasiya xidmətinin fəaliyyəti barədə məlumatları böyük maraqla qarşılayan qonaq gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən faydalanmaq məqsədilə Birləşmiş Ərəb Əmirlikləri Baş Polis İdarəsinin nümayəndə heyətinin ölkəmizə səfər etmək niyyətində olduğunu bildirib.

Cinayət törədən şəxslərin elektron qolbaqlarla təmin olunması həmin cəzaların effektiv icrasına nəzarətin təşkilinə imkan yaradır. Bu tətbiqin Azərbaycan məhkumları üçün nə qədər əlverişli olub-olmaması məsələsinə ekspertlərin rəyini öyrəndik. Hüquq müdafiəçisi Səidə Qocamanlı məhbuslar üçün nəzərdə tutulan elektron qolbaqların Azərbaycana gətirilməsi məsələsinə münasibət bildirərkən bu təcrübənin müsbət tərəflərini qeyd etdi: "Bu təcrübə bir tərəfdən həbsxanalarda məhkumların sayını azaldacaq, digər tərəfdən də bu imkandan yararlanmaqla müəyyən səviyyədə onlara azadlıq fürsəti yaradacaq. Yəni bununla məhkumlar həm azadlığa buraxılmış olacaq, eyni zamanda da nəzarət altında qalaraq həmin qolbaqlar vasitəsilə normal həyata dönəcəklər. Fikrimcə, öz ailələrinə qayıda bilmələri, ünsiyyətdə ola bilmələri baxımından bu çox humanist bir addımdır. Hər halda elə cəza növləri var ki, məhkumlar ev dustaqlığı şəraitində də cəzalarını çəkə bilərlər. Yəni cəzaları yumşaldıla bilər. Cəzaçəkmə müəssisələrində elə məhkumlar var ki, onların törətdikləri cinayətləri yüngül bir cəza ilə dəyişdirmək mümkündür və bunun vaxtı artıq gəlib çatıb. Bu qolbaqların məhkumlara taxılması və onları nəzarətdə saxlaması həmin prosesin real göstəricisi ola bilər".

"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev də bəzi məhkumlara elektron qolbaqların verilməsinin müsbət tərəflərini qeyd edib. O bildirib ki, məhkumlara bu qolbaqlar təqdim olunarkən onların üzərinə düşən məsuliyyət və vəzifələr də izah olunur: 

"Məhkumların islah olunması prosesində elektron qolbaqların müsbət tərəflərindən biri də odur ki, onlar cəzalarını yaxınlarının yanında, ailə üzvləri ilə birgə keçirəcəklər. Bu, onların islah prosesinə təsir edə bilər. Burada şəxsiyyətin, ləyaqətin qorunması kimi psixoloji, həssas məqamlar var. Elektron qolbaq vasitəsilə ev şəraitində məhkumluğunu yaşayan şəxslər eyni zamanda cəmiyyətə qaytarılaraq sosial həyatlarında da sərbəst fəaliyyətlərini davam etdirə bilərlər ki, bu da onların həyata psixoloji baxımdan köklənməsi üçün pozitivlik yarada bilər. Bu gün dünyanın bir çox yerlərində bu təcrübədən istifadə müsbət nəticələrini göstərir. Qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycanda da bu proseslərin tətbiqi həyata keçirilməli idi".

Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, qolbaqların necə, hansı formada təqdim olunması və əgər elektron qolbağa kənar müdaxilə olarsa, hansı nəticələrə gətirib çıxaracağı haqda aydın kriteriyalar var:

"Bununla bərabər cəzaların icrasına nəzarət edən təchizat da, informasiya xidmətləri də konkret şəkildə müəyyənləşdirilib. Hüquqi məqamlar nəzərə alınıb və bunlar barədə elektron qolbağa sahib olan məhkuma öncədən məlumat verilir. Bu sahədə texnologiyanın inkişafı imkan verir ki, elektron sistem vasitəsilə proseslər nəzarətə götürülsün. Məhkumlar qolbaqlardan imtina edərlərsə, o halda cəzalarını cəzaçəkmə müəssisələrində daha sərt şəkildə çəkməsi prosedurunun mümkünlüyü də qaçılmazdır. Yəni məhkum qolbaqdan imtina edərsə, o zaman cəzasını cəzaçəkmə müəssisəsində çəkməyə məcburdur".

İlahə Əhmədqızı