Azərbaycanda demoqrafik problem yoxdur

Bu səbəbdən də ikili vətəndaşlığa razılıq verilməsi ilə bağlı ehtiyac yaranmır



Millət vəkili Rəfael Cəbrayılov Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi barədə təklif irəli sürüb.
Dünyanın bir sıra ölkəsində iki vətəndaşlığa icazə verildiyini vurğulayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov Azərbaycanın ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmədiyini deyib.

Millət vəkili hesab edir ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yararlanmalıdır. Bunun şəxsi fikri olduğunu vurğulayan millət vəkili deyib ki, biz Rusiyada yaşayan azərbaycanlıları nəyə görə ya Azərbaycanı, ya da Rusiyanı seçməsi üçün dilemma qarşısında qoymalıyıq? 

Bu gün Rusiyada, ABŞ-da və ya digər ölkələrdə yaşayan azərbaycanlı iş adamları var. Onlar nə üçün Azərbaycan vətəndaşı ola bilməsin? R.Cəbrayılovun fikrincə, ikili vətəndaşlığa pis baxılması keçmiş SSRİ dövründən qalan haldır: 

"Bilirsiniz ki, Sovet İttifaqı dövründə ikili vətəndaşlıqdan söhbət gedə bilməzdi. Həmin dövrdə ikili vətəndaşlıq məsələsi mütləq siyasətlə əlaqələndirilirdi. Ancaq bu gün vəziyyət tamam fərqlidir. Bu gün dünyada nəinki iqtisadiyyat, hətta idman da siyasətlə əlaqəlidir. Ona görə biz də qlobal dünyanın tələblərinə uyğun addımlar atmalıyıq. Ən azı çalışmalıyıq ki, Azərbaycan da ikili vətəndaşlığın imkanlarından yararlana bilsin. Daha xaricdə yaşayan soydaşlarımızı dilemma qarşısında qoymaq lazım deyil. Bu cür addımlar Azərbaycan vətəndaşlarının itirilməsinə gətirib çıxara bilər. Düşünürəm ki, bu da indiki vəziyyətdə Azərbaycanın mənafelərinə uyğun deyil".

Deputatın sözlərinə görə, ölkəmizdə ikili vətəndaşlığa icazə verilsə, ayrı-ayrı xarici ölkələrdə yaşayan və Azərbaycana bağlı olan insanlar bu imkandan yararlana biləcək: 

"Əks halda Azərbaycana bağlı və ya azərbaycanlı olan insanları dilemma qarşısında qoymuş oluruq. Yəni, biz həmin insanları ya Azərbaycan, ya da digər ölkənin vətəndaşı olmağa məcbur edirik. Yaxşı olardı ki, həmin insanlar yaşadıqları ölkələrin vətəndaşı olmaqla yanaşı, həm də Azərbaycan vətəndaşı olsunlar. Bunun üçün də mütləq Azərbaycan qanunvericiliyində dəyişiklik edilməlidir". İkili vətəndaşlığı qadağan edən analoji qanunun çox az ölkələrdə qüvvədə qaldığını vurğulayan deputatın fikrincə, bunlardan biri də Rusiyadır: "Təcrübə göstərir ki, qanunvericiliklə ikili vətəndaşlığa icazə verən ölkələr bu imkanlardan daha çox bəhrələnirlər. Azərbaycanda da buna imkan yaradılsa, ölkəmizə fayda verəcək".

İkili vətəndaşlıq məsələsi ilə bağlı beynəlxalq konvensiyaya ehtiyac olduğunu qeyd edən R.Cəbrayılov deyib ki, dünyada qloballaşma və inteqrasiya proseslərinin getdiyi vaxtda dünya ölkələrinin vətəndaşlıq haqqında qanunlarının bir-birinə uzlaşdırılması çox vacib məsələyə çevrilib. Bu gün dünyada elə ölkələr var ki, bir neçə vətəndaşlığa, elə ölkələr də var ki, Azərbaycan kimi yalnız tək vətəndaşlığa icazə verir. Bütün bunlara görə də bir çox ölkələrin vətəndaşlıq haqqında qanunları arasında toqquşma yaranır. Bir çox beynəlxalq konvensiyalar zaman-zaman tənzimləndiyi üçün hesab edirəm ki, bu sahədə də tənzimlənmələrə ehtiyac var (modern.az).

İkili vətəndaşlıq məsələsinin zaman-zaman gündəmə gətirildiyini vurğulayan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya üzrə ekspert Azər Allahverənov Sherg.az-a açıqlamasında deyib ki, məsələ tək ekspert dairələrində, KİV-lərdə deyil, siyasi dairələrdə də geniş müzakirə olunur:

"İkili vətəndaşlıq institutunu adətən demoqrafik böhranla üzləşən ölkələr qəbul edir. Belə dövlətlərin siyasi rəhbərliyi ikili vətəndaşlığa icazə verməklə seçki və ölkə üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərdə xaricdə yaşayan insanların, diasporanın da imkanlarından yararlanmaq istəyirlər. Azərbaycanda isə nə demoqrafik problem var, nə də siyasi proseslərdə xaricdəki potensial elektoratın səsini qazanmağa ehtiyac. Bu səbəbdən də ikili vətəndaşlığa razılıq verilməsi ilə bağlı ehtiyac yaranmır. Sözsüz ki, Azərbaycan hökuməti xaricdə yaşayan və diaspora fəaliyyəti ilə məşğul olan soydaşılarımızla bağlı geniş və əhatəli bir siyasət həyata keçirir".

Azərbaycanda bu məsələnin bir qədər həssas mövzu olduğunu vurğulayan ekspert hesab edir ki, bir qədər ehtiyatlı davranmaq lazımdır: 

"Bu məsələni gündəmə gətirənlər səbəb kimi xaricdə yaşayan soydaşlarımızla intensiv miqrasiya proseslərini əsas gətirirlər. Amma bu sahədə də ölkəmizdə ciddi bir problem yoxdur. Ölkə ərazisinə daxil olmaq istəyən əcnəbilər ASAN-viza vasitəsilə bu istəklərinə nail olurlar. Soydaşlarımızın ən çox gedib-gəldiyi ölkələr Gürcüstan, Ukrayna, Rusiyadır. Bu ölkələrlə Azərbaycan arasında viza rejimi yoxdur. Həmin ölkələrin vətəndaşları Azərbaycan ərazisinə maneəsiz daxil olub burada yaşaya bilərlər. Bu məsələdə qanunvericiliyimizin liberal olduğunu düşünürəm. 

Bu səbəbdən yaxın zamanda ikili vətəndaşlıqla bağlı müddəanın qanunvericiliyə əlavə olunmasına ehtiyac görmürəm. Azərbaycanın bugünkü şəraitində belə məsələlərə həssaslıq nümayiş etdirmək lazımdır. Azərbaycanın dövlət maraqları tələb edərsə, dəyişiklik edilməsi mümkün ola bilər. Lakin hələlik milli və dövlət maraqlarımız bunu tələb etmir. 

Yaxşı olar ki, belə bir təkliflə çıxış edən millət vəkilləri öz fikirlərini əsaslandırsınlar. Bəlkə onların arqumentləri daha ciddidir. Zəruri şərait, əlverişli mühit formalaşmadan ikili vətəndaşlıq məsələsi ilə bağlı bəyanatlar səsləndirmək absurddur".

Şəymən