"Amma bununla bərabər hökmən milli adlar təqdim olunmalıdır"
Statistik göstəricilərə görə, övladlarına dini şəxslərin adlarını qoyan ailələrin sayında artım müşahidə olunur. Valideynlər oğlan uşaqlarına daha çox Yusif, Əli, Hüseyn, qızlara isə Zəhra, Fatimə, Nuray adlarını qoymağa üstünlük verirlər. Azərbaycanda ailələrin islam dinindən gələn adlara meyl göstərməsini təhlükə hesab edən şəxslər valideynlərə daha çox milli adlara üstünlük verməyi tövsiyə edir.
Qeyd edək ki, sovet dövründə dini adlara tələbat bu qədər çox deyildi. Bu adlarla bağlı ailələrə müəyyən məhdudiyyət qoyulduğundan insanlar dinə bağlılığını belə gizlətmək məcburiyyətində qalırdı. Müstəqillik illərində isə SSRİ xofu aradan qalxdığı üçün insanlar dini ibadətlərini bərpa edib, islami adlara meyl etməyə başladılar. Dini adların çoxalmasını cəmiyyətdə dinin mövqeyinin güclənməsi kimi dəyərləndirən ziyalıların fikrincə, ailələrdə milli şüur, ləyaqət hissi elə güclü olmalıdır ki, onlar öz uşaqlarına öz adlarımızı versinlər. İddialara görə, şiə kimliyini, şiə düşüncəsini formalaşdırmaq, türk kimliyini arxa plana keçirmək üçün aparılan işlərdən biri də uşaqlara ərəb-fars adlarının qoyulmasını təşviq etməkdir. Ona görə də bu işdə ehtiyatlı olmaq, maarifləndirmə işlərini gücləndirmək lazımdır. Biz demirik ki, dini adların qoyulması yasaq edilsin. Sözsüz ki, uşaqlara Əli, Hüseyn, Fatimə, Zəhra adları qoyula bilər, ancaq bu adları statistikada ilk sıralarda yer alacaq qədər yayğınlaşdırmağa nə gərək var?!
Azərbaycanda dini adların artmasını təhlükə kimi qabartmağın yanlış olduğunu düşünənlər də var. Onlar dini ənənələrə bağlı adların yayılmasını insanların azad seçim imkanları ilə əlaqələndirir.
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının fikrincə, dini adları qadağan etmək olmaz, amma adlar üçün verilən siyahılarda milli adlar üstünlük təşkil etməlidir: "Bəzən də olur ki, ailədə yeni doğulan körpəyə biri öz anasının və ya atasının adını qoyur. O baxımdan da tarixən formalaşmış adlar var ki, hələ də yaşadılır. Bunları da qadağan etmək olmaz, amma bununla bərabər hökmən milli adlar təqdim olunmalıdır".
Sosioloq Cavid İmamoğlu isə hesab edir ki, Azərbaycanda dini adlara daha çox inanclı kəsim üstünlük verir:
"Sovet quruluşu dağıldıqdan sonra, Azərbaycanda islam dini populyarlaşmağa başlayanda bu prosesin tərkib hissəsi kimi insanlar uşaqlarına dini şəxsiyyətlərin adlarını verməyə, bununla da illərlə uzaq düşdükləri inanca qayıtdıqlarını bəyan etməyə çalışırdılar. Sonrakı illərdə bu, dəb halını aldı. Bununla belə, orta statistik azərbaycanlı da ənənəvi olaraq, bu cür adları münasib bilir. Bütün bunların kökündə həmin adların sahiblərinə qarşı insanların rəğbəti durur. Yəni hər hansı bir dini şəxsiyyətə hörməti olmayan adam uşağına onun adının qoyulmasına imkan verməz. Bu, birmənalıdır".
İslam dininin özündə də bu cür adların qoyulması ilə bağlı xüsusi göstərişlər olduğunu vurğulayan sosioloq deyib ki, bu adları qoymaq dinin şüarlarını yaşatmaq anlamına gəlir: "Dinin şüarlarını yaşatmaqdan biri uşaqlara gözəl adlar qoymaqdır. Bəzi qruplar bu cür adların qoyulmasını ərəbləşmək kimi şərh edirlər. Bu cür yanaşmaq doğru deyil. İslam dini ilə ərəbləşmək arasında fərq qoya bilmək lazımdır. O adlar ərəb adları olduğu üçün yox, islam dininin öndə gedən şəxsiyyətlərinin adları olduğu üçün gözəl adlar hesab olunur".
C.İmamoğlunun sözlərinə görə, uşaqlarına dini ad qoyan ailələrin bir hissəsi heç dinin şərtlərinə əməl etmir:
"Bununla sanki o insanlar islam dininə daxillərindəki rəğbətlərini büruzə vermiş olurlar. İstənilən halda uşaqlarına dini adlar qoyan insanların böyük əksəriyyəti bunu dinə xoş münasibətdən edir. Yəni peyğəmbərləri, imamları qəbul etməyən ateist düşüncəli bir insanın övladlarına dini adlar qoyması az hallarda rast gəlinə bilər. Azərbaycan əhalisinin əksər hissəsi islam dininə inanır və bu ölkədə Yusif, Əli, Məhəmməd, Zəhra kimi adların geniş yayılması təəccüblü olmamalıdır".
Bu prosesi süni şəkildə idarə etməyin mümkün olmadığını deyən sosioloqun fikrincə, sadəcə dilçilər, ədəbiyyatçılar dövriyyəyə yeni adlar çıxara bilərlər. Bu, adların rəngarəng seçimini nisbətən təmin edə bilər. Amma köklü halda dəyişiklik yaratmayacaq.
Şəymən