Azərbaycanda rus dilini təbliğ etmək düşmənçilikdir
Uşaq bağçası, orta məktəb, ali məktəb sırf Azərbaycan dilində tədris olunmalıdır
Son günlər mediada və sosial şəbəkələrdə rus dilində danışmaq, təhsil almaq, dünyaya bu dillə çıxmaq məsələləri geniş müzakirə olunmaqdadır. Bir sıra ictimaiyyət nümayəndələri, deputatlar, politoloqlar hesab edirlər ki, cəmiyyətin inkişafına yalnız rus dilini mənimsəməklə nail olmaq mümkündür. Onların fikrincə, məktəblərdə rus dilinin tədrisinə xüsusi önəm verilməlidir.
Şübhəsiz ki, istənilən əcnəbi dilin öyrənilməsi və öyrədilməsi vacib amildir. Bu gün rus, ingilis və digər xarici dilləri üstünlük qazanmaq üçün övladlarına öyrətmək istəyənlər çoxdur. Ancaq təəssüflər olsun ki, müəyyən kəsim rus dilində danışmağı daha çox elitar cəmiyyət arasında savad nümayişi kimi başa düşür.
Onlar ana dilimizdə danışmağı özlərinə ar bilirlər, dilimizi aşağılayırlar. Məlumdur ki, Azərbaycan uzun müddət rus dilinin təsiri altında qalıb. Bunun təsirindən müstəqillik qazandıqdan sonra çıxa bilmişik. Amma görünən odur ki, hələ təsir altında qalanlar kifayət qədərdir. Bu baxımdan əksəriyyət rus dili söhbətini təhlükəli kampaniya sayır və buna qarşı tədbir görülməsini tələb edirlər.
SSRİ tarixinin araşdırmaçısı, tanınmış jurnalist Xaqani Səfəroğlu "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda rus dilində təhsil almaq trendinin ən azı 200 illik tarixi var. Onun sözlərinə görə, torpaqlarımız Rusiya imperiyasının tabeliyinə keçdikdən sonra bu ərazilərdə təhsilin formatı ciddi müzakirə mövzusu olub:
"Buna qədər ərəb və fars dilində mollaxana məktəbləri var idi və ilk təhsil burada əldə edilirdi. Çar imperiyası özü üçün yerli məmur təbəqəsi yetişdirmək üçün rus təhsil sisteminin qurulmasını vacib sayırdı. Odur ki, 19-cu əsrdə Avropa elmlərini təlim edən "üsuli-cədid”, rus-tatar məktəbləri formalaşmağa başladı. Rus hökuməti də buna dəstək verirdi. Bakı Rus imperiyasının neft sənaye mərkəzinə çevriləndən sonra şəhər əhalisinin böyük hissəsini gəlmə ruslar, ermənilər təşkil edirdi. Rus dili təhsili məhz həmin periodda öz yerini möhkəmləndirdi. Çar imperiyası Bakı, Gəncə, Lənkəran və digər əhəmiyyətli ərazilərdə də bu siyasəti aparırdı”.
Araşdırmaçı bildirib ki, sovet hökuməti də həmin təhsil trendini saxladı:
"Rus dilində təhsil verməkdə məqsəd SSRİ məkanında rus dilinin dominantlığına nail olmaq idi. O zaman iki dilli təhsil ona görə cazibədar idi ki, karyera yüksəlişində böyük əhəmiyyət daşıyırdı. SSRİ qapalı məkan idi və orada yaşayan bütün insanlar vahid ölkənin vətəndaşları sayılırdı. Bir şəxs Lənkəranda doğulub Leninqradda oxumaq istəyirdisə, hökmən rus dilini bilməli idi. Bakıda isə rus dilinin trend olması şəhər əhalisinin əhmiyyətli kəsiminin beynəlmiləl xarakterli olması idi. Bakının son 100 illik urbanizasiyasında rus dili kökünü saxlaya bilib. Bunun obyektiv və subyektiv səbəbləri var və bəzilərinə toxundum. Amma deyim ki, 50-ci illərin sonundan başlayaraq, uşaqların əsasən ana dilli məktəblərdə oxuması üçün siyasi cəhdlər olub. Mərhum Mirzə İbrahimovun Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında qərarı, 60-cı illərdən başlayaraq, yeni milli-maarifçilik nəslinin formalaşması rus dilində təhsil almaq istəyinə müəyyən qədər çəpər yarada bildi”.
X.Səfəroğlu vurğulayıb ki, son 25 ilin siyasi dəyişiklikləri Bakının əhali təbəqəsində ciddi dəyişiklik yaradıb:
"Bakıya rayonlardan, işğal olunmuş torpaqlardan, Ermənistandan gəlmiş çoxsaylı insanlar Azərbaycan dilində təhsili ən üst trendə çevirə bilib. Çünki dil ailədən gələn bir məsələdir. Ömrü boyu ana dilində danışmış adamların çox az hissəsi uşaqlarını rus məktəbinə qoymaq istəyəcəklər. Bundan başqa, təhsilin səviyyəsi burada vacib detallardan biridir. Azərbaycanın təhsil sahəsində problemlər, milli təhsil bazasında olan çatışmazlıqlar və savadlı kadrların azlığı əcnəbi dildə oxumaq həvəsini yaradan səbəblərdir. Mən, milli təhsil sistemində əsas ana dilinə üstünlük verilməsinin tərəfdarıyam. Məncə, öz dövlətində karyera yüksəlişi üçün ana dilində təhsil almaq zərurəti artdıqca, əcnəbi dildə təhsil almaq istəyi də arxa plana keçəcək. Bu, zamanla bağlı məsələdir. Əcnəbi dildə karyera qurmağın mümkün olmadığını hiss edəndə artıq valideynlər uşaqlarını rus dilində oxutmayacaqlar. Xarici dil öyrənməklə uşaqlıqdan əcnəbi dildə təhsil almaq fərqli məsələdir. Uşaqların 2 dili bilməsi əla və perspektiv üçün böyük imkanlar açan fürsətdir”.
AMEA-nın aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, türkoloq Faiq Ələkbərli də "Şərq”ə bildirib ki, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin dünyaya rus dili, ya da ingilis dili ilə çıxması kökündən yanlış fikirdir:
"Əlbəttə, elm adamları rus dilini, ingilis dilini və başqa dilləri öyrənməlidir. Ancaq Azərbaycan təhsil sistemində rus və ingilis dillərinin geniş təbliğatının aparılmasına qarşıyam. Hər bir millətin övladları ilk növbədə, öz ana dilində təhsil almalı, bu dildə düşünməli və yazmalıdır. Əgər bir millətin aydını öz ana dilində düşünüb, yazmırsa, deməli, düşündüyü və yazdığı dilin təsiri altında olacaq. İstisna hallarda başqa dildə düşünən və yazanların geriyə dönüş etdiyini görmüşük. Bu anlamda türk xalqlarının ünsiyyət və yazı dili türk dili olmalıdır. Təəssüflər olsun ki, bu gün türk dövlətlərinin başçıları, alimləri, ziyalıları bir araya gələndə əsasən, ortaq dil kimi rus ya da ingilis dilindən istifadə edirlər. Bu cür hallara son qoymağın yeganə üsulu ortaq türk dilinin sürətlə formalaşdırlması və tətbiq edilməsidir. Əks təqdirdə dünyaya rus, ingilis, çin, fransız dilində çıxıb-çıxmamaqla bağlı məsələlər davam edəcək. İstənilən dilin türk xalqları arasında təbliğatı işimizin əleyhinədir. Bizim yeganə yolumuz - "türk dilini dünya dili halına gətirməkdir”.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev Rusiya kabusunun başımızın üzərində dolaşdığını deyib. Ekspertə görə, ziyalılarımız yayılan təhlükəni önləməkdən ötrü etiraz və arqumentlərini ortaya qoymalıdırlar:
"Rusiya tərəfindən genişmiqyaslı psixoloji hücum dövlətimizin Ali orqanı olan Milli Məclisin kürsülərindən edilməyə başlanılıb. Arif Rəhimzadə və Araz Əlizadə heç bir səbəb və əsas olmadan qəflətən Rusiyameyilli mövqe sərgiləməyə başlayıblar. Bundan başqa, sosial şəbəkədə bir sıra ruspərəst tanınmışlar da bu kampaniyaya qoşulublar”. Politoloq onu da vurğulayıb ki, Azərbaycan rus dilinə olan münasibətə və fəaliyyət göstərən rusdilli məktəblərin sayına görə keçmiş sovet respublikaları sırasında öncüllərdəndir: "Mövcud vəziyyətdə heç kim Azərbaycanı rusofobiyada ittiham edə bilməz. Əgər belə bir qəsd olarsa, demək, həmin şəxslər qərəzli və məqsədlidir. Bu adamların məqsədlərindən ən başlıcası isə milli kimliyimiz olan türkçülüyümüzə hücum etmək və can dostumuz, qardaşımız Türkiyəyə qarşı çirkin təbliğat aparmaqdır. Rusiyanın Azərbaycana qarşı təşkil etdiyi bu psixoloji hücumların arxasında məkrli planların dayandığı şübhəsizdir”.
Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da bildirib ki, məktəb ana dilində olmalıdır. Eks deputatın sözünə görə, rus dilini təbliğ etmək Azərbaycana düşmənlikdir: "Uşaq bağçası, orta məktəb, ali məktəb sırf Azərbaycan dilində tədris olunmalıdır. Rus dili bölmələrinin sayını artırırlar, rus dilini təbliğ edirlər. Çıxıb deyirlər ki, "kim rus dilinə xor baxırsa, mən də ona xor baxıram”. Bu, utanmazlıq, tərbiyəsizlik, düşüncəsizlikdir”. S.Rüstəmxanlının sözlərinə görə, rus dilini təbliğ edənlər yarımçıq insanlardır: "Hər millətin öz dili var. Ona görə də övladlarımız ana dilində oxumalıdır. Sonra qonşuların dilini kim nə qədər istəyir öyrənsin. Öz dilini bilmədən başqa dilləri öyrənmək insanı yarımçıq edir. İndi bu cür yarımçıqlar, rus dilində təhsil alanlar, ana dilinə qarşı hücum təşkil ediblər. Ayıbdır. Bu adamların mövqeləri düşmən mövqeyindən seçilmir”.
İsmayıl