"Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah”





Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqın sosial rifah halının yüksəldilməsi ulu öndər Heydər Əliyevin əsas məqsədlərindən biri olub. Heydər Əliyevin fəaliyyətində sosialyönümlü iqtisadiyyatın formalaşdırılması başlıca strategiya kimi müəyyən edilib. Ümumilli liderin inkişaf strategiyasını yeni çalarlarla zənginləşdirib, davam etdirən Prezident İlham Əliyevin praqmatizmə söykənən rasional siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha intensiv xarakter daşımağa başlayıb. Bu mənada ölkə vətəndaşlarının rifahı və sosial müdafiə sistemi ilbəil nəzərəçarpacaq dərəcədə güclənir. Dövlət sosial siyasətinin əsas istiqamətləri sırasında aztəminatlı vətəndaşların, o cümlədən əlillərin sosial müdafiəsinin təşkil edilməsi mühüm yer tutur. Həmçinin yoxsul ailələrin sosial reabilitasiyası, onlar üçün özünütəminetmə imkanlarının yaradılması əsas hədəflərdən biridir. Bununla yanaşı Prezident ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və Qarabağ müharibəsi əlillərinə davamlı diqqət və qayğı göstərir.

Şəhid ailələri ilə bağlı mühüm fərman...

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir.

Qeyd edək ki, siyahılara əsasən vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ olan şəhid hərbi qulluqçuların sayı 9531 nəfərdir. Bu məqsədlə 2018-ci il üçün 58 mln. manat, 2019-cu il üçün isə 50 mln. manat ayrılıb. Bu günə olan tarixə birdəfəlik ödəmə verilməsi barədə Komissiya tərəfindən qərar qəbul edilərək 750 şəhidin 1035 vərəsəsinə birdəfəlik ödəmə verilib. Bundan əlavə, 13 dekabr 2018-cı il tarixdə daha 1115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib.

Müharibə əlilləri və şəhid ailələrinə mənzillər paylanılır

Eyni zamanda vurğulamaq yerinə düşər ki, əlavə olaraq, şəhid ailələrinə və müharibə əlillərinə daim diqqət göstərilir. 01.10.2018-ci il tarixinə kimi şəhid ailələrinə və əlilliyi olanlara 6 063 mənzil paylanılıb. Onlardan 5,6 mini şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib. 2018-ci ildə 583 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. Artıq 01.08.2018-də Qaradağ rayonunda 35 mənzil verilib. 13 dekabr 2018- ci il tarixində ƏƏSMN tərəfindən Abşeron rayonunda 145 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edildi. Ümumən bu ilin sonuna kimi Bakı və Abşeronda 391 mənzil satın alınaraq bu kateqoriyadan olan insalara paylanılacaq. Bundan başqa, 2018-ci ilin sonuna kimi regionlarda 90 mənzil istifadəyə veriləcək. Belə ki, bu məqsədlə İmişlidə 54 mənzildən ibarət 6 mərtəbəli yaşayış binası, Şamaxıda isə 36 mənzildən ibarət 4 mərtəbəli yaşayış binası inşa olunub. 2018-ci ildə regionlarda 67 fərdi evin inşası başa çatdırılacaq. Qalan və ilin sonunadək 548 mənzil və fərdi ev paylanılacaq.

Müharibə əlillərinə avtomobillər hədiyyə olunur

Həmçinin diqqətə çatdırmaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb.
Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 2018-ci ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb.

Belə ki, 01.11.2018-ci il tarixə kimi müharibə əlillərinə 6 144 avtomobil (Cari ildə 265 avtomobil verilib) paylanılıb.

Müharibə əlillərinin aylıq təqaüdü artıb

Müharibə əlillərinə verilən Prezidentin aylıq təqaüdünə gəlincə, qeyd edək ki, I qrup müharibə əlillərinin aylıq təqüdü 182 AZN, II qrup 158 AZN, III qrup isə 121 AZN-ə qədər yüksəlib. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət də alır. Bundan əlavə müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət verilir. İl ərzində dövlət vəsaiti hesabına 1,8-2 min nəfər müharibə əlilinə protez-ortopedik xidmət göstərilir. Onlara orta hesabla 6500-7000 reabilitasiya vasitəsi (əlil arabası, eşitmə aparatı, ortopedik ayaqqabı və digər) verilir. Qarabağ müharibəsi əlillərinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Şəhid ailələrinə Prezident təqaüdü verilir və bir çox güzəştlər olunur

Bundan əlavə xatırladaq ki, şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması istiqamətində də ciddi əməli addmlar atılıb.

Şəhid ailələrinə 242 AZN aylıq Prezident təqaüdü ödənilir. Əmək pensiyasına hər ay əlavə vəsait ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir. Şəhid ailələrinin uşaqları dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə və şəhid ailəsi üzvünə ƏƏSMN tərəfindən sanator-kurort putyovkası və istirahət göndərişləri verilir. Özünəməşğulluq proqramına 2018-ci ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) cəlb olunub. Milli Qəhrəmanlara (və ya həlak olanların ailələrinə) aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 AZN əlavə edilir.

Bu, Prezidentin şəhid ailələrinə olan qayğısının bariz nümunəsidir

Bu kateqoriyadan olan insanlara göstərilən diqqətin ilbəil artdığını söyləyən millət vəkili Aydın Hüseynov söyləyib ki, şəhid vərəsələrinə 11 min manat ödəmənin verilməsi ölkə başçısının Azərbaycan vətəndaşlarına, məxsusi olaraq şəhid ailələrinə olan qayğısının bariz nümunəsidir:

"Prezident çox yüksək humanizm nümayiş etdirərək belə bir fərman imzalayıb və tam əminəm ki, haqqı çatan hər kəsə bu vəsait veriləcək. Heç kim diqqətdən kənarda qalmayacaq. Doğrudan da cənab Prezident şəhid ailələri, Qarabağ qazilərinin sosial və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atır. Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın aprel döyüşçülərinə, eləcə də digər qazilərə göstərdiyi diqqət və qayğı da ortadadır. Eyni zamanda Prezident bütün çıxışlarında məmurlardan şəhid ailələrinə, qazilərə həssas və diqqətli yanaşmalarını tələb edir".
Deputat onu da əlavə edib ki, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir: "Təkcə bir faktı qeyd edək ki, şəhid ailələrinə, müharibə əlillərinə fərdi ev, mənzil və avtomobillər hədiyyə edilir. Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Əminəm ki, müstəqil Azərbaycan yaşadıqca bu addımlar davam edəcək”.

Əlillərin, şəhid ailələrinin sosial müdafiəsi gücləndirilir

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov da qeyd edib ki, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək dəyərləndirilir:

"Preizdentin qərarları şəhid ailələrinin, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. Azərbaycanda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək qayğı göstərilir. Bu siyasətin əsası isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderimiz tərəfindən 1994-cü il avqust ayının 26-da imzalanan "Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında" fərman müharibə əlillərinin sosial ehtiyaclarının ödənməsi istiqamətində atılan ilk addım oldu. Həmin fərmanın imzalanması ilə müharibə iştirakçılarının, əlillərin sosial müdafiəsini gücləndirmək məqsədilə tədbirlərə start verildi. Bu gün bu siyasət yeni mərhələyə qədəm qoyub. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir".

Ölkə başçısı yüzlərlə ailəyə sevinc bəxş etdi

Polkovnik həmçinin vurğulayıb ki, ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlili və şəhid ailələri mənzillə təmin edilib:

"Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb. Prezident şəhid vərəsələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi ilə bağlı müvafiq fərman verdi. Prezidentin bu fərmanı yüzlərlə ailəyə sevinc bəxş etdi".

ƏƏSMN qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir

Ölkə başçısının bu humanist addımını müsbət dəyərləndirən millət vəkili Hadi Rəcəbli qeyd edib ki, cənab Prezident 2007-ci ildə birdəfəlik ödəməni 11 min manata çatdırıb: "Prezidentin şəhid ailələrinə göstədiyi həssasiyyət göz qabağındadır. Şəhid ailələrinə mənzillər də verilir. Qarabağ döyüşlərində iştirak etmiş əlillərin müavinəti başqa qrup əlildən iki dəfə çoxdur. Beləliklə, aydınca müşahidə olunur ki, şəhid ailələrinə, Qarabağ qazilərinə Prezidentin xüsusi diqqət və qayğısı var. Onu da nəzərinizə çatdırım ki, əhalinin sosial müdafiəsinə yönəlmiş tədbirlərin icrasında əsas vasitəçi orqan kimi çıxış edən ƏƏSMN qarşıya qoyulan vəzifələrin öhdəsindən uğurla gəlir".

Şəhidin həyat yoldaşı: Cənab Prezidentə təşəkkür edirəm"

11 min manat birdəfəlik ödəməni alan 1993-cü ildə şəhidlik zirvəsinə ucalmış Şəmkir rayon sakini Alıyev Məzahir Həsən oğlunun həyat yoldaşı Alıyeva Faiqə Qəhrəman qızı bu nəcib addıma görə dövlət başçısına minnətdarlıq ifadə edib:

"Dövlət başçımızın bu addımı qürurvericidir. Hər zaman olduğu kimi yenə ölkə başçısı xalqı düşünüb, şəhid ailələrinə yardım edib. Cənab prezident bizi mənzillə də təmin edib. Hər ay 142 manatlıq yardım alırıq. Ölkə başçımız çox sağ olsun. Allah Prezidentimizi Azərbaycan xalqının başının üstündən əskik etməsin. Bu 11 min manat sosial şəraitimizə çox yaxşı təsir göstərdi. Sanki belə bir qərar verməklə ölkə başçısı əlimizdən tutdu. 26 ildir cənab Prezident bizə qayğı göstərir. Ailəmin adından, öz adımdan cənab prezidentə təşəkkür edirəm".

Şəhid anası: "Allah ölkəmizin başçısını qorusun !"

11 min manat birdəfəlik ödəməni alan 1992-ci ildə şəhid olmuş Bərdə sakini Nəcəfov Natiq Yunis oğlunun anası Nəcəfova Nuriyyə Balaca qızı da bu mühüm addımına görə Allahdan ölkə başçısına uzun ömür, möhkəm can sağlığı diləyib: "Prezidentin şəhid ailələrini daim diqqətdə saxlaması çox müsbət haldır. Səhhətimdəki problemlərin müalicəsi və sosial şəraitimizin yaxşılaşması baxımından bu 11 min manat bizə böyük dəstəkdir. Bu addım insanlarımızda vətənpərvərlik hissini daha da gücləndirir. Hər kəs görür ki, vətəni qoruyanlar heç zaman diqqətdən kənarda qalmırlar. Gənc nəsil də bu dəstəyin şahidi olur. Bunun özü insanlarda vətənpərvərlik ruhunu, əsgərlərimizin döyüş əzmini daha da artırır. Bu humanist addıma görə Prezidentə və ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya təşəkkür edirəm. Allah Prezidentimizi qorusun!".

Ayyət Əhməd

Yazı "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.