"Qeyri-neft sektorunda xüsusi çəkiyə sahib olan bu sahəni gücləndirmək üçün mümkün variantlara əl atılmalıdır"
"Şərab qaldıqca bahalaşan bir məhsuldur. Əgər dövlət bu istiqamətdə nəzarətini gücləndirib sahibkarlara kömək etsə, sahibkarların ziyana uğramasının qarşısını almaq olar"
Üzümçülük ölkəmizdə sürətlə inkişaf edən təsərrüfat sahələrindən olsa da, üzümçülər dövlətin üzümçülüyə daha çox diqqət ayırmasını arzulayırlar.
Məhsuldarlığın bol olduğunu deyən təsərrüfat sahibləri, orta hesabla, 1 hadan 25-30 tona yaxın məhsul götürdüklərini deyirlər. İstəkləri isə odur ki, dövlət tərəfindən onlara müəyyən köməkliklər olunsun, kreditlər ayrılsın ki, təsərrüfat işi ilə məşğul olan sahibkarlar da kənd təsərrüfatının inkişafına öz dəstəyini verib yeni iş yerləri yaratsınlar.
Məhsul bol olsa da sahibkarlar qiymətin ucuz olduğundan, məhsullarını xarici bazarlara çıxara bilmədiklərindən gileylənirlər. Ölkəmizdə yetişdirilən üzümlərin hamısını ölkə əhalisinin almaq iqtidarında olmadığını vurğulayan üzümçülərin ən böyük problemi məhsulu xaricə çıxarmaqdır. Ötən ilə qədər məhsullarının Rusiya bazarlarına aparıldığını qeyd edən sahibkarlar deyib ki, bu il nəqliyyat və gömrük xərcləri çox olduğuna görə bu işlə məşğul olan şəxslər xaricə mal apara bilmir. Onların fikrincə, xaricə mal çıxarılmasındakı süni əngəllər aradan qaldırılmazsa, yaxın illərdə sahibkarlar üzüm sahələrini doğrayacaq, daha heç kim bu məhsulu becərmək istəməyəcək.
Iqtisadçı-ekspert Fuad İbrahimli isə "Şərq”ə açıqlamasında deyib ki, mövcud problemlərin həlli üçün bazar münasibətlərinin mexanizmləri həyata keçirilməlidir:
"Bizim kənd təsərrüfatı sahəsindəki problemlər sadəcə gömrük rüsumları, bürokratik əngəllərlə bitmir. İki gün sonra məhsulun xarici bazara çıxışını təmin etmək üçün gömrükdəki süni əngəllər aradan qaldırılsa belə yeni problemlər ortaya çıxacaq”.
Ekspert hesab edir ki, ən məqsədəuyğun variant sənədləşmə mexanizmini ASAN Xidmətə həvalə etməkdir: "Faktiki olaraq bu model özünü doğruldub. İllərlə xarici pasport almaq, şəxsiyyət vəsiqəsini dəyişmək üçün növbəyə dayanırdıq. Adi bir arayış üçün belə saatlarla kiminsə qapısında gözləməli olurduq. İş saatı konkret şəxslərin kefinə görə təyin edilirdi. Ancaq son illər bu problemlərin hamısı aradan qaldırılıb. Həmin mexanizm burada da tətbiq olunsa, kənd təsərrüfatı sahəsindəki mövcud problemlər aradan qalxar”.
F.İbrahimlinin sözlərinə görə, üzümçülüklə bağlı problemlərin həllinə nail olmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Gömrükdəki əngəllər götürülsə belə Rusiya bazarı da təhlükəlidir: "3 gün sonra Rusiya dövləti bazarlarla bağlı elə bir mexanizm tətbiq edər ki, yenə də bizim sahibkarlara məhsulu xaricə satmaq sərf etməz. Biz alternativ variantlar üzərində çalışmalıyıq. Burada isə söhbət məhsulun sonrakı emalından, yəni şərabçılığın inkişafından gedir. Şərab qaldıqca bahalaşan bir məhsuldur. Əgər dövlət bu istiqamətdə nəzarətini gücləndirib sahibkarlara kömək etsə, sahibkarların ziyana uğramasının qarşısını almaq olar”.
Sovet dövründə Azərbaycanda üzümçülüyün inkişaf etmiş sahələrdən biri olduğunu vurğulayan ekspert deyib ki, Qorbaçovun yeritdiyi siyasət nəticəsində hamısı məhv oldu: "Yenidən bu sahədə inkişaf prosesinə başlanılıb. Qeyri-neft sektorunda xüsusi çəkiyə sahib olan bu sahəni gücləndirmək üçün mümkün variantlara əl atılmalıdır”.
Şəymən