"Azərbaycanın mənfi imicini formalaşdırmaqda maraqlıdırlar” - Deputat




"Xarici ölkə mətbuatı vaxtaşırı neqativ məlumat yaymaqda, Azərbaycanın mənfi imicini formalaşdırmaqda maraqlıdırlar”.

Bunu Sherg.az-a Soros fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org” portalında 15 may tarixində dərc olunan məqalədə ölkəmizə qarşı qərəzli məlumatların yer almasına münasibət bildirərkən millət vəkili Aydın Mirzəzadə deyib. 

O bildirib ki, hazırda uğurlu şəkildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi həmin dairələrin öz xislətinə uyğun olaraq hərəkət etməsinə səbəb olur:

"Avropa saytlarının birində də bu məqsədlə İslam Həmrəyliyi oyunları barədə qərəzli məlumatlar yerləşdirilir. Xarici KİV-də Azərbaycandakı dinlə bağlı real vəziyyət təhrif olunur. Azərbaycanda məscidlər dövlət hesabına təmir edilir, ödənişsiz təbii qazla təchiz edilir, tək islam dini deyil, digər dinlərin də sərbəst fəaliyyəti üçün şərait yaradılır. Məhz bu uğurlardır ki, İslam Həmrəyliyi Oyunları Komitəsi IV olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə qərar verdi. 54 ölkənin nümayəndəsi bu gün Azərbaycanda medallar uğrunda mübarizə aparır. Bu müddət ərzində onların heç biri Azərbaycanda İslam dininə soyuq münasibətlə bağlı hər hansı fikir səsləndirməyib.

Məscidlər açıqdır, insanlar özünün ibadətlərindədirlər. Hər hansı problemdən söhbət gedə bilməz. Əgər axtarılsa, həmin məqalənin arxasında duranların ilk növbədə erməni diaspor təşkilatları, Azərbaycanda dini sabitliyin pozulmasında maraqlı qüvvələrin olduğunu deyə bilərik. Birmənalı şəkildə Azərbaycan multikultural mədəniyyətlərin daim dialoqda olduğu, dini inanclı insanlara hörmətlə yanaşılan ölkə kimi tanına bilər. İslam Həmrəyliyi Oyunları Azərbaycanın dövlət kimi inkişafını, idmana olan böyük qayğı, insanların sosial problemlərinin həllində dövlətin gördüyü işlərin təzahürü ölkəmizi İslam dünyasının dəyərli üzvü kimi xarakterizə edir”.

Qeyd edək ki, Soros fondu tərəfindən maliyyələşdirilən "eurasianet.org” portalında 15 may tarixində Joşua Kuçeranın müəllifi olduğu "İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkəmizin dünyəvilik ənənələri və İslam Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkəmizdə məscidlərin dağıdıldığını iddia edib.

Bununla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 17 may tarixində "eurasianet.org” portalında cavab məqaləsi ilə çıxış edib.

O, Joşua Kuçeranın məqaləsində ölkəmizdə dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkəmizdəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.

Ayyət Əhməd