Azərbaycanlı vegetarianlar...

Ətsiz, südsüz yaşayanların həqiqətlərini həkimlər də qəbul etmir


Gündəlik qida rasionumuzun ən vacib qidalarından biri də ət və ət məhsullarıdır. Tərkibindəki
yüksək proteinlə seçilən və güc mənbəyi olan bu qidalar olmadan bir çoxlarımız süfrə başına
oturmuruq. Lakin müəyyən bir insan təbəqəsi var ki, onlar ümumiyyətlə, ət məhsullarına yaxın
durmurlar. Ət, balıq, hin heyvanları, süd və süd məhsulları, yumurta kimi məhsulları qəbul
etməyən bu insanlar vegeterianlar adlandırılırlar. "Vegetarian” sözünün mənası latıncadan
tərcümədə "sağlam, gümrah, möhkəm” deməkdir. Deməli, vegetarian olmaq ruhi və fiziki
cəhətdən inkişaf etmək deməkdir. Vegetarianlıq sadəcə pəhriz demək deyil. Bu, həm fəlsəfi, həm
də mənəvi cəhətdən harmonik həyat tərzidir.

Vegetarianlar "əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər
cəmiyyət barədə düşünməli” həqiqətini anlamış insanlardır. Bu həyat tərzi insanlığın din və
təbiət qarşısındakı məsuliyyətindən əmələ gəlib. Yaranma səbəbi kimi qurban edilməyə qarşı
çıxma, heyvan haqları və dini dünyagörüşü amilləri qeyd olunur. Tarixi araşdırmalar göstərir ki,
vegetarianlığın yaranması bu səbəblərin məhz üçüncüsü ilə, yəni dini dünyagörüşü ilə bağlıdır.

Mütəxəssislər onların sağlıqlarında problemlər olacağını da istisna etmirlər

Qədim insanlar hansısa bir heyvanı o qəbilənin qoruyucusu kimi seçir, ona tapınır və həmin
heyvanın ətini yeməkdən imtina edirlərmiş. Yalnız ilin özəl bir günündə insanlar bu heyvanın
ətindən az miqdarda yeyirlərmiş. Bu da ibadət xarakterli olub, həmin heyvandan güc almaq,
onun kimi güclü olmaq məqsədi daşıyırmış. Zaman keçdikcə, bəşəriyyət təkamül etdikcə, bu tip
inanclar tədricən aradan getməyə başlayır. Ət yeməməzlik isə əxlaqi bir keyfiyyət kimi müxtəlif
ilkin fəlsəfi məktəblər, avtoritetlər vasitəsi ilə nəsildən-nəslə ötürülərək davam edir.
Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz
həqiqət axtarışlarının sonunda vegetarian olublar.

Yaranma səbəbi nə olursa olsun, bu bir faktdır ki, bu gün vegetarian həyat tərzi yaşayan bir çox
insan var və bu insanlar öz yaşam tərzlərinin üstün, faydalı və gözəl olmasını iddia edirlər.
Vegetarianlıq ət məhsullarını sevən insanlar tərəfindən ibtidai insanların batil inanclarının bir
təzahürü kimi qəbul olunsa da, araşdırmalar vegetarianların daha uzun ömür yaşadıqlarından
yanadır. Amma mütəxəssislər onların sağlıqlarında problemlər olacağını da istisna etmirlər.

Onlarda dəmir azlığı və B12 əksikliyindən anemiya baş qaldırır

Xərçəng xəstəliyi vegetarianlarda daha az rast gəlinir. Heyvanlara verilən hormonal dərmanlar,
antibiotiklər, kimyəvi qidalar ətin tərkibinin dəyişməsinə səbəb olur və bu da xərçəng
xəstəliyinin yaranmasına yol açır. Çox tez-tez rastlaşılan ürək-damar xəstəliyi də vegetarianlarda
daha az rast gəlinir.

Amma onlarda da ətdə, süddə və yumurtada olan B12, protein, kalsium və sink kimi bir çox qida
mineralları qəbul etməməsi problemlər yaradır. Bu, hamilələrə və kiçik yaşlı uşaqlara daha çox
təhlükə yaradır. Onlarda dəmir azlığı və B12 əksikliyindən anemiya baş qaldırır. Buna görə də
vegetarianlar tez-tez qanlarının analizlərini verməli və bir çox vitaminlər qəbul etməlidirlər.
Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng
xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki,vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng
xəstəliklərinin 97 faizinin qarşısı alınır.

Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas
səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan
xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz
növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Adi müşahidələr
göstərir ki, vegetarianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhsevər və şən olurlar. Güclü
intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki
orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair
maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet
sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük
verirlər. Qeyd edək ki, Azərbaycanda da sağlam qidalanmaya maraq son illər artıb və vegetarian
mətbəxinə üstünlük verənlərin sayı çoxalıb.

Tərkibindəki protein, yağlar, vitaminlər və minerallara görə ət əvəzolunmaz qida məhsuludur

"Şərq”ə açıqlama verən dietoloq-həkim Lalə Cəfərli isə vegetarianlığın insan ömrünü uzatması
ilə bağlı araşdırmaların reallığa uyğun olmadığını deyib: "Sözün açığı, pasiyentlərim arasında
vegetarianlar olmayıb. Onlarla bağlı elə bir araşdırma aparmadığım üçün Azərbaycanda
vegetarianların sayının artması ilə bağlı da dəqiq bir şey deyə bilmərəm. Amma bir həkim
olaraq, insanlara vegetarianlıqdan uzaq olmağı məsləhət görürəm. İnsan orqanizminə lazım
olan müəyyən qidalar var ki, biz bu tələbatı ancaq ət məhsulları yeməklə ödəyə bilərik. Xüsusi
ilə də tərkibindəki protein, yağlar, vitaminlər və minerallara görə ət əvəzolunmaz qida
məhsuludur”. Yaş ötdükcə vegetarianlığın müəyyən xəstəliklərə səbəb olduğunu vurğulayan
dietoloqun sözlərinə görə, ət məhsullarından istifadə etməyən insanların daha çox yaşaması ilə
bağlı deyilənlər əsassızdır: "Davamlı vegetarian qidalanan insanda ət və süddə olan çox
əhəmiyyətli elementlər çatışmır və bu da sonda müxtəlif xəstəliklərə yol açır. Hər qidanın
tərkibində özünəməxsus mikroelementlər var ki, onların da hər birinin özünəməxsus əhəmiyyəti
var. Ət məhsullarında E və C vitaminləri olduqca yüksəkdir”.

Vegetarianlığın psixoloji məsələ olduğunu vurğulayan Lalə xanımın sözlərinə görə, normal
halda heç bir insan axşam yatıb, səhər "mən vegetarianam” demir: 
"Birdən-birə ət və ət məhsullarından imtina edən insan mütləq psixoloji travma alıb.
Həkim-dietoloq Ləman Süleymanova isə vegetarianların əsasən, 2 qrupa bölündüklərini deyib:
"Bunlardan birinci qrup vegetarianlar ət, balıq, toyuq, süd və süd məhsullarından istifadə
etmirlər. İkinci qrup isə daha sərtdirlər. Bu qrup veqanlar adlanır və veqanlar qeyd etdiyim
qidalarla bərabər tərkibində heyvansal yağ olan qidalardan da uzaq dururlar. Yarı vegetarianlar
da mövcuddur ki, onlar ya qırmızı ət, ya balıq, ya yumurta yemirlər. Yəni konkret bir qidadan
imtina edirlər”.

Həyatı sadəcə, ət və süd üzərində qurmaq da düzgün deyil 

Dietoloqun sözlərinə görə, vegetarian olmaq, bəzi qidadan imtina etmək elə də qorxulu deyil:
"Həyatı sadəcə, ət və süd üzərində qurmaq da düzgün deyil. Doğrudur, bu cür qidalarda E və C
vitaminləri olduqca yüksəkdir, lakin ən çox ölümə səbəb olan ürək-damar xəstəlikləri
baxımından vegetarian olmaq böyük bir üstünlükdür. Bundan əlavə, vegetarianlarda köklük və
diş çürümələri az-az baş verən hallardır”.

Vegetarianlığın düzgün qidalanmadığı halda böyük riskə yol aça biləcəyindən danışan
L.Süleymanova deyib ki, məlumatsız halda qidadan imtina insan orqanizminə çox ziyandır:
"Normal planlaşdırılmamış bir vegetarianın qida rasionunda böyük miqdarda F, B12, protein,
kalsium, sink kimi maddələr əskik olur ki, bu da insan orqanizmi üçün təhlükəlidir. Əsasənuşaqlar, hamilələr üçün təhlükəli olan vegetarianlıqda elə qidalar qəbul olunmalıdır ki, süd və
süd məhsullarının, ağ və qırmızı ətin yerini əvəzləsin. Bəhməz, zeytun, quru üzüm, bol tərəvəz,
paxlalar, meyvələr daha çox qəbul edilməlidir. B12-nin qaynağı ət məhsullarıdır. Gündəlik
protein ehtiyacı kişilərdə 60-70 qram, qadınlarda 45-50 qram olmalıdır. Bunun bərpası vitamin
qəbulu ilə də bərpa oluna bilər”.

Vegetarianlıq ətsiz və südsüz rahat həyatdır

Dietoloqun sözlərinə görə, vegetarianlıq insanın kefinin istəməsi ilə bağlı bir hal deyil: "İnsan öz
istəyi ilə "bu gündən vegetarianam” deyib vegetarian ola bilməz. Bir müddət buna cəhd edər,
lakin zamanla bədən əvvəl alışdığı qidaları tələb edər. Vegetarianlıq insan beyni ilə birbaşa
bağlıdır. Vegetarianlıq ətsiz və südsüz rahat həyatdır. Özünü vegetarianlığa məcbur edənlər isə
həqiqi vegetarian deyil. Bunun altında başqa səbəblər durur. Ya pəhriz, ya xəstəlikdən qorunma
və s”.

Vegetarianlarda halsızlıq, yorğunluq, saç tökülməsi, dəri strukturasının pozulması, dırnaqlarının
qırılması və tez-tez xəstələnmələr müşahidə olunursa, həkimə müraciət etmək mütləqdir: "Bu cür
halları özbaşına buraxmaqlarını qətiyyən məsləhət görmürəm. Həkimə müraciət edilsin. Həkim
bədəndə çatmayan fermentləri dərmanla da olsa bərpa etsin. Vegetarianlıq sağlam həyat tərzi ola
bilər, o halda ki, bu, həyati təhlükəyə çevrilməsin”.

Şəymən